Satış üçün nəzərdə tutulan qiymətli kağızlar. Satış üçün nəzərdə tutulan qiymətli kağızlar qiymətlər və ya ticarət marjasında qısamüddətli dəyişikliklər hesabına mənfəət əldə etmək məqsədilə alınmış və yaxud qısamüddətli mənfəətin əldə edilməsi üçün faktiki olaraq istifadə edilən portfelin bir hissəsini təşkil edən maliyyə aktivləridir. Şirkətlər Qrupu qiymətli kağızları aldıqdan sonra onları qısa müddət ərzində (yəni, 4 ay ərzində) satmaq niyyətində olarsa, həmin qiymətli kağızları satış üçün nəzərdə tutulan qiymətli kağızlar kimi təsnifləşdirir. Satış üçün nəzərdə tutulan qeyri-derivativ maliyyə aktivi yaxın zamanlarda satılmaq məqsədilə saxlanılmadıqda, Şirkətlər Qrupu həmin aktivi mənfəət və zərər hesabında ədalətli dəyərlə göstərilən maliyyə aktivləri kateqoriyasından çıxara bilər. Kreditlər və debitor borcları kateqoriyasına aid olmayan maliyyə aktivləri yalnız qeyri-adi xarakter daşıyan və yaxın gələcəkdə təkrarlanması az ehtimal olunan hadisə ilə bağlı yaranan nadir hallarda mənfəət və zərər hesabında ədalətli dəyərlə göstərilən maliyyə aktivləri kateqoriyasından çıxarıla bilər. Şirkətlər Qrupu, kreditlər və debitor borcları anlayışına cavab verən maliyyə aktivlərini yaxın gələcəkdə və ya ödəmə müddətinədək saxlamaq niyyətində olduqda, həmin aktivlər yenidən təsnifləşdirilə bilər.
Satış üçün nəzərdə tutulan qiymətli kağızlar ədalətli dəyərdə qeydə alınır. Satış üçün nəzərdə tutulan qiymətli kağızlar üzrə qazanılmış faizlər məcmu gəlirlər haqqında hesabatda faiz gəlirləri kimi qeydə alınır. Bu qiymətli kağızlar üzrə dividendlər Şirkətlər Qrupunun həmin qiymətli kağızlar üzrə müvafiq ödənişləri almaq hüququ müəyyən edildikdə və dividendlərin alınması ehtimal edildikdə digər əməliyyat gəlirlərində gəlir kimi qeydə alınır. Ədalətli dəyərdəki dəyişikliklərin bütün digər komponentləri, eləcə də uçotdan silinmə nəticəsində yaranan gəlir və ya zərər, mənfəət və zərər hesabatında yarandığı dövrdə satış üçün nəzərdə tutulan qiymətli kağızlar üzrə gəlir kimi (zərər çıxılmaqla) qeydə alınır.