II. Oxuda Diksiya.
Diksiya hər bir sözün aydın, dəqiq tələffüz olunmasını tələb edir. Diksiyanın normallığı nitq aparatının quruluşundan və onun işinin düzgün təşkilindən asılıdır. Bəzən uşaq qarmaqarışıq, dalğın nitqə malik olur. Sürətlə danışarkən bəzi sözləri aydın tələffüz edə bilmir, şəkilçiləri buraxır, tələffüzcə yaxın səslərlə qarışdırır. Belə hallarda dilin, dodaqların, alt çənənin və arxa damağın elastikliyi, mütəhərrikliyi təmin edilməlidir.
Normal diksiyanı təmin etmək üçün ayrı – ayrı səslərin artikulyasiyası, tələffüzünə görə yaxın səslərin (b- p, v-f, q – ğ, q – k, d- t, j –ş, s –ş, z –s və s. ) müxtəlif səs birləşmələrinin ( krt, kst, kşt, kft, qko, fku, qke, şti və s.), hecaların tələffüzü üzrə məşqlər təşkil olunmalıdır.
Diksiyanın normallaşdırmaq məqsədilə fonetikanı yaxşı öyrətmək, xorla tələffüz və xor oxutmaqdan istifadə etmək də məsləhət görülür. Kəkələmə, pəltəklik, tıntınlıq olan uşaqlarla fərdi iş aparılmalı, dodaqların ləng tərpənməsi, damaqların sıxılması, dilin ağır hərəkət etməsi, tələsiklik hallarına yol verilməməlidir. Çalışmaq lazımdır ki, şagirdlərin diksiyaları aydın, səlis olsun.
Dostları ilə paylaş: |