§3. C.KLARK - NEOKLASSİK NƏZƏRİYYƏNİN AMERİKAN MƏKTƏBİNİN BANİSİDİR
Neoklassik iqtisadi nəzəriyyənin formalaşmasında Amerikan məktəbinin xüsusi rolu olmuşdur. Onun yaradıcısı Con Beyts Klark (1847-1938) hesab olunur. O, ABŞ-nın Rod-Aylend ştatının Providens şəhərində anadan olmuşdur. ABŞ-ın Amhert kollecini bitirdikdən sonra ali təhsilini Avropa Universitetlərində almışdır. Əvvəlcə Almaniyanın Heydelberq Universitetində, sonra isə İsveçrənin Surix Universitetində təhsil almışdır. Özünün iqtisadi baxışlarının formalaşmasında Heydelberqdə təhsil aldığı vaxt ona dərs demiş alman Karl Knisin böyük tə'siri olduğunu qeyd etmişdir.
ABŞ-a qayıdandan sonra əsasən müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1872-1895-ci illər ərzində amerikanın bir sıra kolleclərində iqtisadiyyat professoru kimi fəaliyyət göstərmişdir. Onun tələbələri sırasında sonralar ABŞ-da çox sanballı iqtisadçı hesab olunan T.Veblendə olmuşdur. 1895-1923-cü illər ərzində Kolumbiya Universitetində dərs demişdir.
İqtisad elminə olan böyük məhəbbəti və istəyi onun Amerikada iqtisadçılar assosiasiyasının yaradılması ideyasına gətirib çıxardı. Göstərmək lazımdır ki, bu assosiasiyanın fəaliyyəti ABŞ-da iqtisad elminin nəzəri, həm də praktiki istiqamətdə inkişaf etməsinə səbəb olur. C.Klark 1893-1895-ci illər ərzində Amerika iqtisadçılar assosiasiyasının prezidenti kimi fəaliyyət göstərir.
Əgər XIX əsrin sonunda İngiltərədə ən görkəmli iqtisadçı A.Marşall hesab olunurdusa, ABŞ-da da öz iqtisadi baxışlarına görə C.Klark hesab olunurdu. Lakin Klarkın öz Avropalı həmkarından fərqi ondan ibarət idi ki, o iqtisadi hadisələri kompleks və sistemli şəkildə deyil, konkret şəkildə öyrənməyə üstünlük verirdi. Bununla əlaqədar olaraq o öz ideyalarını bölgü vasitəsi ilə şərh etməyə üstünlük vermişdir.
Beləliklə, Klarkın özünün iki əsərini "Sərvətin fəlsəfəsi" (1886) və "Sərvətin bölgüsü" (1889) yaradır.
"Sərvətin bölgüsü" Klarkın iqtisadi baxışlarının tərənnüm edən əsas əsər kimi ona dünya şöhrəti gətirir. Ona həm ABŞ-da həm də Avropada şöhrət gətirən bu əsər keçmiş SSRİ-də 1934-cü ildə və Rusiyada 1992-ci ildə nəşr edilmşdir.
C.Klark "Sərvətin bölgüsü" əsərinin məqsədi kimi göstərir ki, "İctimai gəlirin bölgüsü" ictimai qanunlarla tənzimlənir. Əgər bu qanun heç bir maneəyə rast gəlməzsə, onda hər bir istehsal amilinə yaratmış olduğu sərvət məbləğini verərdi.
XXVI fəsildən ibarət olan bu əsər öz strukturu e'tibarı ilə olduqca spesifikdir. Onun spesifikliyi onunla müəyyən olunur ki, əvvəla əsərin ilk iki fəslində demək olar ki, bütün iqtisadi ideyaların yığcam xülasəsi verilir. İkincisi, hər bir elmi xülasə faktlarla, şərhlərlə, ilyustrativ materiallarla əsaslandırılır. Üçüncüsü, müəllif elmi diskussiya girməyəcəyini qeyd etsə də, lakin özü olduqca tutarlı disskussiya üçün material vermişdir.
Əsərin təhlilinə keçməzdən əvvəl göstərməliyik ki, Klark öz iqtisadi baxışlarını, sonralar yazmış olduğu "Əmək haqqının elmi qanunun qurulmasının mümkünlüyü" (1899), "İnhisarlar problemi" (1901), "İqtisadi nəzəriyyənin mahiyyəti" (1907) əsərlərində daha da inkişaf etdirmişdir.
Klarkın elmi müddəalarının "Sərvətin bölgüsü" əsərində daha ümumiləşdirilmiş şəkildə verildiyindən Amerikan iqtisadi məktəbinin metoloji mənbəyi öz başlanğıcını məhz bu əsərdən götürmüşdür.
Klarkın konsepsiyasına görə ictimai gəlirlər "təbii qanunlarla" tənzimləndiyindən, hər bir sosial qrup, ədalətlilik prinsipinə görə pay almaq imkanına malik olur.
Klark göstərir ki, cəmiyyətin illik gəliri üç mühüm hissəyə ayrılır. 1) Əmək haqqının ümumi məbləğinə, 2) Faizin ümumi məbləğinə, 3) Məcmu mənfəət məbləğinə.
Müvafiq olaraq bu gəlirlər əməyi, kapitalı və istehsalı təşkil edənlərin sərəncamına keçir. Klark mənfəətin gəlir növü kimi mahiyyətini həm kapitalist, həm də sahibkar baxımından çox incəliklə fərqləndirir. O göstərir ki, mənfəət kapitalistə, sahibkarın sərəncam və istifadəsinə vermiş olduğu maşın və avadanlıqlarına görə, sahibkara isə istehsal amillərinin birləşdirilməsi qabiliyyətinə görə, istehsala yenilik gətirmək və təşkilatçılığına görə çatır. Mənfəətin sahibkarlara çatacaq səviyyəsinin rolunu, Klark xüsusi qeyd edir və göstərir ki, məhz onun dərəcəsi istehsal amillərinin qarşılıqlı əlaqəsinin səmərəliliyini əks etdirir. Klarkın hər istehsal amilinə görə məhsuldan müvafiq pay əldə etmək me'yarını faydalılığın azalmasında görür. Faydalılığın azalmasını istehsal amilləri üzrə tədqiq edən müəllif belə qənaətə gəlir ki, bazar sistemi üçün istehlakçının mövqeyi nəzəriyyəsindən, istehlakçı tələbi nəzəriyyəsindən daha çox istehsal amillərinin seçilməsi nəzəriyyəsi daha çox əhəmiyyət daşıyır. İstehsal amillərinin seçilməsi həm məhsulların faydalılıq həddini, həm də son məhsuldarlıq həddini müəyyən etmək olar. Beləliklə də, hər bir sahibkar elə tətbiq olunacaq amillər qrupunu tapmağa çalışmaq istəyir ki, onların vasitəsi ilə minimum xərclə maksimum gəlir əldə etmək mümkün olsun.
Klark göstərirdi ki, əmək haqqının bazar səviyyəsi mövcuddur və o "təbii qanunla müəyyən edilir. Onun məbləğinin sahibkardan istər bicliklə, istərsə də tərsliklə əldə etmək imkanı" məhsuldarlıq səviyyəsinə görə məhduddur. Məhsuldarlıq isə tətbiq olunan amillərin kəmiyyətindən asılıdır. Burada da istifadə olunan hal vahid amillər son məhsuldarlığı müəyyən edici rol oynayır.
Konkret misal əsasında Klark bunu belə izah edir. İki amil götürülür. Əgər bu amillərin biri dəyişilməz qəbul olunsa, onda digər tətbiq olunan amilin kəmiyyətinin artımı ilə az gəlir gətirəcək. Bu əmək və kapital amili vasitəsi ilə izah olunur. Əmək onun sahibinə əmək haqqı, kapital isə mənfəət gətirir. Əgər dəyişilməz kpitalla əlavə işçi tutulursa, onda gəlir işçilərin sayına görə proporsional artmayır. Çünki, hər sonra tutulan işçinin məhsuldarlığı aşağı düşəcəkdir. Sonuncu və ya əlavə tutulan işçinin məhsulu aşağı məhsuldarlıq kimi əmək haqqının kəmiyyətini müəyyən edəcəkdir. Bu yalnız sonuncu işçi deyil, bütün digər işçilərə də şamil olunacaq. Belə analoji təhlil axırıcı buğda kisəsinin son faydalılığı ilə bağlı da aparılır. Burada vacib olan bir cəhəti nəzərə almaq lazımdır ki, əgər bir fəhlə eyni vaxtda bir deyil, bir neçə dəzgaha, məsələn, 3 dəzgaha xidmət göstərirsə, bu o demək deyil ki, məhsuldarlıq əvvəlki dəzkahda olduğu səviyyədə artacaq. Yaxud avtomobil mühərrikinin gücü iki dəfə artırılarsa, bu o demək deyil ki, qət olunan məsafəyə iki dəfə tez çatılacaq. Burada məsafəni tez qət etmək olar, lakin mühərrikin gücünün iki dəfə artımından asılı olaraq, ora iki dəfə tez çatmaq olar.
Klarkın konsepsiyasına görə əmək haqqı sonuncu əməyin məhsulu ilə uzlaşır. Muzdla tutulan işçilərin də həddi, sahibkar üçün onun gəlir gətirmə səviyyəsi ilə müəyyən olunur. Restoranda 30 xidmətçi çalışa bilər, lakin 36 nəfərlə xidmət daha tez gedə bilər. Əlavə 6 işçi restoranda xidmət səviyyəsini yüksəldirsə, lakin onun sahibinə heç bir əlavə gəlir gətirmir. Belə şəraitdə ümumi əmək haqqı fondu, sonuncu məhsul kimi çıxış edir. Əmək haqqının işçilərin sayına olan hasili, gəlir səviyyəsini müəyyən edir. Əmək haqqı fondu ilə yaradılmış məhsulun və ya əldə edilmiş gəlirin fərqi, sahibkar gəlirinin həddini müəyyən edir. Deməli, işçilərin sayının hər dəfə artımı, sahibkarın əldə edəcəyi payın azalmasına səbəb olacaqdır.
Beləliklə, sonuncu işçi öz əməyinin tam məhsulunu əldə edir. Sahibkarlın mövqeyi baxımından isə əlavə işçinin tutulması, əlavə gəlir gətirməyərək, eyni zamanda heç bir ziyan vermədən "təfavütsüz zonasına" daxil olur. Əlavə işçinin tutulması o vaxta qədər davam edir ki, əməyin son məhsulu "normal" əmək haqqı səviyyəsi ilə bərabərləşir.
Bunu Klark gəlirin əmələ gəlmə sxemi vasitəsi ilə izah edir.
V
Normal əmək
h aqqı səviyyəsi E S əməyin
son
məhsulu
A D
Burada SD=EA bərabər olması son məhsulun normal əmək haqqı səviyyəsinə bərabər olduğu zonası əks etdirir. Bu bərabərlikdən yuxarı hissə sahibkarlığın gəlir faizinin həddini normal səviyyəyə qədər həddinin dəyişilməsi mümkünlüyünü əks etdirirsə, aşağı hissə isə son faydalılıq həddinin aşağı düşməsini əks etdirir.
Əməyin məhsulu Klarka görə o vaxt işçiyə tam çata bilər ki, eyni zamanda o həm işçi olsun, həm də kapitalist. Lakin işçi və kapitalist müxtəlif simalardır. Ona görə də əmək haqqının mənşəyi e'tibarilə nə qədər əməyə məxsus olduğunu müəyyən etmək qeyri mümkündür. Belə şəraitdə məhsulun əldə olunmasına kömək göstərmiş maşın və avadanlıqlar, orada çalışanlara məxsus olacaqdır. Klarkın ideyasına görə əmək haqqının səviyyəsini rəqabət bərabərləşdirir. Bazar qiymətləri "daimi standartlar" ətrafında tərəddüd edir. Müxtəlif ixtisas sahiblərinin əmək haqqı səviyyəsindəki fərqlər kəskin ola bilər. Məsələn, cərrahın bir saatlıq əmək haqqı, sürücünün və ya dərzinin bir aylıq əmək haqqına bərabər ola bilər. Lakin kəskin fərqlənməni yalnız rəqabət əsaslandıra bilər.
Faizin mənşəyi ilə əlaqədar Klark analoji olaraq belə misallardan istifad edir. O, göstərir ki, əgər işçilərin sayı dəyişilməz qəbul olunarsa, onda əsas kapitalın (dəzkahların sayı) sayının artımı ilə, tətbiq olunan kapitalın məhsuldarlığının azalmasına uyğun olaraq aşağı düşəcək. Kapital sahibi, "sonuncu vahid"in gəlirinə uyğun olaraq öz gəlir payını və ya faizini əldə edəcək.
Bununla belə Klark gəlirlərin bölgüsünün həm mikro, həm də makro səviyyədə aparılmasını fərqləndirir. Belə fərqləndirmə yolu ilə bölgü vasitəsi ilə sosial nəticələri əsaslandırır. Bununla da Klark sübut edir ki, əməyin heç bir istismarı mövcud deyildir. Əgər işçinin əmək haqqı, sonuncu işçinin minimum məhsuluna bərabərdirsə, onda işçilərin artımı səviyyəsində onun səviyyəsi obyektiv olaraq aşağı düşməlidir. Mənfəət isə "dinamik vəziyyətə" uyğun olaraq, yə'ni sahibkarın istehsalın yenilikçisi kimi fəaliyyət göstərdiyindən arta bilər. Yeniləşmə prosesi, mənfəətin səviyyəsinin qorunmasına görə sür'ətlə gedə bilər. Belə sür'ətli proses istehsal amillərinin məhsuldarlıq səviyyəsinin dəyişilməsinə uyğun olaraq seçilməsini zərərləşdirir. Məhsuldarlıq həddi, gəlirlərin bölgüsündə əsas və müəyyənedici amilə çevrilir. Bununla da məhsuldarlıq həddi elmi nəzəriyyəyə çevrilir.
Son məhsuldarlıq nəzəriyyəsi istehsal amillərinə qiymətin əmələ gəlməsini əks etdirir. Hər amilə olan qiymət, onlara olan tələbə uyğun olaraq formalaşır. Belə formalaşma prosesi Klarka, bütün istehsal amillərinin eyni mənşəli olma fikrinə gətirir. O, belə hesab edir ki, hər bir amil məhsulun istehsalında və yaradılmasında səmərəli funksiyasına uyğun olaraq öz gəlirini və ya öz payını əldə edir.
Klarkın məhsuldarlıq həddi konsepsiyasının xüsusiyyəti ondan ibarətdir ki, bölgü nəzəriyyəsi istehsal amillərinin məsrəfinə, qoyuluşuna görə deyil, hər amildən alınan nəticəyə görə formalaşır.
C.Klark iddia edirdi ki, cəmiyyətin bu formada mövcudluğu və bu cür yaşamaq ehtimalı mübahisəlidir. Çünki, cəmiyyətin üzərində bir ittiham dolanmaqdadır. Bu ittiham ondan ibarətdir ki, əmək istismar olunur. Əgər bu ittiham sübut olunsa idi, onda hər bir vicdanlı insan sosialist olmalı idi. Hər bir əsl iqtisadçının borcu bu ittihamı yoxlamaqdır. Ona görə də C.Klark bütün gücünü kapitalizmin sosial ədalət prinsipini sübut etməyə sərf etmişdir.
Bu məqsədlə Klark tədqiqatın özünəməxsus metodunu seçmişdir. O, iqtisad elmini 3 (üç) bölməyə ayırmışdır.
Birinci bölmə "universal qanunların" axtarışına həsr olunmuşdur. Təcrid olunmuş təsərrüfatı və istehsakçıların psixologiyasını tədqiq edərək, Klark üç "universal qanun" kəşf edir.
1). Faydalılıq həddi qanunu.
2). Spesifik məhsuldarlıq qanunu.
3). Məhsuldarlıq azalması qanunu.
İqtisad elminin ikinci bölməsini o, iqtisadiyyatın statik vəziyyətindəki təhlilinə, üçkünc bölməni isə onun dinamikasının qanunlarının öyrənilməsinə həsr etmişdir.
Klarkın iqtisadi baxışları sisteminə xas olan daxili zəiflik, onun statika və dinamika haqqında tə'limində əyani olaraq əks olunmuşdur. Bu tə'limi siyasi iqtisada o, nəzəri mexanikadan gətirmişdir. Burada ön plana o, statika problemlərini qoyur, və iqtisadi qanunları "müvazinat qanunları" şəklində təsvir edirdi. İnkişaf prosesini o müvazinatın bir səviyyədən digər səviyyəyə keçməsi kimi təqdim edir, bütün dəyişiklikləri ancaq kəmiyyət dəyişikliklərinə aid edirdi.
İqtisadi dinamikanı şərh edən Klark göstərir ki, belə şərait müvazinatın pozulmasının əsas səbəbidir. Məhz belə vəziyyətdə müvazinatın bir vəziyyətdən digər vəziyyətə keçməsi baş verir. Müvazinatın pozulmasının əsas səbəbini Klark sahələr arasındakı disproporsiya ilə tələb və təklif arasındakı uyğunsuzluqla əlaqələndirirdi. Bununla yanaşı o, müvazinatın pozulmasına xarici təsadüfi amillərin də tə'sir göstərdiyini qeyd edirdi.
Müvazinatın pozulması səbəblərini, eləcə də onun bərpa olunması imkanlarını siyasi iqtisadın statik qanunlarında görən Klark göstərirdi ki, dinamika statik vəziyyətin davamıdır. Beləliklə də, o göstərirdi ki, müvazinatın statik vəziyyətdə baş verməsi səbəblərini izah etməkdən ötəri, mütləq iqtisadi dinamikanı təhlil etmək lazımdır. Beləliklə də, Klark göstərirdi ki, müvazinatın dolğun şərhi, onun iqtisadiyyatda gedən inkişaf prosesləri ilə əlaqədar öyrənilməsi ilə bağlıdır.
Bir cəhəti də xüsusi qeyd etmək lazımdır ki, Klark müvazinat prosesinin şərhində J.B.Seyin istehsal amilləri nəzəriyyəsindən istifadə etmiş, onların sərvətinin artımındakı rolunu göstərmişdir.
Eyni texnoloji proseslərə, eyni akt və materiallara əsaslanan və eyni məhsul növü buraxan istehsalda heç vaxt əldə olunan ne'mətlərin kəmiyyətini nə artırmaq olar, nə də ki, azaltmaq olar. Eyni ilə bu proses əgər torpaq sahələrinə, yaxud da fabriklərə şamil edilirsə, belə şəraitdə istehsalın sosial-statik vəziyyəti dəyişməz qalır. Çünki, məhsuldar orqanizm öz formasını dəyişməz saxlayır. Ona görə də sərvətin artımında, mövcud istehsal şəraitində, mövcud texniki səviyyədə tətbiq olunan əməyin kəmiyyətində mütləq dəyişikliklər etmək lazımdır. Çünki, bir-birindən asılı olan e'mal və hasil sahələri, eləcə də tələb və təklif eyni bərabərlikdə fəaliyyət göstərmir.
Əslində statik vəziyyətdə hərəkətin qapalı sistemi müşahidə olunur. Burada müvazinatlı və iqtisadiyyatın sabit prosesi əks olunur. Lakin iqtisadiyyatın müvazinatlı və sabit prosesi böyük iqtisadi dinamik güclə rastlaşır ki, bu da onun miqyasının dəyişməsinə səbəb olur. Klark iqtisadi dinamikanın olduqca tə'sirli gücünü görərək, çox uzaqgörənliklə qeyd etmişdir ki, "dünyanın normal sərvəti və əmək haqqının təbbi səviyyəsi, indikindən 2000-ci ildə qat-qat yüksək olacaqdır". Bunun da başlıca səbəbini Klark iqtisadiyyatı qeyri-sabit vəziyyətə gətirən dinamik şəraitlə əlaqələndirirdi. Dinamik şəraiti formalaşdıran beş amil qrupunu Klark xüsusi qeyd edərək göstərdi ki, məhz belə halda cəmiyyət dinamik vəziyyəti alır və ilkin olaraq mövcud sosial strukturaya tə'sir göstərir. Dinamik şəritin amillərini Klark belə göstərirdi: birincisi, əhalinin artımı, ikincisi, kapitalın artımı, üçüncüsü, istehsal metodlarının yaxşılaşdırılması, dördüncüsü, sənaye müəssisələrinin formalarının dəyişilməsi, beşincisi, daha məhsuldar müəssisələrin köhnə və az məhsuldarlı müəssisələrə nisbətən yaşaması.
Bu amillərin hər biri cəmiyyətin dinamik inkişafının əsas səbəbi olmaqla, onun statik vəziyyətindən çıxmasının başlıca istiqaməti kimi qiymətləndirirdi.
Rikardonun və onun davamçılarının statik dünya yaradılması ideyalarını, düşünülməmiş cəhd kimi qeyd edən Klark göstərirdi ki, XX əsrin axırlarında insanlar cəmiyyətin dinamik vəziyyətə gətirən amillərin rolunu dəqiq və doğru dərk edib, qiymətləndirə biləcəklər. Belə şəraitdə "iqtisadi dinamikanın xalis nəzəriyyəsi" meydana gələcək və hər cür dəyişikliklərə mə'ruz qalan amillərin keyfiyyət halı özünü əks etdirəcəkdir.
"Universal qanunlar" axtarışında Klark robinzon metoduna üz tutaraq inandırmağa çalışırdı ki, guya hətta ibtidai insan belə kapitalla əməliyyatlar həyata keçirməlidir. Doğrudur burada o, "sosial kapitalı" nəzərdə tuturdu. İctimai istehsalı o, ayrıca firma təkin bir orqanizma bənzədirdi. Müafiq olaraq, ictimai istehsalda tətbiq olunan kapital "sosial kapital" termini adı altında bütöv bir tam (vahid) şəklində nəzərdən keçirilirdi.
Qiymət nəzəriyyəsinin əsasına Klark "məhsuldarlıq həddi qanunu" qoymuşdur ki, bu da Avstriya məktəbinin tərtib etdiyi faydalılıq həddi nəzəriyyəsinin dəyişdirilmiş variantından başqa bir şey deyildir. Klark nə kimi yenilik təklif edirdi.
Klark subyektivçilikdən yaxa qurtarmaq üçün təklif edirdi ki, ne'mətin iqtisadi faydalılığını "avstriyalılar" və Marşall yazdığı kimi fərdlər deyil, alıcılar qrupu müəyyən etməlidir. Bundan başqa qeyd olunurdu ki, əmtəənin qiymətliliyi onun ayrı-ayrı xüsusiyyətlərinin faydalılıqlarının cəminə bərabərdir, çünki qiymətin müəyyən olunması zamanı bütövlükdə əmtəənin faydalılığı deyil, onu təşkil edən hissələrin faydalılığı nəzərə alınır, belə ki, hər bir əmtəə özündə müxtəlif faydalılıqların nümunəsini əks etdirir. Beləliklə, Klark alıcılar qrupunu və hər əmtəədəki rəngarəng faydalılığı xüsusilə ayırd edirdi. Öz müddəalarını əsaslandırmaq üçün o, müxtəlif əmtəələrə qiymətlərin qoyulması misalları gətirmişdir. Belə ki, yaxta çoxsaylı faydalılığa malik olan bir əmtəə kimi nümayiş etdirilirdi. Bunlardan birincisi, insanı suda saxlamaq qabiliyyətinə malik olan quru ağacın faydalılığıdır; ikincisi, taxta parçasının köməyi ilə insanın suda hərəkətini mümkün edir; üçüncüsü, insanın quru qalmasına kömək edir; dördüncüsü, yelkəslərin köməyi cəld və təhlükəsiz hərəkəti tə'min edir; beşincisi, insanın estetik zövqünü və tələbatlarını ödəyir. Burdan belə nəticə alınır ki, bu beş xassənin cəmi, özlüyündə qayığın malik olduğu "faydalılıqlar bağlaması"nı əks etdirir. Klarkın fikrincə, qiymətin ayrı-ayrı fərdlər tərəfindən deyil, alıcılar qrupu tərəfindən müəyyən olunması səbəbindən beş faydalılığın hər biri müəyyən qrup alıcılar üçün "son həddə" malik olacaq. Belə ki, bə'zi qrup alıcılar var ki, yalnız quru ağacı, digərləri odun parçasını, üçüncülər yelkənli qayığı və s. alacaqdır. Yalnız beşinci qrup alıcılar özgələrinə görə bütün qayğı ala bilərlər. Əgər əvvəlki qrup alıcılar almasaydı, yaxtanın hər bir "faydalılıq bağlaması"nın qiymətini bir alıcı ödəsəydi, onda o, 1000 dollar xərcləməli olardı. 1500 dollar quru ağac üçün, 300 odun parçası üçün, 100 dollar - üçüncü faydalılıq üçün, 75 dollar - yelkənli qayığın keyfiyyəti üçün və yalnız 25 dollar - yaxtanın komfortuna görə, çünki, estetik tələbat burada ən az faydalılığa malikdir. Bu, guya ki, ona görə baş verir ki, quru ağacın son faydalılığı suyun üzərində qalmaq istəyən alıcılar tərəfindən yalnız 5 dollarlıq qiymətləndirilir. Odun parçasının son faydalılığı üçüncünün 15 dollar ... və nəhayət yaxtanın son faydalılığı, əvvəlki kimi, 25 dollardır. Bütün bu qiymətlərin cəmi yaxtanın ictimai qiymətini verir (75 dollar).
Klark "faydalılıq həddi nəzəriyyəsini təbliğ etməklə yanaşı, özünün "sosial faydalılıq" nəzəriyyəsini yaratmışdır ki, bu nəzəriyyəyə görə, insanın tələbatının ödənilməsi bu tələbatın vacibliyindən irəli gəlir. Onun fikrincə, ədalətlilik prnsipi cəmiyyətin ictimai gəlirinin düzgün bölüşdürülməsindən asılıdır. O, belə hesab edir ki, "hər kəsə öz yaratdığını vermək" ədalətlilik prinsipinin qanuni ifadəsidir. Klark ictimai gəlir bölgüsünün təbiət qanunu əsasında idarə edilməsini iddia edərək, göstərir ki, bölgü istehsal amillərinin (əmək, kapital və torpaq) rolu əsasında həyata keçirilir, nəticə də ictimai gəlirin bölgüsündə fəhlə öz əməyinin yaradılmış məhsulu, kapitalist isə kapitalının "məhsulunu" almış olur. Klarka görə, ictimai gəlirin bölgü prinsipi bilavasitə istehsal amillərinin yə'ni əməyin kapitalın və torpağın fəaliyyəti nəticəsində meydana çıxan və alınan payın kəmiyyəti də istehsal amillərinin "məhsuldarlıq həddinə" uyğun olur.
Klark cəmiyyətin iqtisadi qanunlarını öyrənən siyasi iqtisadi təbiət qanunlarının fəaliyyəti ilə, o cümlədən "torpaq məhsuldarlığının azalması" qanunu ilə əlaqələndirməyə çalışırdı. O, bu qanunu yalnız torpağa aid etməyib həm də əməyin və kapitalın məhsuldarlığının azalmasına aid edərək, özünün məhsuldarlıq həddi" nəzəriyyəsini irəli sürür. Burada o, göstərdi ki, "əmək məhsuldarlığının azalması" qanunu universal xarakterli olduğundan bütün təsərrüfatlarda fəaliyyət göstərir. Bu qanuna görə kapital və avadanlığın həcmi dəyişmədiyi halda, fəhlələrin sayı artarsa, onda işə yeni cəlb edilən fəhlələrin əmək məhsuldarlığı özündən əvvəlki fəhlələrin məhsuldarlığına nisbətən ardıcıl surətdə azalması ilə nəticələnir.
Klark əmək haqqı səviyyəsini müəyyən edirkən "məhsuldarlığı həddi" nəzəriyyəsinə əsaslanaraq göstərir ki, əgər müəssisədə 5 fəhlə varsa, birinci fəhlənin faydalılığı ikinci fəhləyə nisbətən və eləcə də ikinci fəhlənin faydalılığı üçüncü fəhləyə nisbətən daha yüksək olacaqdır. Klark faydalılığı müəyyən edərkən "məhsuldarlıq həddi"ni əsas götürür və onu faydalılığın ölçüsü hesab edir. Buna görə də o, əmək haqqını da sonuncu fəhlənin "məhsuldarlıq həddi" ilə müəyyən edir. Klarkın məntiqi ilə, pis istehsal şəraitində işləyən və yalnız öz istehsal xərclərini ödəyən fəhlələr ən məhsuldar fəhlələrdir. Klark iddia edir ki, əgər fəhlələrin sayının dəyişmədiyi müəssisələrdə kapitalın miqdarı artarsa, onda kapitalın işə tətbiq edilən hər bir hissəsi əvvəlki kapital artımına nisbətən az miqdarda yeni məhsul yaradacaqdır.
"Məhsuldarlıq həddi" nəzəriyyəsində Klark mənfəət səviyyəsinin əmək haqqı səviyyəsi kimi məhsuldarlıqdan asılı olduğunu sübut etməyə çalışırdı. Lakin onun fikrincə, əhalinin artımı kapital artımına nisbətən daha sür'ətli olduğu üçün bu qanun məhz fəhlələrin payına tə'sir edir və buna görə də, sonuncu əmək vahidinin yaratdığı məhsul bütün fəhlələrin əmək haqqı səviyyəsini müəyyən edən ölçü vasitəsi olur.
Klarkın "Əmək və kapitalın məhsuldarığının azalması qanunu" haqqında yürütdüyü fikir, onun "statik müvazinat" nəzəriyyəsi ilə üzvi surətdə bağlıdır. O, cəmiyyətin "statik müvazinatdan" çıxıb, dinamik müvazinata keçməsinə tə'sir göstərən müxtəlif amillərin rolunu xarakterizə edərək göstərir ki, cəmiyyətin dinamik müvazinata keçməsinə əhali artımı, kapital yığımı, istehsalın yeni təşkili, yeni sənaye sahələrinin yaranması və insan tələbatının dəyişilməsi amilləri tə'sir göstərir. Klakın fikrincə, cəmiyyətin müvazinatının pozulmasına tə'sir göstərən başlıca səbəb əhalinin artımı və kapital yığımıdır. O, statik müvazinat nəzəriyyəsi ilə cəmiyyətdə baş verən texniki tərəqqini inkar edərək, bunun əsasında özünün maltusçu "əmək haqqı" qanununu irəli sürmüşdür. Məsələn, Klark əmək haqqının aşağı səviyyəyə düşməsi və işsizlərin (Ehtiyat əmək ordusunun) yaranması səbəbini əhalinin sür'ətli artımında görürdü.
Siyasi iqtisadın iki mühüm bölgüsü olan statika və dinamika haqqında tə'limi, Klark "Öhdələnmə və bölgü" nəzəriyyəsini tərtib edərkən istifadə etmişdir. Bu nəzəriyyədə o, kapitalizmdə istismarın olmadığını və gəlirlərin ədalətli olduğunu sübut etməyə çalışırdı. Bu məqsədlə Klark "Spesifik məhsuldarlıq qanunu" formalaşdırmışdır. O, burada istehsalın dörd amilini göstərmişdir.
1. Pul formasında kapital;
2. Kapital nemətləri (istehsal vasitələri və torpaq);
3. Sahibkarın fəaliyyəti;
4. Fəhlələrin əməyi.
Daha sonra o, qeyd edirdi ki, istehsalın hər bir amili spesifik məhsuldarlığa malik olub, gəlir yaradır, özü də hər bir sahibkar sahibi olduğu amildən meydana gələn gəlir payını alır. Belə ki, kapital bankrə faiz gətirir, kapital ne'mətlər rentanı yaradır, sahibkarın fəaliyyəti ona mənfəət (sahibkar mənfəəti) gətirir, əmək isə fəhləyə əmək haqqını tə'min edir. Gördüyünüz kimi, əsas ideya burada bə'zi modifikasiya ilə Seyin "xidmətlər nəzəriyyəsindən" götürülmüşdür.
Modifikasiya bundan ibarət idi ki, Klark Seydən fərqli olaraq, kapitalı bir amil kimi deyil, iki amil kimi (pul kapitalı və kapital ne'mətləri) nəzərdən keçirirdi. Daha sonra o qeyd edirdi ki, statika şəraitində sahibkar mənfəəti mövcud deyildir. Çünki, azad rəqabət guya ki, orta mənfəətin yenidən bölgüsünə deyil, onun tam ləğv edilməsinə gətirib çıxarır. Bu müddəanı sübut etmək üçün Klark o şəxsləri sahibkar adlandırdı ki, onların kifayət qədər iş qabiliyyətləri olsa da, şəxsi kapitala malik deyillər.
Klark kapitalist iqtisadiyyatının inhisarlaşması prosesini də nəzərdən qaçırmamışdır. "İqtisadi nəzəriyyənin mahiyyəti" əsərində, o, inhisarların özünə məxsus tənqidi ilə çıxış etmişdir və inhisarları soyğunçuluqda vətərəqqinin qarşısını almaqda ittiham etmişdir.
Beləliklə, C.Klark "Amerikan məktəbinin" neoklassik məktəbinin yaradıcısı kimi cəmiyyət həyatında istehsal amillərini seçilməsinə uyğun olaraq faydalanma həddini müəyyən etmişdir.
Eyni zamanda təklif nəzəriyyəsin neoklassik mahiyyətinin dərk olunmasına dair tə'lim yaratmışdır. Son məhsuldarlıq tə'limi istehsalın təşkil və idarə olunmasının optimal variantının seçilməsi və əsaslandırmasına və uyğun inkişaf modelinin tətbiq olunmasına istiqamət vermişdir.
Dostları ilə paylaş: |