MÜSTƏQİL AUDİTORUN HESABATI
Finans Lizinq Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına və İdarə Heyətinə:
Biz Finans Lizinq ASC-nin (bundan sonra “Şirkətlər Qrupu”) 31 dekabr 2015-ci il tarixinə konsolidasiya olunmuş maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixdə tamamlanan il üzrə konsolidasiya olunmuş məcmu gəlirlər, konsolidasiya olunmuş səhmdar kapitalında dəyişikliklər və konsolidasiya olunmuş pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarından, eləcə də əsas uçot siyasətinin və digər izahedici məlumatların xülasəsindən ibarət olan əlavə edilmiş konsolidasiya olunmuş maliyyə hesabatlarının auditini aparmışıq.
Maliyyə Hesabatları üzrə Rəhbərliyin Məsuliyyəti
Hazırkı konsolidasiya olunmuş maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə Rəhbərlik məsuliyyət daşıyır. Həmin məsuliyyətə fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli səhvlər olmayan konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sisteminin təşkili, tətbiqi və saxlanması; müvafiq uçot siyasətinin seçilməsi və tətbiqi və müəyyən şəraitə münasib olan uçot ehtimallarının müəyyən edilməsi daxildir.
Auditorun Məsuliyyəti
Bizim məsuliyyətimiz apardığımız audit əsasında həmin konsolidasiya olunmuş maliyyə hesabatları üzrə rəy bildirməkdir. Biz, auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Həmin Standartlar bizdən etik normalara riayət etməyi və auditin planlaşdırılması və aparılmasını konsolidasiya olunmuş maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.
Auditə maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizəsindən, eləcə də fırıldaqçılıq və ya səhv nəticəsində konsolidasiya olunmuş maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənib hazırlanması məqsədilə müəssisə tərəfindən konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, auditə mövcud uçot siyasətinin uyğunluğunun və rəhbərliyin uçot ehtimallarının əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də konsolidasiya olunmuş maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.
Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.
Rəy
Bizim rəyimizcə, əlavə edilən konsolidasiya olunmuş maliyyə hesabatları 31 dekabr 2015-ci il tarixinə Şirkətlər Qrupunun konsolidasiya olunmuş maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə konsolidasiya olunmuş maliyyə nəticələrini və konsolidasiya olunmuş pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.
Bakı, Azərbaycan Respublikası
29 yanvar 2016-cı il
Dostları ilə paylaş: |