Klassik poeziyada, adətən, hər bir misrada fikir tam və ya qismən tamamlanır. Oxucu hər bir sətrin axrında dayanır. Belə şerlərdə ritmi gözləmək də asan olur.
Bəzən fikir iki və ya üç misrada tamamlanır:
İnsan insanla,
Dosta inamla,
Yaşar dünyada.
Dostluğun gücü,
Qüdrəti vardır.
Həmdəmi, dostu
Olan insanın
Qəlbi bahardır.
(İ.Tapdıq)
Bəzən yeni fikir misranın ortasında başlanır:
Evimizdə\ mən hamıdan
Çox sevirəm / nənəmi//.
Qış gecəsi / dizi üstə/
Oturdaraq / o məni/
Heç yorulmur. // Şirin – şirin/
Gah o mənə / mahnı deyir/,
Gah ceyrandan danışır//.
(G.Fəzli)
Bu parçada «Qış gecəsi dizi üstə oturdaraq o məni heç yorulmur» cümləsi üç misrada verilmişdir, lakin kiçik fasilələrlə birnəfəsə oxunur.