AZSAYLI XALQLARA
BÖYÜK MƏHƏBBƏT
Araşdırıcılıq çox mühüm və məsuliyyətli işdir. O, həm obyektiv, həm bilgili, həm də sənətinin aşiqi olmalıdır ki, ortaya qoyduğu məhsul da faydalı, səmərəli olsun. Onun ən böyük uğuru isə ehtiyac duyulan, araşdırılmamış və öyrənilməmiş məsələni ortaya çıxarmasıdır. Mövzu üçün istər keçmişə müraciət edilsin, istər günümüzün hadisələrinə, əsas odur ki, gələcək üçün daha çox işə yarayacaq əsərlər ortaya çıxsın. Bunu da ancaq seçdiyi mövzuya ürəyindəki sevgini daşıyacaq araşdırıcılar bacara bilər.
Avrasiyanın böyük bir hissəsində dövlətlər quran, xalqlar arasında mədəniyyətin daşıyıcısı rolunu oynayan türklər sonra tarixin tələbi, cəmiyyətin də inkişafı ilə bir neçə qruplara və boylara bölünməyə başlamışlar. Bu bölünmənin nəticəsidir ki, türkün gücündən, qüdrətindən qorxan “yağılar” eyni millətdən olan iki qardaş xalqı bir-birinə düşmən gözü ilə baxmağa məcbur etmişdir. Imperialistlərin böyük təxribatı ilə özbəkliyini, azərbaycanlılığını qəbul etdiyi halda türklüyünü inkar edən türklər meydana gəlməyə başlamışdır. Müsəlmanların və türklərin başına gətirilən oyunların tarix boyu sayı-hesabı yoxdur.
Dünya imperialistləri türk qövmünün birləşməsini böyük təhlükə kimi görüb və hər zaman onu parçalamaq, ayırmaq siyasətini güdmüşdür.
Bu uçurumu görən Ismayıl Qaspıralı, Yusuf Akçura, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və s. kimi türkoloq və ideoloqlar keçən əsrin əvvəllərində türklərin birləşməsinin vacibliyini vurğulamış, bunun uğrunda mübarizə aparmışlar. Onların mübarizələri düz bir əsrdən sonra gerçəkləşmə yolunu tutmuşdur. Indi dövlət başçıları da görüşlərində, toplantılarında bu məsələni tez-tez gündəmə gətirirlər. Bu gün türk dünyasının birləşməsi uğrunda bir çox mühüm addımlar atılmışdır. Lakin buna qədər türk qövmünün keçdiyi tarixi yol olduqca çətin – enişli, yoxuşlu olmuşdur. Dəfələrlə bağrından bıçaqlanmış, parçalanmış, sürgünlərin qurbanı olmuşdur. Öz doğma torpaqlarından didərgin düşmüş, sürgün edilmişdir.
Sürgünlər təkcə ziyalıları öz ağuşuna almamışdır. Milyonlarla türk imperialist hökumətlərin qurbanı olmuşdur. O və ya bu şəkildə türklərin qətlə yetirilməsi fərmanları verilmişdir. Rusiya və onun varisi olan Sovetlər birliyi yalnız işğal etdiyi ərazilərdə deyil hətta xariçi ölkələrdəki türklərə də divan tutmuşdur. Baymirza Hayit yazır ki, Kaşqarda polis idarəsinə rəhbərlik edən sovet vətəndaşı Mavlanov bir gündə 6.000 nəfəri güllələtmiş, 300.000-dən çox Doğu Türküstanlını həbs etdirmiş və 10.000-dən çox ailənin malını müsadirə etmişdir. Ikinci Dünya Savaşı illərində Avropaya getmək məcburiyyətində qalan Quzey Qafqaz müsəlmanlarını Ingilislər Sovetlərə təhvil verdilər ki, vətənə qaytarsınlar. 1945-ci ilin mayın 28-də həmin insanları Sovet qoşunları Avstryanın Drau çayı sahilində kütləvi güllələmişlər. Yüzlərlə qadının və uşağın da məhv edildiyi həmin yerdə abidə qoyulmuş və hadisə tarixə Drau faciəsi kimi daxil edilmişdir.
Dəfələrlə torpaqlarından – ata-baba yurdlarından didərgin düşmüş, bu azmış kimi, güllələnmiş, bilərəkdən məhv edilmişlər. Istər axıska türklərinin taleyi, istər Ermənistan qaçqınlarının taleyi, istərsə də Drau faciəsi bunun açıq göstəricisidir. Bu cür örnəklər yüzlərlədir. Keçmiş sovet məkanında məskunlaşmış bütün türklər rus imperialistlərinin əlindən “yaralıdır”. Iki qardaş arasında o qədər düşünülmüş şəkildə nifaq salmışlar ki, izi uzun zaman silinməyəcək kimi görünür.
Bu gün fars şovinistlərinin, çin imperialistlərinin zülmü altında qalan milyonlarla türklər var ki, öz dillərini unutmaq üzrədirlər. Eyni siyasəti rus imperializmi Şimali Qafqaz xalqlarının başına gətirmişlər. Sevindirici haldır ki, bu xalqlar hələ də ailə daxilində öz doğma türk dillərində danışır, adət-ənənələrini qoruyub saxlaya bilirlər. Üstəlik, 50-ə yaxın etnik qrupun yaşadığı Şimali Qafqazda yüzillər boyu ortaq dil kimi Türk dili işlədilmişdir. Bu da bir daha bizim haqlı qürurumuz və fəxrimizdir.
XX yüzildə isə sovetlər “beynəlmiləlçilik, qardaşlıq” adı altında ruslaşdırma siyasəti yeridərək buna son qoydu. Bu ərazidə yaşayan türk xalqları öz dillərini, mədəniyyətlərini, folklorlarını belə çətin şəraitdə qoruyub saxlamışlar. Biz də onlara əlimizdən gələn bütün köməyi əsirgəməməli olduğumuz halda, təəssüf ki, diqqətdən kənarda qoymuşuq. Halbuki yaxın keçmişə qədər qaraçay-malkarların, qumuqların, noqayların, qaqauzların, uyğur türklərinin apardıqları mücadilələr gözümüz önündə baş vermişdir. Nə yazıq ki, bu hadisələri tezliklə unutmuşuq və onlara biganə qalmışıq.
Əli Şamilin “Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı” əsəri məni çox sevindirdi. Bir anlıq ötən əsrin otuzuncu illərində - repressiya illərində Azərbaycanda öldürülən, qətlə yetirilən ziyalıları gözümün önünə gətirdim. Onlar arasında Azərbaycan türkü qədər də tatar, axıska və s. türkləri var idi. Bu da təsadüf deyildi. Çünki bu xalqlar hər zaman eyni millətin üzvləri kimi davranmış, bir-birlərinə dayaq durmuşlar. Lakin təəssüf ki, Sovet Birliyi zamanı aparılan təbliğatlar öz təsirini göstərmiş və arada məsafələr yaranmasına gətirib çıxarmışdır.
Dünyanın bir çox imperialist dövlətləri ilə mübarizə aparan türklər hər zaman öz türklüklərində qalmışlar. Hər nə qədər əridilməyə məcbur edilsələr də, yenə də türk olaraq qala bilmişlər. Bəzən bunun tamamilə əksi olmuş, xalqlar türklərin içində əriyib yox olmuşlar.
Türklərin birliyini qoruyub saxlayan, şübhəsiz, ortaq dil, ədəbiyyat, folklor və ortaq keçmiş – tarix faktorlarıdır. Eyni tarixdən, eyni soy kökdən olan bir millətin dilinin, ədəbiyyatının, folklorunun ortaq olması o qədər də təəccüblü olmamalıdır.
Türkləri ortaq mifik yaddaş, ortaq mədəniyyət birləşdirir. Bir çox ortaq dastanlar, nağıllar, mərasimlər var ki, hansı hakimiyyət altında olmasından, hansı dinə sitayiş etməsindən asilı olmayaraq türklər arasında hər zaman yaşamışdır. Bu gün bütün türklərin Tanrıçılıq sisteminə sadiq qalması, Novruz bayramını, Xıdır Nəbini, çillələri bir qədər fərqlə də olsa, qeyd etmələri ortaqlığımızı daha çox təkmilləşdirir. Gələnəklərinə bağlı türkləri birləşdirən daha bir xüsusiyyət isə, heç şübhəsiz, aşıq-ozan sənətidir, sazdır. Aşıq Ələsgərin yaradıclığında Qaracaoğlanın təsirini görməyimiz bu birliyin nəticəsidir. Bu gün hər hansı bir folklor materialının örnəklərini bütün türk xalqlarının folklorunda fərqli variantlarda tapmaq olar. Məhz buna görədir ki, türk tarixini, ədəbiyyatını, folklorunu, mədəniyyətini bütövlükdə türk dünyasını öyrənmədən təhlil etmək, nəticə çıxarmaq mümkün deyil. Buna görə də bütün türk xalqlarının ədəbiyyatı hökmən öyrənilməli, tədqiq olunmalıdır.
Təəssüf ki, Azərbaycanda rus, ingilis, fransız və b. bir çox böyük xalqların ədəbiyyatı öyrənilsə də, lap yaxınlığımızdakı qumuqların, noqayların, qaraçayların, balkarların, Kırım tatarlarinın, bizdən uzaqlarda olan qaqauzların, uyğurların folklorunu, ədəbiyyatını, hətta deyərdim ki, az qala özlərini nəzərdən qaçırmışlar. Halbuki biz diqqəti daha çox bu sahəyə yönəltməliyik ki, imperialistlərin bütün gücü ilə əritməyə çalışdıqları halda, buna qarşı çıxmaq, öz kimliklərini qoruyub-saxlamaq yolunda onlara yardımçı ola bilək.
Əli Şamilin türk dünyasına – onun tarixinə, folkloruna, ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə olan aşinalığını bildiyimizdən bu əsərin mahiyyətini görə bilirik.
Bütün ömrünü türklüyə - Türk Birliyinə həsr edən bir araşdırıcının çoxlarının görmədiyi, fərqində olmadığı məsələni gün üzünə çıxarması o qədər də təəccüblü deyil. Bu işləri həqiqi elm fədailəri görürlər. Azsaylı türk xalqlarını ədəbiyyat və folklorundan yazmaqla, əslində, Əli Şamil bir daha ictimaiyyətin diqqətini onlara yönəltmək istəmişdir. Açıqcası, kitab buna nail olacaq. Çünki kitabı oxuduqca bu gün böyük xalqlar içində əridilməyə və türklük kimliyini unutmağa məcbur edilən qardaşlarımıza dəstək olmanın nə qədər vacib olduğu qənaətinə gəlirik. Bir daha əmin oluruq ki, türk tarixi qədim və dərindir. Onun dərinliyinə isə ancaq birliklə - bütün halda vara bilərik.
Qafqazın quzeyində yaşayan, yazılı ədəbiyyatları olan noqayların, qumuqların, qaraçay-malkarların, keçmiş Bessarabiyada - bugünkü Ukrayna və Moldova Respublikalarında yaşayan qaqauzların, Çin Xalq Respublikasında qalan uyğurların ədəbiyyat tarixləri haqqında yazılan bu əsərdə Azərbaycanda ilk dəfə həmin xalqların ədəbiyyatı, folkloru sistemli və geniş şəkildə araşdırılaraq kitab halına salınmışdır. Kitabda noqay, qaraçay-malkar, qumuq türkləri, yəni Şimali Qafqaz türklərinin ədəbiyyatları ilə yanaşı, həm də uyğur türklərinin və qaqauz türklərinin də ədəbiyyatları diqqətdən yayınmamışdır. Bu da müəllifin araşdırma arenasının genişliyindən xəbər verir. Üstəlik, kitabın müəllifin yazdığı məqalələr toplusundan ibarət olması içərisindəkilərin daha səmimi bilgilərdən ibarət olduğunu göstərir. Buna görədir ki, yazılar həm oxunaqlı, həm də məlumat xarakterlidir.
Kitabda yalnız Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatından söz açılmır, həm də onların Azərbaycanla əlaqəsinə diqqət yetirilir. Ümid edirik ki, bu əsər gənc tədqiqatçılar üçün gərəkli bir kitab olacaq. Inanırıq ki, bir başlanğıc olan bu kitabdan sonra Şimali Qafqaz, qaqauz və uyğur xalqlarının ədəbiyyatına, folkloruna, incəsənətinə maraq və diqqət daha da artacaq.
Dostları ilə paylaş: |