Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə164/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   160   161   162   163   164   165   166   167   ...   211
Abusupiyan Akayev (1872, Tersk vilayətinin Töben Qaza­nış kəndi-1931, Rusiya Federasiyası, Arxangelsk vilayətinin Kotlas şəhəri). Qazı Akayın bir oğlu dünyaya gəlir və onun adını Abusupiyan qoyurlar. Bu elə bir zaman idi ki, Rusiyanın Qafqazı işğalından 70 ildən çox keçməsinə baxmayaraq, oranı hələ də istədiyi kimi, yəni ölkənin hər yerində işlək olan qanunlarla idarə edə bilmirdi. Rusiyada mövcud olan qanun­ların bəziləri Qafqaz xalqlarına, eləcə də əsarət altına aldığı müsəlman xalqlarına aid edilmirdi.

Rusiyada ictimai yerlərdə mülki şəxslərin qılınc, xəncər və b. kəsici silahlarla görünməsi qadağan olduğu halda, Qafqaz xalqlarının nümayəndələrinin xəncərlə gəzməsi milli atribut sayilırdı. Müsəlman xalqları aralarında mübahisələr, ziddiyyətlər düşdükdə, hətta problem ölüb-öldürməyə gəldikdə belə Rusi­ya­­nın məhkəmə orqanlarına deyil, müsəlman qazilərinə müra­ciət edirdilər. Rusiyanın hakim dairələri də zor gücünə də olsa, bunun qarşısını ala bilmədiklərindən qaziləri saxlamağa məc­bur oldular. Beləliklə ölkədə iki məhkəmə sistemi mövcud oldu.

Abusupiyanın atası Akay da dini təhsil gördüyündən, islami ehkamları yaxşı bildiyindən onu qazi seçmişdilər. Çar məmur­ları qazilərin işinə nəzarət etsələr də, onlar cəzaları Rusiyanın qanunlarına görə deyil, şəriət qanunlarına görə müəyyənləş­dirir, hökm verərkən Qurani-Kərimi əsas götürürdülər.

Abusupiyan da ilk təhsilini evdə atasından aldı. Quran oxumağı, şəriəti, fars və ərəb klassiklərinin bədii-nəsihətamiz əsərlərini oxumağı öyrəndi. Sonra onu Töben Qazanış kəndin­dəki məktəbə göndərdilər. Bu məktəblərdə dərs tədris proqramı ilə deyil, şagirdin proqramı mənimsəməsi ilə ölçülürdü. Iti zəkalı, dərslərini yaxşı mənimsəyən şagirdləri müəllim-molla zəif oxuyanlara rəhbər təyin edirdi.

Fitri istedadı ilə seçilən Abusupiyan yaşıdlarına və özündən yaşda böyük olsalar da proqramı mənimsəməyən­lərə rəhbər təyin etilir. Necə deyərlər, balaca Abusupiyan öyrənməklə yanaşı, həm də öyrədir. Bununla da, özünün oxu­duqlarını bir daha təkrarlamış olur.

Abusupiyan doğulduğu kənddəki ibtidai məktəbi bitirdikdən sonra, atası onu Güngüteydəki mədrəsədə oxumağa göndərir. Oradakı tədris proqramını birincilər sırasında başa vurur. Atası Akay dövrünün elm adamlarını və pedaqoqlarını yaxşı tanidiğından oğlunu Teymurxanşuradakı, Soğratdakı, Tarqutdakı məd­rəsələrə göndərir və bununla da Abusupiyanın Dağıstanın ta­nınmış alimlərindən dərs almasına, dini elmlərlə yanaşı, dün­yəvi elmləri də dərindən mənimsəməsinə şərait yaradır.

O, türk, fars, ərəb dillərini, ədəbiyyat, tarix, astronomiya, as­trologiya, fəlsəfə, fizika, riyaziyyat, həndəsə, coğrafiya və b. fən­ləri bilən bir gənc kimi doğma kəndlərinə qayıdır. Kənddə yeni məktəb açaraq bildiklərini həmyerlilərinin övladlarına öy­rət­məyə çalışır. Onun sorağı tezliklə ətraf kəndlərə də ya­yilır. Bölgənin sayılıb-seçilən adamları uşaqlarını Abusupiyanın yanina gətirirlər. Beləcə az zamanda onun şagirdlərinin sayı xeyli artır.

Abusupiyan müəllim işlədikcə təhsil və tədrisdəki nöqsan­ları görmək imkanı əldə edir. Keçmiş mədrəsə proqramlarının zamanın nəbzini tutmadığının şahidi olur. Odur ki, həm təh­silini artırmaq, həm də təcrübə qazanmaq üçün Kazan və Oren­burq şəhərlərində oxumağa gedir.

1902-ci ildə təhsilini tamamlayaraq təcrübə qazanan Abu­supiyan Akayev Dağıstana, yəni doğma kəndi Töben Qazanışa dönərək yeni məktəb açmağı planlayır. Lakin bu dəfə mədrəsə açmaq istəmir. Çünki mədrəsələrin tədris proqramı onu qane etmirdi. Yeni qaydalı – “Üsuli-cədid” məktəbini açmaq istəyir. Bu məktəb üçün dərslik və metodik vəsait çatmadığından ya­xın dostu Mahammat Mirza Mavrayev ilə birlikdə Kırıma, Is­mayıl bəy Qaspıralının yanında gedir.

1902-1903-cü illərdə orada mətbəə, nəşriyyat işlərini öyrə­nir. “Tərcüman” və başqa qəzet-jurnallara məqalələr yazmaqla yanaşı, Baxçasaray və Akmescitdə (Simferepol) özünün yaz­dığı kitabları da çap etdirir. 1903-cü ildə Baxçasarayda nəşr etdirdiyi “Macmu al-aşgar al-acamiyat” adlı topluya yırları, sarınları, atışmaları, atalar sözləri, qumuq şairlərindən Yırçı Ka­zakın, M.A.Osmanovun, M.Alibekovun və özünün bəzi ədəbi əsərlərini daxil edir.

Qumuq Abusupiyan Akayev Ismayil bəy Qaspıralının “Dil­də, fikirdə, işdə birlik” tezisinə ürəkdən bağlı olsa da, onu Da­ğıstanda həyata keçirə bilməyəcəyini görür.

Abusupiyan Akayev yaxşı başa düşürdü ki, bölgə xalqlarını türk dili vastəsilə bir araya gətirmək olmaz. Çünki kəndlilərin çoxu ömürləri boyu bəlkə bir dəfə də olsun doğulduğu yerdən uzağa getməyib, orada doğulub, yaşayıb və ölürdülər. Buna görə də çoxdilli bir bölgədə ümumi işlək və ünsiyyət dili kimi türk dilinin yayılmasına calışsa da, bu xalq­ları birləşdirəcək yeganə vasitənin islam dini olduğunu görürdü.

Abusupiyan da dinin yayılmasına və dini təbliğata xüsusu önəm verir. Yaxşı bilirdi ki, Şeyx Şamil də islam dininin bir­ləş­dirici gücündən bacarıqla yararlanaraq Rusiya kimi hərbi qüdrəti dünyanı lərzəyə salan dövlətə otuz il müqavimət göstərə bilmişdi.

Istanbulda, Kırımda təcrübə keçib Dağıstana qayıdan Abu­supiyan Akayev kənddə məktəb açmaq fikrindən daşınır. Böl­gə­nin ən böyük yaşayış məskənlərindən olan Teymurxanşuraya gələrək 1904-cü ildə orada Mahammat Mirza Mavrayev ilə birlikdə ilk milli mətbəə qurur. O, ərəbcə yazılarında ad və so­yadını Abusupiyan ibn Akay al-Dağıstani al-Qazanışı al-Kubra şəklində yazır, bəzən də Arslanbekov soyadını işlədir.

Abusupiyan Akayevin Teymurxanşurada Mahammat Mirza Mavrayev ilə birlikdə qurduğu ilk milli mətbəə böyük uğur qazanır. Azərbaycanın ictimai-siyasi xadimləri və ədiblərindən Şeyx Məhəmməd Xiyabani, “Əkinçi” qəzetinin müxbirlərindən Məmnun Əlqadari, Mirzə Əbdürrəhim Talıbov və b. Abusu­pi­yan Akayevlə sıx əməkdaşlıq edir, kitablarını onun mətbəə­sində çap etdirir, onun ərəb dilində nəşr etdiyi “Bəyan ül-həqiqət” jurnalına məqalə yazırlar.

Abusupiyan Akayev əsas ağırlığı islam dininə dair kitab­ların nəşrinə verməklə yanaşı, özü də islam dininin təbliğinə dair kitablar yazır. O, yalnız din alimi və dini ədəbiyyatı ya­yan naşir olmaqla qalmır, qumuq folklorunu toplayıb nəşr edir, müxtəlif dillərdən qumuq dilinə tərcümələr edir.

Müəllimlik etməklə yanaşı, Doğu ədəbiyyatına dair araş­dırmalar aparan, folklor nümunələri toplayıb çap etdirən Abu­supiyanın qələmindən 40-dan çox kitab çıxmışdır.

1917-20-ci illərdə bölgədə gedən savaşlar Abusupiyanın fəa­liyyətinə də mənfi təsir göstərir. 1920-ci ildə bölgəni işğal edən bolşeviklər Abusupiyan kimi nüfuzlu, əlində təbliğat vasitəsi və mətbəəsi olan bir insanın gücündən məharətlə istifadə edirlər.

Abusupiyan da Sovet hökumətinin sülh, bərabərlik, azadlıq və s. şüarlarına aldanaraq onlarla əməkdaşlığa razılaşır. Inter­nasional marşını qumuq türkcəsinə tərcümə edən Abusupiyan, qumuq türkcəsində ilk bolşevik qəzeti „Işçi xalq“ı da nəşr edir və bir müddət onun redaktoru da olur.

Ilk kitabını 1900-cü ildə nəşr etdirən A.Akayev dərs deyib gənc nəslin tərbiyəsi ilə məşğul olmaqla yanaşı, “Sullam al-lisan” lüğətini hazırlayır. Bu dörd dilli sözlükdə ərəb-qumuq-avar-rus dillərindən alınmış sözlərin izahı verilir. Qumuq türkcəsinin söz xəzinəsini zənginləşdirmək üçün 200 səhifəlik bir terminlər sözlüyü də hazırlayır. Onun “Totuname”, „Dahir ilə Zahra“, “Yusup ilə Zulayxa” kitabları tatarcanın qumuqcaya uyğunlaşdırılmasıdırsa, dərmanların hazırlanması qaydalarından bəhs edən “Hazir darman“ kitabı, eləcə də “Əx­laq kitabı”, “Yüz ilin asan təqvimi”, “Qumuq folkloru və ədə­biyyat əsərləri antologiyası”, “Bozoğlan” və b. kitabları bir araş­dırıcı zəhmətinin, axtarışlarının bəhrəsidir.

Sovet hökumətinin şüarlarına aldanaraq onun gəlişini alqış­layan, möhkəmlənməsi üçün var qüvvəsi ilə çalışan, bolşevik­lə­ri­n açdığı qəzetdə onların ideologiyasını yayan alim-yazıçı son­radan yanlışlığa yol verdiyini anlayır və xəyal qırıqlığına uğ­ra­yır. Bolşeviklərin də ona göstərdiyi diqqət və qayğı uzun sür­mür. Qadınlara çadralarını, kişilərə papaqlarını atdırma kampa­niyası, dinə qarşı təzyiqlər, min ildən çox istifadə edilən ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi Abusupiyanın ürə­yindən olmur. Hökumətin siyasətinə açıq narazılığını bildirir.

Abusupiyan Akayev və bölgənin bir çox ziyalıları, hətta partiya-sovet işçiləri Moskvaya Dağıstan xalqları arasında ortaq ünsiyyət vasitəsi olan türkcənin rus dili ilə əvəzlənməsinə etiraz edirlər. Təklif edirlər ki, Moskva uzaq olduğundan ora ilə əlaqə qurmaq çətindir, buna görə də Dağıstan MSSR Azərbaycan Respublikasının tərkibinə verilsin.

Sovet xüsusi xidmət orqanları sərt tədbirlər həyata keçirir. Onlarla ziyalı və partiya-sovet işçisi həbs edilir, sürgünə gön­dərilir, vəzifədən uzaqlaşdırılır.

1929-cu ildə Abusupiyan Akayevin mətbəəsi bağlanılır və özü də həbs edilərək Perm vilayətindəki Pinug stansiyasında də­miryolu çəkilişində işləməyə göndərilir. Oradan da Arxan­gel­sk vilayətinin Kotlas şəhərinə göndərilən yazıçı-alim ilk dəfə həbsxanada siyasi aclıq aksiyasını təşkil edən Azərbaycanlı siyasi məhbusları ilə görüşür. Bu yer daha çox Solovki kimi tanınır. Rus yazıçısı Soljenitsinin Nobel mükafatına layiq gö­rülən “QULAQ arxipelaqı” romanı da burada baş verən hadi­sələrdən bəhs edir.

A.Akayev orada həbsdə olan Azərbaycan siyasi məhbusları ilə görüşür və onların mübarizəsini dəstəkləyir. 1931-ci ildə həbsdə ölən ictimai xadim, şair, naşir, tərcüməçinin həyat yo­lunun və yaradıcılığının öyrənilməsinə maraq Sovet hökumə­tinin çöküşündən sonra başlayır. Nə yazıq ki, hələ də onun fəaliyyəti layiqincə qiymətləndirilməmiş, əsərlərinin hamısı çap olunub araşdırılmamışdır.



Abusupiyan 1929-cu ildə həbs edilməsinə, 1931-ci ildə öl­mə­sinə baxmayaraq 1937-ci ildə tutulanların müstəntiqə ver­dikləri ifadələrdə onun adı da var. SSRI-ni dağıdaraq Vahid Türk-Tatar Res­publikası yaratmaq istəyənlərdən söz gedəndə Bəkir Çoban­zadə onun rəhbərlik etdiyi gizli təşkilatda Quzey Qafqaz qrupuna aşağıdakı şəxslərin daxil olduğunun deyir: Alim Paşa-Solqar (Alimpaşa Salavatovun adı bu şəkildə ya­zılıb-Ə.Ş.), Abusufyan-Kumuk, Ədhəm Feyzi, Şövqi Bektora (Babayev Adil, 2003:85).

Ensiklopediyaçı bilgin, şair, bacarıqlı nasir Abusupiyan Aka­yevin acı taleyi də qumuq ədəbiyyatına ağır zərbə olmuşdur.


* * *

Yırçı Kazakdan öncə yaşamış Ummu Kamalın və ya onunla çağdaş olmuş Abdulrahman Kakaşuralunun (Atlıboyunlu), Ma­ham­mat apendi Osmanovun, Abusupiyan Akayevin (bax­mayaraq ki, onun əsərlərinin bir çoxu ədəbiyyatı mövzuca ye­niləşdirmə dövrünə təsadüf edirdi, hətta Sovet dövründə yaz­dığı əsərləri də vardı) adları ənənəvi Doğu şeir üslubunda - didaktik, əxlaqi, lirik şeir yazdıqlarından Sovet dövründə o qədər də təbliğ olunmurdular. Yırçı Kazakın və şeirlərində döv­rün nöqsanlarını tənqid etməyə üstünlük verən, zəmanədəki haqsızlıqlardan şikayətlənən Manay Alibekovun və onlar kimi haqsızlıqları tənqid edən şairlərin əsərlərinə ədəbiyyatşünaslar, mətbuatda geniş yer ayırmişlar.

Bu tarixşünaslıqda da özünü göstərirdi. Ulu babaları qüd­rətli türk dövlətləri qurmuş qumuqlara XVII-XIX yüzillərdə mövcud olmuş yerli özünüidarə qurumları, yəni yerli feodal­ların hakim olduğu Pargu şavhallığı, Mehtulu xanlığı, Endrey, Köstek və Yaxsay bəylikləri qumuq dövlətləri kimi tanıdılır və bunlarla qürur duymaları təbliğ olunurdu. Onlar ulu babala­rının qurduqları qüdrətli dövlətlərdən uzaqlaşdırıldıqca, həmin mühitdə yaşayıb-yaratmış şair və yazıçılardan, elm adamla­rın­dan da uzaqlaşdırılırdılar. Beləliklə, cismən olduğu kimi, şüur­ca da ümumtürk varlığından ayrılmış olurdular.

Bütün bunlara baxmayaraq Yırçı Kazak da, Abdulrahman Kakaşuralunlu (Atlıboyunlu) da, Mahammat apendi Osmanov da, Abusupiyan Akayev də, hətta Aşıq Ensar da (1860-1934) qumuq ədəbiyyatının klassiklərindən sayılmalıdırlar. Əslində on­ların yaradıcılığı istər dil-üslub, istərsə də mövzu baxımın­dan çağdaşları olan Azərbaycanda, Ön Asiyada, Kırımda, Türk­mənistanda yaşamış el şairlərinin, aşıqların əsərlərindən o qədər də seçilmir.

Çox təəssüf ki, qumuqların, eləcə də Dağıstanda yaşayan xalqların aşıqları lazımınca öyrənilməmişdir. Bununda başlıca səbəbi aşıqların şeirlərinin və söylədikləri dastanlar vaxtında toplanıb nəşr edilməməsidir. Qaynaqlar isə bölgədən aşıqların olduğunu xəbər verir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin