Xusey Muxacir ulu Caybayev (Caybalanı) (1936, Qaraçay Çərkəz Muxtar Vilayətinin Aşağı Teberdi kəndi-1999) Sürgündən vətənə döndükdən sonra pedaqoji institutu bitirib qəzetdə işləyən Xusey Caybalanı ömrünün son illərində daha çox xalqının sürgün olunmasından, milli və dini məsələdən yazırdı. Qaraçay Çərkəz Muxtar Vilayətində nəşr edilən “Leninin bayrağı” qəzetində işləyən Xusey Caybalanı ilə bir neçə dəfə görüşmüş, ədəbiyyat, xalqlarımızın keçmişi və gələcəyi mövzusunda söhbətlər etmişdik. 1987-ci ildə Çerkesskdə çap etdirdiyi “Kyumyuş canqur” (Gümüş yağış) kitabına 1990-ci ilin aprelin 20-də imzalayaraq mənə bağışlamışdı. Kitabda diqqətimi ilk çəkən şeirlərin məzmunu olmuşdu. Çünki SSRI-də çap olunan şeir kitablarının ilk səhifələrində adətən Kommunist partiyası və onun liderlərini, sosializm quruculuğunu öyən şeirlər verilirdi. Xusey Caybalanının kitabı isə belə deyildi. O, kitab “Elimin cazı” şeiri ilə başlayırdı. Kiçik formatlı 126 səhifəlik kitabda partiya, oktyabr inqilabı, Lenin və bu kimi şeirlərə rast gəlmədim. Çalışdığı “Lenin bayrağı” qəzetinin 20 sentyabr 1990-ci ildə çap olunmuş sayının üçünçü səhifəsi bütövlükdə X.Caybalanının şeirlərinə həsr edilmişdi. Qəzet Sov.IKP Qaraçay Çərkəz Vilayət Komitəsinin və vilayət xalq deputatlar sovetinin orqanı o3lmasına baxmayaraq burada da kommunis partiyası və sosializm quruculuğunu öyən şeirlər yox idi. “On bir day”, “Ana dili”, “Iyesiz mekan”, “Iynam”, “Qayanın ürəyi”, “Gözlə”, “Gecə”, “Axır səbəb”, “Sen patçax esenq” və başqa şeirləri şairin vətəni və milləti haqqında lirik düşüncələrindən ibarət idi.
Sovetlər Birliyi dağıldıqdan sonra iş yoldaşları ilə birlikdə çalışdıqları qəzetin adını dəyişdirərək “Karaçay” etmişdilər.
Şeirlərinə çoxlu mahnı bəstələnən şairin “Atamı sözü” (Ata sözü), “Güzgü”, “Çagadıla baliylə” (Albalı ağacları pöhrəliyir), “Şuvuldayıla naratla” (Pəncərələr uğulduyur), “Sibü Nartlar”, “Kızgan nal” (Qızaran nal) şeir kitabları çap olunmuşdur.