Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,04 Mb.
səhifə10/31
tarix27.12.2017
ölçüsü2,04 Mb.
#36095
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

Eşşək yolun soluna, çayın qırağına çıxıb otları, qurumuş, toz basmış qart yarpızları qırpırdı.

– Bir ora bax, özgə vaxt bəyənmirik. Suyu gör necə ustuplu içir. Deyirəm ay qardaş, Allah niyə məni də beləcə qanmaz bir heyvan yaratmayıb? O eşşək kimi işləyirik, yük çəkirik, döyülürük, söyülürük, yenə dözürük. Eh, insan olmaq da bir köpəkoğluluq deyilmiş.

– Elə demə. İnsan yer üzünün əşrəfidi. Ziyarətə gedirsən. O yuxarıdakı kişinin xoşuna gəlməz.

– Bu sözü elə yuxarıdakı kişi dedirdir də. Biz hamımız onun iradəsindən asılı deyilikmi?

Salman qalxıb xaraba dəyirmana getdi. Əlində bir bağlama ilə qayıtdı.

– Al, götür.

– Allah sənə uzun ömür əta eləsin.

Bu vaxt lağımın ağzından zəncirləri cingildəyən məxluq özünü çaya atdı. Elə bil meşənin min bir ətri çəkildi. Salman tez özünü çaya tərəf atdı. Bığlarından çapara oxşayan adam quduz it dəymiş kimi özünü ordakı daşlara, sel gətirmiş kötüklərə sürtürdü. Cibo Səfər iki barmağı ilə burnunu sıxıb Salmana dedi:

– Bu da yer üzünün əşrəfi insan. Boğazacan, yox lap təpəsinə kimi zibilin içindədi.

– O insandı bəyəm? Biz insandan danışdıq.

Cibo Səfər gördü ki, xaraba dəyirmandan da adamlar çıxır. Eşşəyini minib sürə-sürə Salmana dedi:

– Salamat qal.

Gün əyiləndə, axşam namazının vaxtı çatanda Cibo Səfər eşşəyi saxlayıb düşdü. Heyvanı otlamağa buraxdı, özü də canamazını çıxarıb açdı, palçıq möhürünü qara dəsmalın ortasına qoydu. Çayda dəstəmaz aldı, qayıdıb üzünü qibləyə tutdu, əllərini göyə qaldırdı.

Günortadan bəri Cibo Səfəri bir ac canavar izləyirdi. Cibo Səfərlə işi yox idi, tamahından qotur, kor uzunqulaq keçirdi. İndi əlinə girəvə düşmüşdü. İnsanın əyilib qalxdığını görüb kolluqdan çıxdı, uzunqulağa tərəf cumdu. Eşşək də canavarı görüb anqıra-anqıra ona tərəf götürüldü. Elə bil canavarı yox, çoxdan bu dünyadan köçmüş anasını görmüşdü. Canavarla uzunqulaq üz-üzə gəldilər və...

Cibo Səfər bunu hiss elədi. Amma namazını yarımçıq qoyub batin eləmək fikrinə düşmədi. Amma dili namazın duasını vird eləsə də ürəyində ayrı şey deyirdi: “Ey ulu tanrı, axı mən sənə nə pislik eləmişəm? Nə də eləyə bilərəm? Əlimdən nə gəlir ki. Bir yazıq adamam, var-dövlətdən vur-tut bir ulağım vardı. Dedim onun köməyilə müqəddəs yerlərə gedib çıxaram. Səni ziyarət eləyərəm. Geri qayıtmağa onsuz da ümidim yox idi. Ölüb qarışacaqdım qurban olduqlarımın torpağına. Axırıncı ümidimi-pənahımı da əlimdən aldın. O yırtıcı canavar sənə məndən əziz oldu? Kimə danışsam, deyəcəklər bəs tanrı səni imtahana çəkir, sınayır, görsün sən onun yolundan dönməyəcəksən? Dönüb neyləyəsiyəm, dönməyib neyləyəsiyəm. Tanrı bu dünyada mənə cənnəti də göstərib, cəhənnəmi də. Cənnəti beş gün görmüşəmsə, elə ömrümün hamısı cəhənnəmdə keçib. İkisinə də dözmüşəm. Hər ikisinə də mənim bu pis sifətim öyrəşib. Mən bu dünyada da, o dünyada da dəvəsi ölmüş ərəbəm”.

Dədə bəy yoldan keçirdi. Canavarın uzunqulağı parçalamasını da, cır-cındırlı kişinin namazını batin elədiyini də görürdü. Alapaçanı saxlayıb tamaşa eləyirdi.

Cibo Səfər canamazını yığışdırıb qalxanda Alapaçanı onun yanına sürdü.

– Axşamın xeyir, müsəlman qardaş.

– Hər vaxtın xeyir.

– Bu nə işdi sənin başına gəldi?

Cibo Səfər altdan yuxarı padşah görkəmli adama baxdı. Ürəyindən keçirtdi: “Tanrı mənnən gizlənpaç oynayır. Bu gələn ya Əzrayıldı, ya Cəbrayıldı. Ayrısı ola bilməz. Ziyarət yerinə çatmağa heç bir ümid yoxdu. Ömrüm də eşşəyimin ömrü kimi burada tamammış. Elə yaxşı oldu, heç olmasa sözümü deyərəm”.

– Bura bax; ağam məni barmağına dolayıb?

Dədə bəy onun sözünə təəccüb elədi.

– Ağan kimdi?

– Ağanı mən sənə tanıdacam? Mənnən çox zillət çəkən yox. Bu günnən onun ziyarətinə gedirəm. Xoşuna gəlmirəm, alsın canımı. Xoşuna gəlirəmsə, qoysun adam kimi gedim ziyarətimi eləyim. Mən onnan tay-tuş ola bilmərəm. Mənnən niyə gizlənpaç oynayır?

Dədə bəy onu indi başa düşdü.

– Şükür elə. Ağam bir yandan bağlayanda, bir yandan açır. Məni sənin köməyinə yetirib. Bəlkə də xeyir elə bundadı.

Cibo Səfər yəqin elədi ki, bu elə Əzrayılın özüdü. Üzünü qibləyə çevirdi.

– Əşədü la illəha illəllah, əşədü Məhəmmədin Rəsul illah, əşədü... hə, al canımı nə gözdüyürsən. Yoxsa öləndə də mənə əzab verəcəksən.

Dədə bəyi gülmək tutdu:

– A kişi, əstəğfürullah de. Mən Əzrayıl deyiləm. Qalx, gedək. Mənə qonaqsan.

O, altdan yuxarı baxdı, inanmadı ki, bu padşah görkəmli adam onu qonaq aparır.

“Sənin birliyinə inanmayan namərddi. Olubsan, varsan, olacaqsan”. – dedi. Canavarın uzunqulağı parçaladığı tərəfə getdi.

– Hara belə?

– Çarıqlarımı axtarıram. Canavar onları da yeməyibsə, götürüm. Qonağı ayaqyalın aparmayacaqsan ha.

Dədə bəy Alapaçanı sürüb onun qabağını kəsdi.

– Əlini bəri ver görüm.

– Cibo Səfərin əli Dədə bəyin iri əllərinin arasında yoxa çıxanda o artıq atın tərkindəydi.

– Məndən bərk yapış, qorxursansa gözlərini yum.

“Yox, bu nə Əzrayıldı, nə də Cəbrayıl. Dirilik suyunun sahibi Xızr peyğəmbərdi. O kişidi mənim kimi darda qalanların köməyi. O kişidi günahsızların pənahı”. Bu fikirləri deyəndə gözlərini yummuşdu və fikir onu aparmışdı. Həm yollar yorğunuydu, həm də öz-özünə danışmağın aşinası. Alapaçanın da yorğa yerişi onu yırğaladı. Fikrəmi getdi, yuxumu gördü, bir də eşitdi ki, “Xızr peyğəmbər” ona deyir:

– Çatdıq.

Gözlərini açdı. Bir güclü əl onu götürüb yerə qoydu. Gördü ki, ətrafında beş-altı qurdboğan, boynu xaltalı it var ki, hər biri bayaqkı canavarın beşini bir göz qırpımında parçalayar. Amma heç biri hürmür, ona toxunmur, bəlkə də bir az mehriban baxırlar.

– Çəkilin, – deyən kimi itlərin hərəsi çəkilib bir tərəfə getdi. Onun qabağında cavan, nazik bığlı bir oğlan dayandı.

– Dədə, bu kimdi?

– Qonaq. Allahın ən əziz bəndəsi. Paltar gətir, elə geyindir ki, bəy balası kimi.

Bayaqdı Mustafa Cibo Səfəri götürdü. Gözünü açanda özünü yaşıl əbanın içində gördü. Dəvə rəngli yun parçadan şalvar, qara məstlər. Özünə baxdı, gözünü yenə göylərə qaldırdı.

– Ey tanrı, sənə inanmayana min lə’nət.

Qaranlıq düşmüşdü. Dədə bəy Cibo Səfərlə alaçıqda üz-üzə oturmuşdular. Aralarında saxsı çıraq yanır, hərəsinin kölgəsini iki dəfə böyüdüb arxa tərəfə salırdı.

– Deyirsən Şamaxıdansan?

– Hə, başına dönüm. Olmusanmı?

Dədə bəy Şeyx Heydərlə Şamaxıya getmiş, şəhəri tutmuşdu da. Amma boynuna almadı.

– Görməmişəm. Deyillər gözəl şəhərdi. Yaxşı bazarı var.

– Kiminə cənnətdi, kiminə cəhənnəm.

– Nə iş görürdün?

– Sənətkaram. Bu çıraqlardan düzəldirdim. – O çırağı götürdü, baxdı. Barmağını çırağın altına sürtdü, – mənim çırağımdı. Mən düzəltmişəm.

– Yaxşı çıraqdı. Mən bunu Ərdəbildən almışam... Yaxşı, Səfər kişi, niyə bu kökdəsən?

– Eh, ay bəy, aləmi bəzər, özü lüt gəzər deyiblər. Şamaxı bazarında dükanım vardı. O qoca ulaqla gedib gil gətirirdim, çıraq düzəldirdim, ocaqda bişirirdim. Satırdım. Usta da çox idi, çıraq da. Qiyməti də bir şey deyil. Uşaqlarım da çox idi. On bir uşaq. Dükanımın yanında ev tikmişdim. Güc-bəla ilə dolandırırdım. Zəlzələ, bəy, zəlzələ Allahın elə bir bəlasıdı ki, ondan yaxa qurtarmaq da çətin işdi. On bir uşaq da, arvad da, sonsuz bacım da evin altında qaldılar. Bir gün qazdım, meyitlərini çıxartdım. Gecə yarısı zəlzələ başlamışdı. Mən çıraq bişirirdim. Ayaq üstəydim. Gördüm divarlar laxladı, özümü atdım çölə. Yer nənniyə dönmüşdü. Özümü evə çatdırana qədər neçə yerdə yıxıldım, durdum. Evi görmədim. Divarlar balalarımın üstünə yatmışdı. Dəli kimi oldum, havalandım. Səhərə qədər qazdım. Bütün şəhər yerlə-yeksan olmuşdu. Səhər baxdım ki, Gülüstan qalasına heç nə olmayıb. Dili qurtlu kimi dedim ki, bəs zəlzələ də varlıyla kasıbı ayırır. Onun bir daşı düşməyib, bizim bir daşımız daş üstündə qalmayıb. Tez qaçıb şəhər rəisinin ovcuna qoydular. Balalarımı torpağa tapşırmamış, özümü zindana saldılar. Yalan demişəm, ay başına dönüm? Düz söz yerimir də. Başıma min oyun, müsibət açdılar.

– Şirvanşah Fərrux Yasar hələ durur?

– Ona nə olasıdı ki, zülmü də ərşi əladadı, Allahın yanında hörməti də ondan bir baş da hündürdədi. Bu Ərdəbildən Şeyx Heydər gəlmişdi. Camaat, yə’ni mənim kimi kasıb-kusub dedi ki, bu dəfə haqqına əncam çəkəllər. Qaçdı gizləndi qalada. Ona nə olacaqdı ki, yenə mənim kimi kasıb-kusub başını, qolunu, qıçını verdi.

Dədə bəy gördü ki, Səfər elə onlara lazım olan adamdı. Gələcəkdə işlər görə bilər. Öz yanında saxlamağa qərar verdi. Hələ Hüseyn Lələ bəyin deməyinə görə o tərəflərə yenə də səfərə gedəcəklər. Onda bu adamın onlara köməyi dəyə bilərdi.

– Qoçaq adamsan. Allah səndən üz döndərib, sən hələ də ondan üz döndərmirsən. Doğrudan da müsibətlər görmüsən.

– Bilirsən səni niyə götürdüm?

– Yox.


– Vur-tut bir eşşəyini canavar dağıdırdı, sən də namazını pozmurdun. Dedim gör Allahın necə sadiq bəndəsidi ey. Elə ona görə sənə yazığım gəldi. Götürüb gəldim. Bəs ziyarətə niyə tək gedirsən? Yolları tanımırsan, eşşəyin e’tibarsız, özün ac-susuz.

– Zəvvara qoşulanların hamısı atları kişmiş yeyən kişiləriydi. Məni oturub gözləməyəcəkdilər. Bir mənzil gəldik. Sonra mənə dedilər ki, sən yolda qalsan da, sənin əvəzindən də ziyarət eləyərik. Məni çölün düzündə tək qoyub çapıb getdilər. Mən də onların acığına qayıtmadım. Dedim mən bu əziyyətlə ki, gedirəm, mənim həccim sizinkindən müstəcəb olacaq. Belə.

– Gəl sənə Ərdəbildə bir dükan düzəldim, ev alım, evləndirim, otur işini gör. Çıraq düzəlt, sat.

– O borcun altından mən çıxa bilmərəm.

– Yavaş-yavaş verərsən.

– Bəlkə verə bilmədim.

– Onda ana südü kimi halal eləyərəm. İşləyərsən, qazanarsan, ziyarətə getməyə pul-para yığarsan. Bəlkə elə o vaxt mən də getdim. Bir yerdə gedərik ziyarətə.

Ağ atın qanadları yandı. Buludların arasından alovlana-alovlana düşdü. O düşdüyü kövşən də od aldı. Yerdən qara toz duman kimi qalxdı. Nə ağ at göründü, nə də qırmızı paltarlı süvari.

Aləmşahbəyim bayaq durna qatarından ayrılan tək durnanı seyr eləyirdi. Həmin tək durna dönüb ağ, qanadlı at oldu. Alışıb yananda, ayaqyalın, başıaçıq kövşənə tərəf qaçmağa başladı. Kövşənə çatmamış dəmirtikanlığa düşdü. Dəmirtikanlar yetişib torpaq rənginə düşmüşdü, topuğu xal-xallı, xınalı ayaqlarını didib-dağıdırdı. Səmərqənd kağızı kimi ağ topuqlarını yaralayır, qanına qəltan eləyirdi. Qan narıncı, xoş rəngli xınanın da rəngini dəyişdi.

Amma o, ağrı hiss eləmirdi. Var kücü ilə qaçır, dəmirtikanlar ayağına daha dərindən batırdı. Bir azdan ayaqlarında dəmirtikandan başmaqlar vardı.

Göydən hərlənə-hərlənə ağ bir lələk düşürdü. Aləmşahbəyim onu yerə çatmağa qoymadı, göydə tutdu. Elə bildi ki, ağ atın yanan qanadından ayrılıb.

Yox, bu yaşıl, mavi, qırmızı rənglə parlayıb yanan durna lələyi idi. Başını qaldırıb gördü ki, durnaların səfi pozulub. Biri-birilərinə qarışıb, qarışıq səslər çıxardırlar. Şirin avazları da yadlarından çıxıb.

– Ay durnalar, bu lələyi göndərmisiniz dərdlərimi yazım? Qanadlarınızla dərdim yazılsa səfiniz heç vaxt düzəlməz. Ah-naləm sizə çatsa heç vaxt oxumazsınız. Göz yaşımdan o kağıza bir damcı düşsə bulaqlardan içməyə bir damcı şirin su da tapmazsınız. Lələyi tulladı, lələk uça-uça harasa getdi. O, yerdən qalxan qara burulğana tərəf yeridi.

Birdən səs eşitdi: “Ana”-dedilər. Döndü. Gördü ki, qayanın başında üç dar ağacı qurulub. Biri böyük, biri ortancıl, biri kiçik. Hara getsin, hara üz tutsun? Qabaqdakı burulğanamı, yoxsa arxadakı dar ağaclarınamı?

Bir də gördü ki, burulğandan bir adam çıxdı. Başdan ayağa ağ örtüyə bürünmüşdu. Sifəti də ağ örtüyün arxasında idi. Ona tərəf gəlirdi. Aləmşahbəyim quruyub qaldı. Ağ paltarlı onun yanından keçib qayalara özünü yetirdi. Ağ örtüyün altından bir ağ qılınc çıxartdı, dar ağaclarını doğradı. Sonra ağ libasın rəngi dəyişdi. O, qırmızı paltara büründü. Qollarını açıb Aləmşahbəyimə tərəf gəldi. Dəmirtikanlığa çatanda dayandı və qollarını ona tərəf uzatdı.

– Gəl!


– Məni sınayırsan? Səndən ötrü bu dəmirtikanlığı keçmişəm, uf da deməmişəm.

Qırmızı libaslı kişi özünü dəmirtnkanlığa vurdu. Və özünü Aləmşahbəyimə yetirdi. Onu bağrına basdı. Qara saqqalı və bığları kimi yumşaq dodaqları onun alnında, gözlərində, yanaqlarında gəzdi və qaymaq bağlamış dodaqlarında dayandı, onun sinəsi, vücudu titrəməyə başladı. Birdən-birə hər şey yoxa çıxdı. Aləmşahbəyim gözlərini açıb hücrənin səqfini gördü. Öləziyən şamın işığı səkkiz künclü səqfi güclə işıqlandırırdı. Pəncərəyə baxdı. Dan yeri sökülürdü. Əcayib bir heyvana oxşayan bulud parçası narıncı rəngə boyanırdı. Buluddan aşağıda quşlar uçuşurdu. Bu quş səfləri dəniz dalğası kimi sağa-sola çevrilirdi.

At kişnərtiləri, çöl qalanın keşikçilərinin səsləri eşidilirdi. Onlardan biri car çəkirmiş kimi hündür səsilə bağırırdı.

O, Səkinəni oyatdı. Birlikdə qala meydançasına, oradan divarın üstünə çıxdılar. Qarşı tərəfdə, qala ilə bərabər dayanan təpələrin üstündə tonqallar yanırdı. Çoxlu ilxı, qoyun sürüsü vardı. Alaçıqlar qalanı dövrəyə almışdı.

Qaladan qışqırırdılar.

– İlxılarınızı çəkin, alaçıqlarınızı sökün, yoxsa gəlib hamısına od vurarıq. – Təpə başındakı adamın gülüşünü eşitdilər. – Qala içində gizlənib hökm verən igid, qarşındakının gücünü bilsən, belə deməzsən.

Onların canına qorxu düşdü...

GÖRÜŞ
Atlı təpədən enib çaya duşdü. Və atın yüyənini buraxdı. At dodaqlarını suya söykədi, amma içmədi. Başını geri atıb suyu ətrafına çiləyib fınxırdı. Atlı özünü yəhərdən yerə atıb çarığlı, patavalı suya girdi, ovuclarını qoşalaşdırıb içmək üçün üzünə qaldırdı. Buz kimi sərin su idi. Axşamdan bəri yol gəlirdi. Heç yerdə bulaq görməmişdi. Yol quruyub, yanmış təpələrin arası ilə keçirdi. Heç yerdə su görməmişdi. Həm özü, həm də atı susuzluqdan od tutub yanırdı. İndi ləzzətlə bu sərin sudan içib ürəyinin yanğısını söndürəcəkdi. Dodaqlarını ovcundakı suya söykəyib sümürdü və ağzında duzlu, acı bir tam duyub içdiyini də qaytardı. Çayda ilan zəhəri kimi, acı, motal şoru kimi duzlu su axırdı. Əl-üzünü yudu. Sonra yəhərə qalxıb tərpəndi. Buradan tez uzaqlaşmaq, bir kəndə, bir insan məskəninə çatmaq üçün tələsmək lazım idi. Yol təpəyə qalxdı. Oradan uzaqlar da görünürdü. Hər tərəf duz dağları idi. Duz kəllə qəndlər kimi ağarırdı. Üfüqdə o, ağac gördü. Ağac varsa demək su da var. Atı tərpətdi. Karvan yolunun torpağı qaysağ bağlamış, qaysağın üstünə isə elə bil narın duz səpilmişdi. Deməli, buradan çoxdan bəri keçən olmamışdı. Yoldan kənarda kola ilişib qalan iri bir ilan qabığı ağarırdı.

Murad iri qayalıqlara çatdı. Qayaların arasında əncir kolları bitmişdi. Meyvələri də saralmış iri yarpaqların arasında quruyub qalmışdı. Onları yığıb kişmiş kimi atı da yedirdə bilərdi, özü də yeyərdi. Çörəyi xurcunda quruyub daşa-kəsəyə dönmüşdü yəqin.

Qayalıqlar hamar deyildi. Elə bil qazanda yanıb qaralmış qənd parçalarını baltayla doğramışdılar. İri daşın üstündə yağış suyu yığılmaq üçün çökək vardı. O çökəyin yanında iri bir kərtənkələ-qayaqanan qaçmağa hazır bir vəziyyətdə dayanmışdı. Boğazının yanlarında tuluqlanmış yaşıl, qotur dəri tez-tez qalxıb enirdi.

O, atı sürdü, yolda-izdə işartı axtarırdı. Qayaların üstündən gözlərinə qovaq ağacı dəydi. Yüngül meh vurduqca ağacın yarpaqlarının arxası gümüş kimi parıldayırdı. Yəqin ki, bulaq o qovağın dibindədir. İri qaya parçalarını hərlənib keçdi. Bir dağ keçisi başını qaldırıb onu gördü və var gücü ilə tullanıb qaçdı. Deməli o da su içməyə gəlib.Amma bulağa yaxın düşmək istəmirdi, qorxurdu. Bu vaxt bulağın başında çoxlu ilan ola bilərdi. Atdan düşdü, ehtiyatla yaxınlaşdı. Arxadan fışıltı eşitdi. Dönüb daşların üstündə quyruqları üstünə qalxıb biri-birinə dolaşan iki qızıl ilan gördü. Daş götürüb onlara tərəf tulladı:

– Çəkilin, ay Allahın heyvanları.

Onların dolaşığı açıldı, quyruqları ucunda ox kimi süzüb bir anda yoxa çıxdılar. O, bulağa yaxınlaşdı. Bulağın yuxarısında iri bir gürzə kürəşkələnmişdi, başını da ala-bəzək kürəşkənin ortasından çıxarmış, zəhmli ilan gözlərini harasa zilləmişdi. Bəlkə də onun qorxusundan dağ keçisi suya yaxın düşməmişdi. Yolçu iri bir daş götürüb bu kürəşkənin üstünə saldı. Daşın altından güclə sürünüb çıxan gürzə haça dilini göstərə-göstərə güclə sürünüb getmək istədi. Amma daş onun belini qırmışdı. Yolçu bir daşla da onun başını əzdi. Ətrafına baxdı. Burada çoxlu ilan qabığı, ilan izləri vardı. Bulağın aşağısında isə dağ keçisi ləpirləri, canavar, dovşan, tülkü izləri gördü. Tez atın yanına qayıtdı, xurcundakı cürdəyi çıxarıb doldurdu, xurcuna qoydu. Camı isə bir neçə dəfə doldurub içdi.

– Lə’nət yezidə, – deyib camı da cürdəyin yanından xurcuna qoydu. Atını da bulağın yanına çəkdi. At da başını əyib sısqa bulağın gölməçəsini qurutdu. Sonra yəhərə qalxıb rahatca yoluna davam elədi.

Qaçaq Murad kimi tanınan bu adam neçə illər idi ki, Çuxur Səddə, Diyarbəkrə, Şərura, İstanbula gedən karvan yolu üstündə qaçaqçılıq eləyirdi. Özünün də ən çox soyduğu divan mə’murları idi. Vergiləri yığıb qayıdanda yolda hamısını əllərindən alır, qaytarıb bir də həmin kəndlərdə paylayırdı. Karvanlardan isə bə’zisinin yükünü alıb buraxır, bə’zisindən isə pul alıb yola verirdi.

Bir gün ona demişdilər ki, Urmiyyətli bir tacirin evində bir mücrü qiymətli daş-qaş, lə’l cəvahirat var. Muradın dəstəsi neçə gün şəhərə girməyə imkan gözləmişdilər, hamıdan gizlənmişdilər. Axşam şəhərə girmiş, tacirin evinə ayaq qoyanda görmüşdülər ki, ziyafətdi. Süfrədə hər cür naz-ne’mət var. Kuzələrdən piyalələrə şərab süzüblər. Məclisin başında bardaş qurub oturan söz demək istəyirdi ki, Murad onun sözünü kəsdi.

– Qaçaq Murad sənin sözünü şəkərnən kəsir. Dediyini yadından çıxartma, biz işimizi qurtarıb gedəndən sonra danışarsan.

Qılıncın üzü soyuq olur. Qaçaqların əllərindəki yalın qılınclar elə bil hamının üstünə soyuq su çiləmişdi. Həm də qaçaq Muradın adını eşitmişdilər.

O yetirib yük yerindən, farmaşdan ipəyə bükülü mücrünü götürmüşdü. Gəlib tacirə demişdi:

– İndi sözünü deyə bilərsən.

Tacirin dili söz tutardı?! Murad qapıya qədər getmiş və dönüb:

– Halal elə, hörmətli tacirbaşı. Bundan sonra karvan yolları daha sənin üzünə açıqdı. Neçə dəfədi xərac verməmiş ötürdün, elə bilirdin Murad bunları yaddan çıxardır? – Amma birdən-birə o fikrini dəyişmiş, mücrünü qaytarıb yerinə qoymuşdu. Tacir bunu görüb ürək döyüntüləri azalmış, dili topuq vura-vura ondan soruşmuşdu:

– O mücrüyə görə gəlmişdinsə, niyə aparmadın?

– Mən sənin çörəyini yemişəm, çörəyə isə bizdə xəyanət olmaz.

– Mən sənnən nə vaxt duz-çörək kəsmişəm? O mücrünü apar, ancaq bu sözü demə. Bilərlər ki, mən qaçaq Muradla duz-çörək kəsirəm, hamı mənə düşmən olar. Elə biləcəklər onların karvanının qabağını kəsdirən mənəm. Mən tacir, sən qaçaq. Biz harda görüşmüşük ki, duz-çörək kəsək. De, qoy oturanlar da eşitsin.

Murad qapının ağzında oturub süfrədən plov dolu nimçəni qabağına çəkib şapalaqlayıb aşıran yoldaşını göstərmişdi.

– Budur, baxın. Mən olmayım, yoldaşım olsun. Nə fərqi. Qaçaq Murad hələ kəsdiyi duz-çörəyə xəyanət eləməyib. Bu bir tikə çörək məndən ötrü o mücrüdən qat-qat qiymətlidi. İndi halal elə, mən də sənin çörəyindən kəsim.

Tacirin rəngi-ruhu üstünə gəlmişdi.

– Ana südü kimi halal xoşun olsun. O, qalxıb mücrünü gətirib onun qabağında açdı.

– Sən ki, belə mərd adamsan, bunun hamısını sənə bağışlayıram.

– Yox, mən sözü bir dəfə deyirəm.

Murad süfrədən çörək, qızardılmış quzu budu götürüb çıxmışdı.

Yerdə oturub plovu şapalaqlayıb ötürən qaçaq Xalıq Muradın qabağında dil uzadıb demişdi ki, bir tikə çörək nədi ki, ondan ötəri sən bir mücrü cəvahirdən keçdin. Sən istəmirsən, onda mən gedib gətirərəm, sən payını götürmə.

– Sən bu işi tutsan, onda gərək düşmən olaq.

– Olaq da.

– Bir mücrü daş-qaşa görə?

– Azdı? İndiyə kimi yol kəsirik, özümüzü oda atırıq, ələ keçirdiyimizin hamısını da aparıb paylayırsan kasıb-kusuba. Bizimki də olub aldım qoz, satdım qoz, mənə qaldı şax-şaxı. Daha bəsdi. Özümüzə də bir gün ağlamaq vaxtı çatıb.

Murad yoldaşlarına baxmışdı.

– Kim Xalıq kimi fikirləşirsə, ayrılıb getsin.

Görmüşdü ki, elə hamısı onun kimi fikirləşirmiş.

Atını minib demişdi.

– Salamat qalın. Mən getdim.

Ona çox yalvarmışdılar, qalıb onlara yenə də başçılıq eləsin, qalmamışdı. Atını sürüb getmişdi. Ərdəbilə tərəf üz tutmuşdu. Çünki bu illər ərzində yollarda onun rast gəldiyi adamların çoxu müridlər idi, həqiqət axtarmaq ümidilə getdiklərini deyirdilər. O da baxtını sınamağı qərar vermişdi.

Əlincə qalasının qaranlıq, nəm zindanlarında bir məhbus vardı. Daş qəfəsə yerləşməyən bu cavan səbrsizlikdən daş divarları uçurub dağıtmağa can atırdı. Amma biləklərinə bilərzik kimi bərkidilmiş zəncirlər divara mıxlanmışdı. Ayağındakı paslı kündələr onun hərəkətlərini ağırlaşdırırdı. Onunla üz-üzə divara zəncirlənən qocanın bədəni tük gətirmişdi, ağ, nurani saqqalını his basmışdı. Qaşları uzanıb çuxurdakı gözlərini örtmüş, kipriklərinə qarışmışdı. Zəncirlərə də, kündələrə də sakit, mə’lul-mə’lul baxırdı. Onlara əyinə geyilən paltar kimi öyrəşmişdi.

– Dözümlü ol, ey cavan.

– Səbr elə, səbr elə. Mən buradan çıxacam, çıxandan sonra düşmənlərimin hamısını belə zəncirə vurub illərlə işıq üzünə həsrət qoyacağam.

Qocanın səsində də bu zindana ahəngli bir qəribəlik vardı. Elə bil o elə burada əlləri zəncirdə, ayaqları kündədə doğulmuşdu, buraya öyrəşmişdi.

– Cavanlıqda mən də sənin kimi deyirdim. İndi məni buraxsalar da getmərəm.

– Neçə ildi buradasan, qoca?

– Sayını itirmişəm. – Qolunu qaldırıb divardakı hansı yazınınsa üstünü təmizləyib oxumaq istədi. Qolu qalxmadı. Qolu əzələ qaldırar. Onda isə əzələ qalmamışdı. Cır-cındır arasından bir dəri, bir sümük, çöp kimi nazik qolu görünürdü. Onun zənciri qaldırmağa gücü qalmamışdı.

– İndi hansı padşahın vaxtıdı?

– Ağqoyunluların.

– Onlar kimnən sonra gəlib?

– Qaraqoyunlulardan.

– Əmir Teymurun oğlu Miranşah necə oldu?

– Əmir Teymura, Miranşaha bax ha! Onlar çoxdan o dünyadadır. Səni bura kim salıb?

– Çoxdan burdayam, lap çoxdan. Məni buraya Miranşah saldırıb, ömürlük.

– Bəs səni niyə buraxmırlar? – Cavan oğlan təəccüblə soruşdu.

– Mən hürufiyəm. Fəzlüllah Nəiminin cavan müridlərindən idim. O vaxt mənim on səkkiz, on doqquz yaşım vardı: Dedilər kamilliyin, hürufiliyin yeri zindandı.

– Hürufi. Qaraqoyunlular ki, onları tə’qib eləmirdi.

– Nə bilim. Bu altmış ildə neçə zindanban dəyişib?

– Mən səni azad edərəm.

Onlar divarda üz-üzə zəncirlənmişdilər. Özləri də samanın üstündə oturmuşdular. Qocanın əynindəki cır-cındırı saymasaq lüt-üryan idi. Cavanın əynində isə bahalı parçadan təzə libas vardı. Bir neçə yerindən cırılmışdı. Tutulanda, əlbəyaxa olmuşdu. O, Uzun Həsənin qardaşı oğlu Rüstəm Mirzə idi. Əmisi oğlu Sultan Yaqubun oğlu Bəysunqurun taxtını təcavüzdən qorumaq üçün Süleyman Bican oğlu ilə Əbih Sultan onu Əlincədə zəncirləməyi ən təhlükəsiz yol bilmişdilər.

– Məni azad eləyərsən? Özün məndən də qara gündəsən, ay cavan. Məni azad eləyəcək bir məxluq var. Günlərin bir günü, elə bu yaxınlarda gələcək və azad eləyəcək – deyən qocanın dodağında xəfif bir təbəssüm gəzdi.

– Xəbər göndərib?

– Bəli.


– Doğrudan?

Rüstəm Mirzənin qocaya paxıllığı tutdu. Onu yox, gərək Rüstəm Mirzəni azad eləyələr.

– Buradan çıxmaq istəyirsən?

– Yox, istəmirəm.

– Əgər istəmirsənsə, onda qoy məni xilas eləsin. Sən qoca kişisən, heç bir iş görə bilməyəcəksən. Amma mən çıxan kimi taxt-tacı ələ keçirəcəm, səni çıxardıb sarayda pambıq içində saxlayaram. Nədi, razısan?

– Yox, cavan şahzadə. Mənim xilaskarım sənə kömək eləyə bilməz.

– Nə üçün eləmir? Onu dünya malından qəni eləyərəm. Özü ağırlığında qızıl verərəm. Mahal bağışlayaram.

Rüstəm Mirzə odlu-odlu danışır, qollarını atıb-tutmaq istəyir, amma zəncirlər o hərəkətləri yarımçıq saxlayırdı. Bundan da az qalırdı ürəyi partlasın. Bağlı olmasa qocanın saqqalını əlinə keçirib başını divara vurar, onu bu işə razı salardı. Amma indi ən kəskin silahı onun dili idi.

– O, hədiyyə götürmür. Ona qızıl-cəvahir lazım deyil.

– Bu dünyada elə adam olar ki, qızıla-cəvahirə e’tinasız baxsın? Əmir Teymur bütün ölkələrin xəzinəsini əlinə toplamışdı, yenə doymurdu. Gedirdi Çinin də var-dövlətini alsın.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin