1.4. Bucaq kəndləri və bucaq tayfası
Ilk baxışda elə təsir yaranır ki, Azərbaycanda qaqauzlar haqqında xeyli araşdırma aparılmış və qaqauzların tanıdılması da yetərincədir. Amma bir az dərinliklərə getdikdə öyrənilməmiş, qaranlıq qalmış çox mövzuların olduğunu görürük.
Dayım qızı Ülviyyə Qarayeva qonşu kənddə-Böyük Məzrədə yaşayan qohumumuz Isgəndər Ibrahim oğlu ilə ailə qurduqdan sonra ərinin təyinat yeri – Şəki rayonunun Turan qəsəbəsinə köçmüşdü. Isgəndər Gəncədə Kənd Təsərrüfatı Institutunun baytarlıq fakültəsini bitirmişdi. Mən də Turan qəsəbəsinə gedəndə adamların əhval-ruhiyyəsini öyrənmək üçün onunla çayxanaya gedər, söhbətlərə qulaq asar, müzakirələrə qoşular, folklor örnəkləri toplayardım. Çayxanada bəzən kimlərəsə “qaqauz”, “türkman” deyə zarafat etdiklərini eşitsəm də, buna o qədər əhəmiyyət verməmişdim.
Qəbələ rayonundakı Komrat baba piri haqqında oxuyanda yadıma qaqauzların yığcam yaşadıqları Moldova Respublikasındakı Komrat şəhəri düşdü. Bizimlə eyni illərdə jurnalistika fakültəsində qiyabi oxuyan, Qəbələnin Çarxana kəndində doğulmuş Akif Hacıyev rayonlarındakı Zizik və Dizax kəndlərində yaşayanlara “türkman” deyildiyini, “türkmanlar” evlənərkən öz tayfalarından qız aldıqlarını, hətta münasıb qız tapmayanda qonşu kəndlərdən deyil, Bərdədəki “türkmanlar”dan qız aldıqlarını eşitdikdə bölgəyə marağım artdı. Turan qəsəbəsində eşitdiklərim yenidən diqqətimi çəkdi.
Turan qəsəbəsindəki çayxanada Oğuz rayonunun Baş Daşağıl kəndində yaşayanlara qaqauzlar deyildiyini qeydə almışdım. Məsələni aydınlaşdırmaq üçün Baş Daşağıl kəndinə getdim. Kəndin çevrəsindəki qəbiristanlıqlarda başdaşlarının çoxu torpağa batıb. Kənddən aşağıda isə xristian məbədinin xarabalıqları qalır. Burada araşdırma aparılmayıb.
Kəndin indiki sakinlərinin əksəriyyəti Qafqazda Rusiya müstəmləkəçiliyinə qarşı Şeyx Şamilin başçılığı ilə 30 il davam edən müridizm hərəkatı məğlub olduqdan sonra, yəni son 100-150 ildə burada məskunlaşmışlar. Hətta elə ailələr var ikinci dünya savaşından sonra buraya köçmüşlər.
Rayon mərkəzindən Baş Daşağıla gedən yolun sağında Bucaq adlı kənd var. Bu kənd haqqında “Azərbaycan toponimləri. Ensiklopedik lüğət” kitabında yazılmışdır: “Bucaq-Oğuz rayonunda kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Əsil adı Bucaq Daşağıl. 19-cu yüzildə kənd ərazisində Güllü Bucaqlı adlı icma vardı. Bölündükdən sonra bir hissəsi Daşağıl kəndi yaxınlığında yerləşdiyinə görə Bucaq Daşağıl, digər hissəsi isə Muxas kəndi yaxınlığında olduğuna görə Muxas Bucaq adlandırılmışdır. Kənd Qozluçayın sahilində yerləşdiyinə görə, “Qozlu Bucaq” da adlanırdı.
Toponim bucaq tayfasının adı ilə əlaqədardır. Keçmişdə Azərbaycanda Bucaq adlı 7 kənd vardı. Bucaq etnonimi ilə bağlı toponimlər Qafqazda geniş yayılmışdır. 13-cü yüzildə moğollar qıpçaqları Şimali Qafqazda sıxışdırdıqdan sonra bir hissəsi, o cümlədən bucaqlar Azərbaycana gəlib məskunlaşmışlar. Bucaqlar qədim türkdilli bulqarların bir hissəsi idilər. Dnepr-Dunay çayları ilə Qara dəniz arasında Bucaq adlı yerdə məskunlaşdıqlarından qədim bulqarların bir hissəsi bu adı qəbul etmişlər. Həmin ərazi yunan qaynaqlarında Oqloss (künc, bucaq) adlandırılırdı. Toponimin yayılma arealı genişdir. Moldova ərazisindəki cənub-şərqi Bessarabiya düzü Bucaq düzü adlanır. Türkiyədə eyni adlı yaşayış məntəqəsi, rayon ərazisində Bucaq çayı, Ilisu kəndində (Qax rayonu) tabun tirəsi var” (Azərbaycan toponimləri, 1999: 101).
Baş Daşağıl kəndi yaxınlığında indi də Qoca Bucaq bulağı və Qoca Bucaq çəməni var. XX yüzilin əvvəllərində Azərbaycanda yeddi Bucaq kəndi vardısa, indi onların sayı üçdür, bunlardan biri Oğuz, ikisi Yevlax rayonundadır.
Dostları ilə paylaş: |