Isa Söyün ulu Kapayev (1949). Noqay ədəbiyyatında araşdırıcı ədib kimi tanınır. Atası Söyün Kapayev noqay ədəbiyyatının görkəmli simalarındandır. 1975-ci ildə “Xurcun”, “Berdazi”, 1985-ci ildə “Qarmanıstika”, “Dünya ömürlü senin gözlerinde” “Reklama” povestlərini, 1982-ci ildə “Vağzal” , 1989-cu ildə “Sülder” romanlarını nəşr etdirmişdir. “Sülder” romanını ikinci cildi 1991-ci ildə oxucuların mühakiməsinə verilmişdir.
Murat Alibek ulu Avezov (02.11.1951. Dağıstan MSSR Noqay rayonu Orta Töbe kəndi). Murad noqay folklorunu yaşadan, onu təbliğ edən bir ailədə doğulmuşdur. Atası Alibek donbura çalaraq noqay əfsanələrini söyləməklə, nənəsi Bazilet və anası Elbiyke isə tarixi şəxsiyyətlər olan “Suyunbiyke”, “Yanbiykey”, “Nayman xanın qızı Bayqız” və başqa ağıları söyləməkdə məşhur olmuşlar.
Murad kəndlərindəki səkkizillik məktəbi bitirdikdən sonra Qaraqasdakı orta məktəbdə oxumuşdur. Orta məktəbdə oxuyarkən “Besik” (Beşik) və “Anama” şeirlərini “Şöllik mayakı” qəzetində çap etdirmişdir. Elə həmin qəzet 1969-cu ildə onun Qamzat Acıgəldiyevə həsr etdiyi “Turnalar” poemasını da nəşr etdirmişdir.
1969-70-ci illərdə Buynaksk şəhərindəki 1 saylı texniki- peşə məktəbində oxuyan Murat oranı bitirib əsgəri xidmətə gedir və Macarıstanda əsgərlik keçirir. 1972-ci ildə əsgəri xidmətdən geri döndükdən sonra bir il Qaraçay Çərkəz Pedaqoji Institututunun hazırlıq kursunda oxuyur və həmin ali məktəbin noqay-rus filologiyası fakültəsinə qəbul olunur. Ali məktəbdə təhsilini başa vurub kəndlərində müəllim işləməyə qayıdır.
Müntəzəm olaraq “Şöllik mayakı”, “Lenin yolu” qəzetlərində və gənc şairlərə həsr olunmuş toplularda şeirlərini çap etdirir. “Şöllik mayakı” qəzetində müxbir, məsul katib, redaktor müavini, redaktor işləyən Murad Avezov 1990-91-ci illərdə “Laşın” uşaq jurnalına, 1991-92-ci illərdə uşaqlar üçün çap olunan “Bayterk” qəzetinə redaktorluq edir.
Tereklidəki noqay teatrına rejissorluq edən Murat Avezovun “Es” (Yaddaş) adlı ilk şeir kitabı 1982-ci ildə Mahaçqalada çap olunmuşdur.
Sovetlərin çöküşü zamanı yaradılan “Birlik” adlı noqay ictimai-siyasi təşkilatına rəhbərlik edən Murat Avezov Türk xalqlarının toplantılarında da fəal iştirak edir. Beynəlxalq Imaməddin Nəsimi mükafatının qızıl medalını və Dağıstan Respublikasının Əməkdar Mədəniyyət Işçisi adını alan Murad Avezovun “Aytıs” (Yarış) (1992), “Masaklar” (Sünbüllər) (1992), “Bir uvıs topırak, bir uvıs suv” (Bir ovuc torpaq, bir ovuc su) (2002), uşaqlar üçün yazdığı “Bayterek” nağıl kitabı (2001) və b. kitabları çap olunmuşdur. (Suyunova N., 2006:244-246)
Dostları ilə paylaş: |