Qədriyə (Kadriya) Orazbay qızı Temirbulatova (14.12.1948, Dağıstan Respublikası Tepekli Məktəb-30.06.1979). Gənc yaşlarında faciəli ölümü ilə noqay xalqının yaddaşında dərin iz buraxmışdır. Çoban ailəsində doğulan Qədriyyə kəndlərindəki orta məktəbi bitirdikdən sonra, 1965-ci ildə Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji Institutunun filologiya fakültəsinə daxil olmuşdur. “Şöllük mayakı” (Çöllük mayakı) adlı rayon qəzetində çap olunan ilk şeiri Dağıstan Yazıçılar Ittifaqının diqqətini çəkmişdir. “Komsomolets Daqestana”, “Daqestanskaya Pravda”, qumuq türkcəsində çap olunan “Lenin yolu” qəzetlərində, qumuq türkcəsində çıxan “Dostluq” jurnalında müntəzəm şeir və məqalələrini nəşr etdirən Qədriyəni üçüncü kursdan sonra avar şairi Rəsul Həmzətovun zəmanəti ilə Moskvadakı M.Qorki adına Ədəbiyyat Institutunda oxumağa göndərirlər.
Ədəbiyyat Institutunun tələbəsi ikən onu SSRI Yazıçılar Ittifaqına üzv qəbul edirlər və yazıları Moskva qəzetlərində çap olunmağa başlayır.
Ilk qələm təcrübələri olan “Qumlu tastar şöllüqim”, alleqorik “Gələ zaman”, “Men tuvqanda” (Mən doğulanda) şeirləri ədəbiyyata xalqını ürəkdən sevən, onun tarixinə və ənənəsinə bağlı istedadlı bir gəncin gəldiyindən xəbər vermişdir. Doğma kəndinə həsr etdiyi “Tereklidə (Dirəkli) üç gün”, “Menim xalkima”, “Ayıtdılar”(Dedilər), “Güclü yellər əsdilər çölümdə”, “Amzatxanqa”, “Almirağa” və b. şeirində noqay ədəbiyyatına gətirdiyi yeni ifadə vasitələri ilə seçilirdi. O, şeiri şüarçılıqdan uzaqlaşdıraraq poeziyaya klassik Doğu şeirində olduğu kimi dərin fəlsəfi məna vermək istəyirdi.
1971-ci ildə Mahaçqalada ilk şeirlər toplusu olan “Tav danıldan baslanadı”(Dağ düzənlikdən başlanır) nəşr edilir. Iki il sonra isə Qədriyə Temirbulatovanın “Yaslık yırları” (Gənclik nəğmələri), “Tav danıldan baslanadı”, “Ayındırık yarıqı” (Ildırım işığı) və “Yatlablar” (Şeirlər) adlı kitabları çap olunur. (Suyunova N., 2006: 240) Bu milli azlıqlardan olan gənc bir şair üçün olduqca böyük bir uğur idi.
1975-ci ildə isə Moskvadakı “Molodoy qvardiya” nəşriyyatı Qədriyənin rus dilinə çevrilmiş “Ulıbka lunı” (Ayın təbəssümü) kitabını nəşr edir. Məşhur malkar şairi Qaysın Quliyevin ön söz yazdığı bu kitab müəllifinə böyük uğur qazandırır. Kitabın birinci nüsxəsi gənc şairə Moskvada Gənc Yazıçıların VI Ümumittifaq müşavirəsində təqdim olunur və Dağıstan Komsomolu Mükafatına layiq görülür.
Q,Temirbulatova Qamzat Acıgəldiyevin ana dilində yazdığı şeirləri rus dilinə çevirməklə onu daha geniş aidutoriyada təbliğ etməyə çalışmışdır.
1978-ci ildə Moskvada SSRI Yazıçılarının qurultayında və Daşkənddə Asiya Afrika Ölkələri şairlərinin forumunda iştirak edən, Mahaçqalada ana dilində “Xayran” (Heyran) kitabı çap olunan Qədriyə həmin ilin iyulunda Kubanın paytaxtı Havanada keçiriləcək XI Ümumdünya Gənclər Festivalına hazırlaşır. Lakin bu ona nəsib olmur. Iyun ayının 30-da, gündüz onun öldürüldükdən sonra yandırılmış meyidini öz evində tapırlar (Suyunova N., 2006:239-241).
Qədriyənin şeirləri “Əsmə saxlan” və “Peşiman yırları” kitablarında toplanmışdır (Suyunova N.X., 2003:235-243).
Dostları ilə paylaş: |