Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,04 Mb.
səhifə4/31
tarix27.12.2017
ölçüsü2,04 Mb.
#36095
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   31

– Kəs barmağını.

Hüseyn bəy də öz xəncəri ilə eynilə barmağını kəsdi. Qan axıb getdi.

Heydər saqqalından bir neçə tük çəkdi, Hüseyn bəy də. Sonra Heydər həmin tükləri bir-birinə düyünlədi. Hər ikisinin qanında islatdı. Qayanın yarığını gözləri ilə axtarıb tapdı və sözə başladı:

– İndiyə qədər biz əməl yoldaşıydıq. Bu gündən oluruq qardaş, dost. Qoy bizim dostluğumuz bu tüklərin düyünü açılana qədər, qanlarımız biri-birindən ayrılan günə kimi davam etsin.

– Amin.


– Hüseyn bəy, bu gündən səni oğlanlarıma lələ seçirəm. Onların tə’limini, tərbiyəsini sənə tapşırıram. Sultanəlinin, İbrahimin, İsmayılın.

Bu, dostluqda ən yüksək məqam idi. Hüseyn bəy qədim oğuzların andını təkrar elədi:

– Bu dostluğa dönük çıxsam qılıncıma doğranım, oxuma sancılım.

– İndi səni babam Şeyx Səfinin batini fikirləri ilə tanış eləyə bilərəm. O deyir ki, dünya nurdan yaranıb. Allah da nurdu, onun yaratdıqları da nurdu. Demək insan da nurdan ibarətdir.

Hüseyn Lələ bəy (artıq o ləqəb qəbul etmişdi) dostunun sifətinə baxıb orada sanki qəzəblə alovlanan nur, işıq görürdü.

– İnsan da nurdan ibarətdirsə, demək o, nurun, Allahın əksidir. Söz yox ki, insan – nur, əməli təmiz, qəlbi pak insanlardır. Onlar öz yaradıcıları ilə birləşirlər ki, bu da insanı bir-biri ilə bərabərləşdirir. İnsan da iki cürdür. Kamil və qeyri-kamil. Qeyri-kamillər nur parçası ola bilməz. Nur olması üçün o, əslən də, mə’nən də, daxilən də, xaricdən də pak olmalıdır. O nur-insanlar öz tərəfdarlarını artırmaq üçün iş görməlidir. Bu, yalnız kökünü açdığım sirr batindir və onu bizim ocağa sənin kimi ən yaxın olan dostlara açıram. Bunu ilk eşidən də sən olmusan.

Hüseyn Lələ bəy onunla mübahisəyə girişmədi. Çünki indi Səfəviyyənin mə’nəvi başçısı odur, onun dediyi həqiqətdir və bu sirri dərk etmək üçün hələ çox düşünmək lazım gələcək.

– İndi biz tədbir görməliyik.Sultan Yaqub bizə güc gəlməmiş, öz işimizə başlamalıyıq. İşlər ki, belə gedir, Ağqoyunlu xanədanı dağılacaq. Onun çox ömür sürməsinə heç nə kömək edə bilməz. Xanədanın dağılması bədbəxtlik deyil. Ölkəni, xalqı xilas eləmək vacibdir.

– Mürşidimiz bizə o yolu göstərsin, biz canımız, qanımız bahasına həmin yolu axıra qədər getməyə hazırıq.

– Dərbənd qalası. Atam Şeyx Cüneyd də bu yolu tutmuşdu. Dərbənd qalası ölkənin qüzeyində ən möhkəm qaladır və oradan başlayıb bu ölkəni birləşdirmək olar. Şirvanşahlar qocaman xanədan olsa da, onları tabe eləmək çətin deyil. Başa düşdün məni?

Bəli.


– Müridlərə də elə buna görə tə’lim veririk. Din yolunda döyüşə hazırlayırıq.

Hüseyn Lələ bəyin dilinin ucunda bir sıra suallar vardı. Onlardan biri də elə bu “din uğrunda” sözünə aid idi. Axı şirvanlılar da müsəlman idi, dərbəndlilər də. Amma Şeyxin fikri açıq-aydın deyilmişdi. Görülən hər işə hamının qəbul edəcəyi bir don geydirməsən, o başa gəlməz.

Şeyx Heydər xidmətçinin açdığı darvazadan ağ atın üstündə geniş həyətə girəndə onu qızılgüllərin ətri vurdu. Həyətin hər tərəfində növbənöv, cürbəcür qızılgüllər açmışdı. O atdan düşdü. Xidmətçi atı çəkib apardı. O, hovuzun ətrafına dolandı və iplərlə dırmaşan səbagülü kolunun arxasında Aləmşahbəyimlə üz-üzə dayandı. Qaranlıq düşmüşdü. Göydə iri ulduzlar parıldayırdı. Amma o sevimli arvadının ətrindən onu tanımışdı. Bu qədər güllərin arasında onun öz ətri vardı ki, Heydər onu ayıra bilmişdi. Qarşısında dayandı. Əllərini əllərinin içinə aldı. Baxdı, baxdı. Amma onlar biri-birilərini güclə görürdülər. Amma baxışlarını, gözlərini, təbəssümlərini yaxşı seçirdilər. Heydər onu bağrına basdı. Dodaqları, onun gül qönçəsinə oxşayan dodaqlarını tapdı. Hər ikisi məst oldu.

Bu evdə əndərun yox idi. Şeyx Heydər and içmişdi ki, Aləmşahbəyimdən özgə bu dünyada onun ikinci arvadı olmayacaqdı. Aləmşahbəyim də öz taleyindən çox razı qalmışdı. Hər hansı bir şahzadəyə versəydilər o bir neçə ildən sonra yenə dul qalacaqdı. Çünki şahzadələr hələ hakimiyyətə keçməmiş qanlarına qəltan olurdular. Ya da hərəmxanadakı arvadlarına vaxt ayıranda belə onlardan hər birini bir həftədən tez görmürdülər. Bu evdə isə nə saray çəkişməsi vardı, nə hərəmxana qeybəti. Onun sevimli əri təpədən dırnağa qədər ona mənsub idi.

– Mənim gəldiyimi nədən bildin?

– Hər dəfə sən yaxınlaşanda Ülkər kişnəyir. Mənə muştuluq verir. Bəs sən mənim yerimi hardan bildin?

– Ətrindən.

– İnanmaram. Həyətdə bu qədər qızılgül var. Onların arasında...

Heydər barmağını onun dodaqlarının üstünə qoydu:

– Mənim ən böyük, ən ətirli qızılgülüm sənsən. Ətrinlə səni cənnət bağında taparam.

Aləmşahbəyim qollarını onun boynuna dolayıb yanaqlarını onun yumşaq saqqallı sifətinə söykədi.

– Gedək, mənim günüm-dirliyim. Gözümün nuru. Mənim nur parçam. Gedək uşaqların yanına. Onlardan ötəri bu gün elə darıxmışam ki.

Onlar evə girdilər. Sultanəli bardaş qurub qarşısındakı rəhildəki kitabı oxuyurdu. İbrahimlə İsmayıl yatmışdı. Sultanəli atasını görüb ayağa qalxdı. Qaça-qaça onun üstünə getdi. Şeyx Heydər onu qolları arasına aldı. Üzündən öpdü. Sinəsinə sıxdı.

– Sultanəli, sənə lələ tapmışam. Sənə də, İbrahimə də...

– Kimdi lələmiz, atacan?

– Hüseyn Lələ bəy. Bundan sonra o səninlə məşğul olacaq.

Sultanəlinin on iki yaşı tamam olmuşdu. Beş il idi ki, təhsilə başlamışdı.

Otaq fərşlə döşənmişdi. Divar dibində qotazlı mitəkkələr, iri balışlar, qalın döşəklər qoyulmuşdu. Divardakı ləmədə mis, çini qablar düzülmüşdü.

Şeyx Heydər də əbasını soyundu, gəlib dizini qatlayıb oturdu. Kəniz Səkinə aftafa-ləyən gətirdi. O əllərini yudu.

– Var ol səni, Səkinə. Allah qoysa Gürcüstan tərəfə gedəndə səni də aparacam, qohum-qardaşlarını tapıb onlara qovuşduracam.

Allah ömrünü uzun eləsin, ağa. Mən heç yerə getmək niyyətində deyiləm. Sənin kimi Allah adamının evinə düşmüşəm, elə bilirəm elə öz ata evimdəyəm.

– Yox, ay Səkinə, ata evi ayrıdı. Bəlkə də onları da köçürüb Ərdəbilə gətirdik, inşallah.

Səkinə ürəyində sevinə-sevinə aftafa-ləyəni apardı. Elə bil quş idi, ona qanad vermişdilər. Şeyx dediyini eləyər. Heç olmasa bircə dəfə atasını görəydi, onun oxuduğu “hurufatını” eşidəydi. Onda ölsə də dərdi qalmazdı.

Ərinin qarşısında süfrəni Aləmşahbəyim özü açdı. Heç bir hökmdar qızı hələ süfrə açmamışdı. Amma onun qəlbinin, ürəyinin hökmdarı o idi. Bu işi görəndə özünü xoşbəxt hesab eləyirdi.

Səkinə yeməyi gətirdi. Bağırbeyin bişirmişdilər. Şeyx Heydər Sultanəlini də çağırıb özü ilə süfrədə oturtdu. Aləmşahbəyim də oturdu. Lakin o hələ indiyə qədər ərinin yanında çörək yeməmişdi. Lakin oturub onun yeməyinə heyranlıqla baxırdı. Onun yeyib-içməyində atasını xatırladan cəhətlər vardı. Amma buna görə baxmırdı. Ona baxdıqca elə bil bütün dünyanı ona verirdilər. Əri də onun ürəyindən keçənləri oxuyur, özünü o yerə qoymur, onun doyunca baxmağına imkan yaradırdı.

Yemək yığışdırıldı. O, qısa bir dua oxudu. Qalxıb canamazını götürdü, yan otağa keçib namazını qıldı. Qayıdanda yataq otağına keçdi. Soyunub yerinə girdi. Aləmşahbəyim də şamı söndürəndən sonra paltarının xışıltısından hiss olunurdu ki, soyunur. İpək paltarı sürüşüb ayaqları altına düşdü. O, özünü sevimli ərinin qolları arasına atdı.

Gecədən xeyli keçmişdi. Amma onlar yatmamışdı.

– Gözümün nuru, qardaşın mənim üstümdən qələm çəkməyə hazırlaşır.

– Niyə?

– Qorxur. Taxtından qorxur. Fikirləşir ki, həmin taxta onun kimi sənin də haqqın çatır. Ona görə də Əbih Sultanın, Süleyman Bicanoğlunun fitvası ilə mənim qaramca danışır. Bir məclisdə də deyib ki, atam böyük səhv eləyib, bizim sümüyümüzü dərvişlərin sümüyünə calayıb. Onlarla qohum olduğumu fikirləşəndə xəcalət çəkirəm.



Bu sözlərdən sonra Şeyx Heydər Aləmşahbəyimin bədənində titrəyiş duydu:

– Nədən qorxursan? Qorxma, sənin ərin onlara can verənlərdən deyil. Mən istəyirəm bir müddət Ərdəbildən uzaqlaşım. Qoy görsün ki, mən onun yolunda duran əngəl deyiləm. Vaxt gəlsə mən ona daha çox kömək eləyərdim, nəinki onun ətrafındakılar.

– Mən sənin səhər gedib axşam gəlməyinə dözə bilmirəm. Üç-dörd ay getməyinə necə dözəcəyəm?!

– Bu lazımdı. Getməmişdən qabaq gərək sən qardaşından icazə alasan. Deyəsən ki, Şeyx Heydər qəzavata gedir. Dağıstanda müsəlmanlığı qəbul eləməyənlər var, gedir din yolunda vuruşmağa.

Aləmşahbəyim onu bərk-bərk qucaqlamışdı. Sanki əri elə indi yola düşür, o da tutub saxlamaq üçün bütün gücünü sərf eləyir.

– Yenə vuruşma, yenə Şirvan? Bu Şirvandan doymadınız?

Aləmşahbəyimin səsi titrədi. Deyəsən o ağlayırdı. O, ərinin atası Cüneydin Şirvanşah İbrahimxəlil tərəfindən öldürüldüyünə işarə vururdu. İndi isə hakimiyyətdə Fərrux Yasar idi. Cüneydin ölümünü onlar da yaddan çıxarmamışdılar.

– Getməsəm onda gərək burada Sultan Yaqubla kəllə-kəlləyə gəlim. Mən isə bunu istəmirəm...

Sultan Yaqubun icazəsini alandan sonra Şeyx Heydər yeddi min muridlə səfərə çıxdı. Kür çayını Ərəş mahalında, Mingəçevir kəndi yanından keçib Şirvanın dağ dibi yolları ilə Dərbəndə yol almışdılar.

Fərrux Yasar müridlərin hərəkətini hər gün izlətdirir, qoşunlarını döyüşə hazırlayırdı. Amma Şeyx Heydərin müridləri əkinlərə, kəndlərə, mal-qaraya toxunmur, lazım olan hər şeyi satın alırdılar. Ərdəbildən çıxdıqlarının iyirminci günü Samur çayı kənarındakı Quryan1 kəndinə çatdılar. Gün günorta yerində idi. Meşə yolundan çıxıb Samurun kənarına çıxdılar. Şeyx Heydər atını saxladı.

– Burada düşərgə salacağıq. Xəbər verin çadırları qursunlar.

Hüseyn Lələ bəy başını qaldırıb günəşə baxdı:

– Neçə gündür gecə-gündüz yol gəlirik. Dərbəndə az qalıb. Çayı keçib çadır qursaq necə olar? Əvvəla bu təhlükəlidi. Fərrux Yasar qoşun gətirsə, onlar yuxarıdan aşağı gələcək, biz pis vəziyyətdə qalarıq.

Şeyx Heydər bahar buludu kimi dolmuşdu. Hüseyn bəyin qolundan tutub özü ilə apardı.

– Şeyx Cüneydin qəbrini ziyarət eləməyək?

– Buradadı?

– Bəli. Burada, Quryan kəndindədir.

Onlar üstünə şax-şəvəl döşənmiş, çay daşı ilə hörülüb, palçıqla suvanmış, divarlarında mal təzəyindən yappalar olan meşə içindəki kəndə girdilər. Silahlarını qurşamış, yanları ilə müridlər də götürmüşdülər. Kəndin ortasında, divar dibində oturan qocalara salam verdilər.

Qocalar ayağa qalxıb onların salamını aldılar. Bir gümrah qoca qabağa çıxıb atın yüyənindən yapışdı:

– Qonağımız olmasanız, buraxmarıq. Düşün atdan, – dedi.

– Sağ ol, əmi, bir işimiz var elə kömək eləsəniz qonaqlıqdı.

– Buyurun, qonaq qardaş.

– Burada bir Şeyx Cüneyd qəbri var, onu bizə nişan verərsiniz?

– Niyə nişan vermirik. Buyurun. O bir igid insan idi.

Ərdəbildən gəlmişdi. Onda mən lap gümrahıydım. Bax o, aşağıda, çayın kənarında şah qoşunuyla vuruşdular. Deyəsən heç vuruşmağa da gəlməmişdi onlar. Hamısı qırıldı. Otuza qədər adam qalmışdı. Özü də yaz idi. Samurda da su çox idi. Hava da qaralırdı. Şeyx onmu, on beşmi adamnan çayı keçdi. Yaralılar bə-

------------------------

1. İndi Qusar rayonunun Həzrə kəndi.

ri tayda qaldı. Gedə bilmirdilər. Bu vaxt İbrahimxəlilin atlıları çatdı. Bu yaralıları qılıncla doğramağa başlayanda yaralılar qışqırdılar. İndiyə qədər qulaqlarımda səslənir:

– Mürşüdümüz, bizi atıb getmə!

Biz quzu otarırdıq, görürdük. Səsi eşidib bir də döndü. Atı da yox idi, deyəsən vurmuşdular. Bir qolundan da qan axırdı. Özünü vurdu suya, yanındakılar da qayıtdı, çayı bir də keçdilər. Onlar gələnə kimi burdakı yoldaşlarını doğramışdılar. Gəldi, gəldi. Qılıncı hərləməyi ilə bir atın ayaqlarını biçdi, atlı yerə gələndə, onu da. Yoldaşları da şir kimi vuruşurdu. Onlar az, atlılar çox. Aldılar araya. Bir azdan atlılar onların ciblərini, üst-başlarını axtardılar. Sonra deyəsən nəsə qiymətli şey tapmışdılar. Onun üstündə özləri bir-birilərini qılıncladılar. Orasını deyim ki, nə olduğunu nə gördük, nə eşitdik.

Şirvanşahın qoşunu gedəndən sonra mənim atam, Allah ölənlərinizə rəhmət eləsin, o, el ağsaqqalıydı, camaatı yığdı, gedib meyitlərin hamısını gətirdi, burada dəfn elədilər. Yaxşı ehsan da verdi, üstlərində quran da oxutdu.

İndi o şeyxin qəbri pir olub. Sonsuzlar, xəstələr şəfa tapmağa bura gəlirlər.

Qoz ağacının altında adam boyundan hündür qəbir daşı vardı. Arxa tərəfində qədim oğuz qaydası ilə günəş şəkli qazmışdılar. Aşağıda isə at üstündə ova çıxan kişi təsvir edilmişdi. O əlindəki nizə ilə əjdahanı öldürürdü.

Şeyx Heydər başdaşını qucaqlayıb, sifətini soyuq daşa söykədi. Qoca gəlib onun yanında dayanmışdı.

– Ay oğul, atan varmı?

– Vardı, əmi! Budur, bu daşın altında yatır atam.

Qoca elə bil yuxudan ayıldı. Gəlib onun çiyninə əli ilə vurdu:

– Oğul, belə ata üçün ağlamazlar. Gülərlər. O, əsl kişi, əsl qəhrəmandı. Onun qəhrəmanlığını bu gözlərim görüb.

Şeyx Heydər qocaya tərəf döndü:

– Amma mən atamı görməmişəm, o da məni görməyib.

– Torpağı sanı yaşayasan, elə özünə oxşamısan. Yadımdadı da. Uzağ vaxtın sözü deyil ki, yadımnan çıxa. Dünənin, sırağagünün söhbətidi.

Qəbrin yanında kiçik, oyuncaq yüyrük qurmuşdular. Qoz ağacının budaqlarına isə əlvan rəngli parça qırıqları bağlamışdılar.

Qoca Şeyx Heydərə dedi:

– Buranı pir eləyən də mənim atam olub. Övladı olmayanlara məsləhət gördü ki, buraya nəzir gətirsinlər. Övladınız olmasa heç, olsa da qoy yaralı-yaralı yoldaşlarını qurtarmağa qayıdıb özü də şəhid düşən igidə oxşasınlar. O vaxtdan da bu adət yarandı.

Şeyx Heydər qoyunlar kəsdirdi, qazanlar asdırdı, bütün kənd camaatını çağırdı. Məclisin yuxarısında da qocanı əyləşdirdi.

Sonra yüzbaşıları, minbaşıları yığıb qəbrin üstünə, vidalaşmağa gəldi.

– Ey ata, oğlun səninlə görüşməyə gəlib. Gəlib desin ki, babamızın başladığı iş yerdə qalmayıb, onu davam etdirəcəyik. Rahat yat, arxayın yat.

Sonra o, müridlərin gətirdiyi sandığı açdırdı. Orada dilim-dilim tikilmiş qırmızı papaqları götürüb onlara payladı. Birincisini özü başına qoydu, çalmasını sandığa atdı.

– Ta qədimdən bizim namusumuzun, qeyrətimizin rəmzi başımızdakı papaq olub. Onu özümüzdən yuxarıda saxlamışıq. Bizim seçdiyimiz yol, qandan-qadadan keçir. Qoy bu qırmızı börklər o qanın timsalı olsun. Bu gündən adımıza qoy “Qızılbaş” desinlər.

Bütün muridlər də qırmızı börk aldı və hamısı da Cüneydin qəbri üstündə öz əqidələrindən dönməyəcəklərinə and içdilər.

Şeyx Heydər müridləri Kürü keçəndən bir-iki gün sonra Fərrux Yasarın çaparı onun məktubunu Təbrizə bacısını verdiyi Sultan Yaquba gətirdi. Məktubu oxutdurub fikrə getdi. Otaqdan çıxıb anası Səlcuqəşahbəyimin yanına gəldi. Anası oğlunu pərişan görüb alındı.

– Səni tutqun görürəm, ay mənim sultan oğlum. Yenə kim sənin qanını qaraldıb?

– İstəkli kürəkənimiz.

– Yenə nə qələt qırıb o dərviş nəvəsi? – Səlcuqəşahbəyim xatunun da onunla arası yox idi. Uzun Həsənlə mehriban olandan onun gözünün düşməninə çevrilmişdi.

– Al oxu. Qayınatam Fərrux Yasar göndərib. Qoşunu Şirvanı alt-üst eləyir. Məni də bacım inandırıb ki, o qəzavata gedir. Deməyəsan atasının qanını almağa gedirmiş. Burdan-bura məni aldadır.

Səlcuqəşahbəyim xatun məktubu ondan aldı. Yaşıl, qumaş mitəkkənin üstünə atıb, əlini yerə dayaq verdi. Əvvəl iri, kök yanbızları qalxdı. Artıq qocalmışdı. Özü də ağır, tökmə arvad olmuşdu. Qızıllarını – qolbaq, zərnişan, bilərzik, sinəbənd, xalxallarını cingildədə-cingildədə ayağa durdu. Sultan Yaquba elə gəldi ki, anasının asan qalxmağına mane olan elə o qızıllardı. Anası əlini onun çiyninə qoydu.

– Sən sultansan, dərdin olsa da bildirmə. Bir də ki, hökmdarın nə dərdi ola bilər. Mən vəzirlə, qayınatan Süleyman Bicanoğluyla tədbir tökənə kimi keç abı otağa. Sultanbuddan gətirdiyim gözəl səni gözləməkdən sarı yarpağa dönüb. Yazıq qız əriyib ətini tökəndən sonra xoşuna gəlməyəcək, deyəcəksən anam bu xortdanı haradan tapıb gətirib?

Sultan Yaqub qayğılı idi. Bir fikrə gələ bilmirdi.

– Abı otağa sonra.

– İndi get. Dünyanın bir dərdini ürəyinə salma. Nə qədər ki, cavansan, kefini çək, heç nəyin fikrini eləmə. – O, ipək pərdəni qaldırıb qışqırdı:

– Xacə Mənsim!

Xacə Mənsim quş idi, cin idi, şəyatin idi, nədi, elə bil yerdən çıxdı, göydən düşdü.

– Bəli, həşəmətli məleykə.

– Yüz dəfə demişəm ki, mənə məleykə deyib çağırma.

– Baş üstə, həşəmətli məley...

– Əy başını...

Xacə Mənsim əyilib daz başını onun qarşısında yerə qoydu. Səlcuqəşahbəyim başmağının qırğı dimdiyinə oxşayan burnunu xacənin başının parıldayan ortasına vurdu.

– Bu başında birdəfəlik saxla ki, mən Səlcuqəşahbəyiməm. Yadında qaldı?

– Bəli, həşəmətli xatun bəyim...

– Sultanbud qızı hazırdımı?

– Bəli...

– Get, onun bəxti gətirdi. Hökmdar onu şan-şöhrətə çatdırır.

Sultan Yaqubun iki hərəmi vardı. Biri Süleyman Bican-oğlunun qızı, o biri isə Şirvanşah Fərrux Yasarın bacısı idi ki, bu yaxınlarda gəlin gətirmişdilər. Bunlardan əlavə əsirlər arasındakı gözəl cariyyələri, şahın adamlarının kəndlərdə və şəhərlərdə rast gəldikləri gözəlləri onun üçün bəsləyib saxlayırdılar. Onların heç birinin hərəm hüququ yox idi. Doğulan uşaqlar belə sultanın övladı hesab edilmirdi.

Sultanbud gözəli dedikləri qızı Səlcuqəşahbəyim özü Qarabağda görmüş, götürüb saraya gətirmişdi. O, cariyyələrə qoşulmur, həmişə çəkilib bir tərəfdə xısın-xısın ağlayırdı. Xacə Mənsim də hərdənbir Səlcuqəşahbəyimə deyirdi.

– Qarabağ gözəli ağlayır.

– Ağlasın, ağlasın. Bu tezlikdə mənim oğlum onun otağına ayaq bassa mənim oğlum olmaz.

Xacə Mənsim Süleyman Bicanoğlunun qızının yanına gedib iməkləyə-iməkləyə otağa girəndə Gövhərtac sevinirdi. Bir şeyə məəttəl qalmışdı ki, bu xacə nə üçün iməkləyə-iməkləyə gəlir. Bilmirdi ki, onu buna məcbur eləyən sultan özüdür. Ayaq üstündə girsə onun hərəmlərinin sifətini görə bilər. Belə girəndə isə xalçanın naxışlarından özgə bir şey görmür. Deyəndə ki, bu axşam sultan sənin qonağındır, Gövhərtac onun başına qızıl tökürdü. Elə bilirdi ki, sultanın gəlməyi xacə Mənsimdən asılıdır.

Sultanbud gözəlini hərəmxanadan kənar, cariyyələri Sultanın ağuşuna atdıqları Abı otağa gətirmişdilər. Xacə Mənsim də həmin otağa iməkləyə-iməkləyə girdi. Özü də fikirləşirdi: “Mənim bədbəxtliyimə bax da. Dünya ləzzətindən məhrum olduğum bəs deyil, qadınların qarşısına iməkləyə-iməkləyə göndərirlər. Mən kişiyəm ki, onları mənə qısqanırlar?”.

O, xeyli iməklədi, amma qadın ayaqları görmədi. Başını azacıq qaldırıb küncdə qısılıb oturan qızı görəndə tez gözlərini aşağı endirdi.

– Muştuluğumu ver, həşəmətlii məleykə, – yox, belə deməyə onun haqqı yox idi. Çünki bu sözlərlə Sultanın hərəmlərinə müraciət edirdi. “Eybi yoxdu. Bu sözlər onu daha da yumşaldar. – Bir azdan böyük Sultanımızın vücudunu görəcəksən. Məmləkətdə onun qamətinə çatan boy-buxun, igidliyinə çatan igidlik, ədalətinə çatan ədalət yoxdur. Bu gün Qarabağ böyük bir şərəfə nəsib olacaq. Sənə bu qoca bədbəxt bir sirr açsın. Sənin xeyrin üçün deyirəm. Bütün kişilər kimi şahlar, sultanlar da qadın qarşısında acizdirlər. Əgər onun istəyini yerinə yetirməyi bir az gecikdirsən, onda sənin bütün arzularına əməl edəcək”.

Amma Qarabağ gözəlindən səs çıxmırdı. Xacə isə sözlərini doğrayıb tökürdü.

– Əgər desən ki, Hindistan padşahının boynundakı lə’li mənə gətirməlisən, gətirər. Necə gətirər? Qoşun yığar, bütün xəzinəsini xərcləyər, minlərlə cavanı qurban verər, amma gətirər. Zəmanənin sahibləri niyə bu qədər torpaqları alır, ölkələri tutur? Niyə? Məleykələrin sözü yerə düşməsin deyə. Hər ölkənin də öz gözəlləri var. Hərəmxanalar da xəzinə kimidir. Orada ən qiymətli daşlara bərabər gözəllər saxlanır. Düzdür, səni heç vaxt hərəmxanaya qoymayacaqlar. Baxmayaraq ki, sən bir çox şah hərəmlərindən gözəlsən, amma əslin, nəcabətin yoxdu. Amma istəsən ki, hökmdar Qarabağı dünyanın cənnət dilbər guşəsinə çevirsin, bax, bunu eləyər. Qohumlarını, qardaşlarını ehtiyacdan qurtarar.Sultan əlində bu işlər nədi ki? Heç nə.

Qarabağ gözəlindən səs-ün çıxmırdı. Ancaq deyəsən çox ağlamışdı. İndi içini çəkirdi.

– Bu günahkar qocanın günahından keçin. Onu deyim ki, məleykənin ağlamasının səbəbini başa düşürəm. Sevincdən ağlamaq, gülməkdən daha gözəldir.

Bu vaxt nəsə ağır bir şey xacə Mənsimin başına dəyib xalçanın üstünə düşdü. Onun gözlərinin qabağı qaranlıq çaldı. Gözləri bir neçə an görmədisə də əlini sürtüb başına dəyib düşən əşyanı axtardı. Ağrıdan dini-imanı yansa da, fikrindən gələn o oldu ki, bunun muştuluğu hamının verdiyi muştuluqdan qiymətlidir.

Xacə yerdəki “muştuluğu” tapıb götürdü. Bu, Qarabağ gözəlinin ona tulladığı bürünc şamdan idi...

Səlcuqəşahbəyim oğlunu Abı otağa yola salıb qotazlı mitəkkənin üstündəki uzunsov, Şirvanşah möhürlü, ətirli məktubu götürüb höccələyə-höccələyə oxudu. Şirvanşah Fərrux Yasar yazmışdı ki, Şeyx Heydər Şirvanı istila elədi. Mən Gülüstan qalasında gizlənmişəm. Əgər o, böyük hökmdarın tapşırığı ilə gəlibsə, onda bunu açıq deyəydiniz, mən qalaların, şəhərlərin açarlarını qızıl nimçədə göndərəydim. Onsuz da, Şirvan sizə xərac verməyə hazırdı: Şeyx Heydər sizdən xəbərsiz Şamaxını tutub.

Burada taxta çıxmaq niyyətindədirsə, bu ayrı məsələ, onda elə Təbrizin də taxtını ona vermək lazım gələcək. Bu tezliklə bu boyda səltənəti bir şeyxin fitnəsinə qurban vermək isə ağıllı iş olmazdı.

Səlcuqəşahbəyim bundan sonra kürəkəninin əlindən zəncir çeynəməyə başladı. O, oğlu taxta keçəndən Sara xatunun yerişini getmək istəyir, hər işə qarışırdı.

– Bütün günahlar bizim qızımızdadı. Arvad necə olsa ərinin fikrini bilər. Bilsə də bizə xəbər verməyib. Ərini qardaşlarının üstünə qaldırır. Uzun Həsənin əziyyətlə qurduğu səltənəti dərvişlərə sədəqə vermək istəyir. Şah arvadı olmaq arzusuna düşüb. Arzun gözündə qalar, inşallah. Yaxşı deyiblər də, özgədən adama övlad olmaz. Tərsa qızından olan gəlib bizə canmı yandıracaqdı?

Sultan Yaqub qızın adını anasından soruşub Abı otağa getmişdi. İçəri girdi. Onu görüb ayağa qalxan qız elə bil yerdə, torpaqda yaranmamışdı, göydən enmişdi. Tanrı özü onu mələklərin arasından arayıb-axtarıb tapmış, öz adına layiq olanını seçib göndərmişdi onun hüzuruna.

Sultan Yaqub hər iki əlini göyə qaldırdı.

– Ey ulu tanrı, səndən nə qədər razıyam. Cənnəti mənə bu dünyada bəxş elədin. O dünyada cəhənnəm oduna yandırsan da səndən razıyam.

İri, qara gözləri hürkək-hürkək baxırdı. Sifəti, döşlərinin ayrıldığı yerə qədər sinəsi, əlləri elə bil ağ süd rəngli mərmərdən yonulmuşdu. Mərmər nədi? Yox, onun mərmərə heç bir bənzəyişi yox idi. Onu fil sümüyündən yonmuşdular. Bu məxluqu bəşər övladı belə kamil, belə zərif yona bilməzdi. Tanrı bütün işlərini bir kənara qoyub özü onu xoş saatda yaratmışdı. Bir anda onun arvadlarının ikisi də gözündən düşdü. Gövhərtac balacaboy idi. Səsi kişi səsinə oxşayırdı. Şirvanşahın bacısı isə bunun yanında qarayanız göründü. Düzdü, əvvəllər nə Gövhərtacın səsinə və boyuna, nə də Şirvanşah bacısının yanağının qarayanız rənginə fikir verməmişdi.

O, gözələ yaxınlaşdı. Xeyli baxdı. Boğazı sürahi kimi qalxırdı, boynunun yanlarından saçları sallanıb döşlərinin qabarıqlığını daha da aydınlaşdırırdı. Əlini kisəyə salıb xeyli daş-qaş çıxarıb onun başına səpdi. Qız onların heç birinə fikir vermədi. Daş-qaş xalının üstündə bərq vurdu. O, tutaş kipriklərini tərpətmədi də. Sultan Yaqub əlini uzadıb ona toxundurdu.

– Sən bəşərsənmi?

O, yenə dinmədi.

Sultan əl atıb onun qızıl işləməli, yüngül donunu parçalamaq, onun bütün gözəlliyini aşkara çıxarmaq istədi. Amma qız kənara çəkildi. Hardansa bir qəmə çıxartdı.

– Yaxın gəlmə. Gəlsən özümü öldürəcəm.

O, quruyub qaldı.

– Necə?

– Mənə əl vurmayın, hökmdar.



Sultan Yaqub geri çəkildi. Dayanıb ona tamaşa eləməyə başladı. O, hələ də özünə gələ bilməmişdi. Geri çəkildi ki, birdən bu xəyal, bu əfsanə, bu nağıl yoxa çıxa bilər. Şirin yuxu kimi əriyib gedər. Amma hökmdarlıq qüruruna da toxundu. Hələ heç kəs onun qarşısında “yox” kəlməsini işlətməmişdi.

– Sultana təslim olmaq istəmirsən?

– Mən indiyə qədər azad bir quş olmuşam. Mən qızıl qəfəsə təslim olmaq istəmirəm.

Qızın səsindəki məlahət də onu əfsunladı.

– Sən həm də ağıllı gözəliymişsən.

– Tanrıdan bir narazılığım varsa o da baxtımın qara yazılmasıdır.

– Qara bəxt. Sultan sarayına, sultan ağuşuna düşmək ağ bəxtdir.

– Kimin üçün ağdısa, mənin üçün qaradı.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin