4. Oxuda “nitq texnikası” anlayışı və onun əhatə sahələri
1. 1.OXU MATERİALLARININ TEMATİKASI:
İfadəli oxu vərdişlərinə yiyələnməyin əhəmiyyəti.
İbtidai siniflərdə oxunun mühüm keyfiyyətlərindən biri onun ifadəliliyidir. Oxunun ifadəliliyi həm anlamanın dərinləşdirilməsi, həm də emosiyanın, təxəyyülün inkişafı, estetik zövqün tərbiyəsi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Parlaq, ifadəli oxu uşaqların diqqətini qavramalı olduqları başlıca fikrə cəlb edir, məzmunu tam aydın, obrazlı şəkildə çatdırır. İfadəli oxu prosesində oxucu əsərin ideya məzmununa daxil olmaqla obrazların, lövhələrin xarakter xüsusiyyətlərini açmalı, hadisələrə, qəhrəmanların hərəkətlərinə, daxili aləminə, müəllifin münasibətini, hisslərini dəqiq göstərməlidir. Yalnız bu zaman oxucu dinləyicini öz arxasına apara, bədii söz vasitələri dinləyiciyə təsir göstərə, onda səmimi hisslər oyada bilər.
İbtidai siniflərdə şagirdlərin ifadəli oxu üzrə ilkin vərdişlərə yiyələnmələri müəllimin özünün bu vərdişə nə dərəcədə yiyələnməsindən, şagirdlərə necə nümunə olmasından asılıdır. Müəllim oxuyacağı əsərin ideya məzmunu üzərində düşünməli, yazıçının nə demək istədiyini bilməli, oxuyarkən hadisənin iştirakçısı kimi hərəkət etməlidir. Müəllim yaradıcı təsəvvürün köməyi ilə oxuduğunu «görməli » və şagirdlərə də «göstərməyə» çalışmalıdır. O, məzmuna və formaya uyğun olaraq oxumağı bacarmalıdır.