(Kumuk xalk yırları, 1990:13).
“Bilqamıs” dastanının qəhrəmanlarından Enkidu ilə Minküllü arasındakı oxşarlıqları başqa folklor nümunələrində də tapmaq olar. Qumuqlardan toplanmış “Eniligim, Seniligim, eşkini aç! ” uşaq nağılı ilə qədim şumerlərdəki keçi-canavar (və ya şir) əhvalatı ilə də paralellər aparmaq olar (Uşaq ensiklopediyası, 1999:333). Hətta onu da söyləmək olar ki, Azərbaycandan toplanmış “Şəngülüm, Şüngülüm, Məngülüm! Aç qapını mən gəlim! ” nağılı ilə müqayisədə qumuqlardan toplanmış mətnlərdə keçinin balalarının adları şumer mətnlərinə daha yaxın səslənir. Bu nağıllarda keçi balalarını xilas etmək üçün qurdla savaşır və qalib gəlir.
Qumuq folklorunda mifləri dilçilik baxımından incələyən I.A.Xalipayeva doktorluq dissertasiyasında Tanrılara sitayiş zamanı oxunan bir nəğməni verir:
Gök Tenqirim gökten mağa
- Göy Tanrım göydən mənə,
Gök gözlerini açıb bağa
- Göy gözlərini açıb baxa,
Gök çüman avlaqlarda
- Göy çəmən ovlaqlarda,
Gök çicekli tarlada
- Göy çiçəkli tarlada,
Gök kozular haydeygen,
- Göy quzular otlayır,
Gök çopkenli balama
- Göy çəpkənli balama,
Gök Tenqirim örden bağa.
- Göy Tanrım ucalardan baxa
(Şamil Ə., 2000:55).
Araşdırıcıya görə, bu nəğmə qədim dövrlərdə yaranmış bir ovsunun, sitayiş nəğməsinin, duanın qalığı, yaxud Tanrıya həsr olunmuş mərasimdə oxunan mahnının bir parçasıdır. Dağıstan Respublikasının Kayaxan bölgəsində bir Tanrıxan ağacı var. Bölgənin insanları həmin ağaca tapınıb qurban kəsirlər. Bu bölgədə yaşayanlar yüzillərdir islam dininə sitayiş etsələr də, əlli ildən çox ateist təbliğatının təsiri altında qalsalar da, bu gün yenə də Tanrıxan ağacına və bu kimi daş-qayalara sitayiş edir, Tanrının göy rəngdə olduğuna və bu rəngin “ilahi gözəllik” anlamı verdiyinə inanırlar.
Onlarla folklor nümunəsi arasında paralelləri aparmaqla həmin süjetlərin türk xalqları arasında geniş yayıldığını göstərmək olar. Bu, tarixçilərimizin də mövzu vermiş olar.
Azərbaycanda “Qodu-qodu” mərasimində oxunan nəğmənin bir hissəsi qumuqlarda “Oyunlar”, “Yumunçuqlar” (sanamalar) adı ilə oxunur. Məsələn:
Gün çıq,
Gün çıq, gün çıq!
Duşmanlanı janı çık,
Ariv kızın alıp çık,
Erşi kızınq
Eşik artda qoyup çık!
Dostları ilə paylaş: |