(“Qaqauzstanım”)
D.Tanasoğlunun 1906-cı ildə qaqauzların öz haqları uğrunda mübarizəyə qalxmasından bəhs edən “Bucakda yalın” pyesi 1978-ci ildə Komrat şəhərində özfəaliyyət kollektivi tərəfindən göstərilmişdir. Bununla da qaqauz ədəbiyyatında dramçılığın əsası qoyulur. Istedadlı dramçı kimi tanınan D.Tanasoğlu “Oğlan, həm Länka”, “Bucakta yalın”, “Keykavus” pyeslərini yazmaqla yanaşı, dünya ədəbiyyatı klassiklərinin də bir sıra əsərlərini ana dilinə çevirmişdir. Onun poeziya sahəsində də tərcüməçilik fəaliyyəti uğurlu olmuşdur. Belə ki, A.S.Puşkin, M.Y.Lermontov, A.Krılov, A.A.Nekrasov, V.V.Mayakovski, A.T.Tvardovski, M.Eminesku, E.Bukov, Səməd Vurğun, Aşıq Ələsgər və b. şairlərin əsərlərini qaqauz türkcəsinə çevirdiyi kimi, öz əsərlərini də rus, moldovan dillərinə, eləcə də Azərbaycan, türkmən və tatar türkcəsinə çevirtdirmişdir.
Qaqauz türkcəsində dərsliklərin hazırlanmasında böyük əməyi olan şair uşaqların başa düşəcəyi tərzdə vətənpərvərlik şeirləri yazmış və Türk dünyasının ədəbi örnəklərini də ilk dəfə dərs kitablarına qoymuşdur. Qaqauzların muxtariyyat əldə etmək uğrunda mübarizəsinə sözü və səsi ilə qatılan D.Tanasoğlu “Qaqauzstan” adlı iki şeirin də yazarıdır.
Onun “Uzun karvan” romanı qaqauz ədəbiyyatında hadisə kimi qarşılanmışdır. Q.Q.Markesin “Yüz il tənhalıqda” romanından sonra Çingiz Aytmatovun “Ağ gəmi”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, Azərbaycanda Mövlud Süleymanlının “Köç”, Yusif Səmədoğlunun “Qətl günü” və b. romanları meydana çıxmışdır. “Uzun karvan” romanında da həmin əsərlərdə olduğu kimi, xalqın keçmişdən bu günə gəldiyi yol miflərin dili ilə oxucuya çatdırılmışdır.
“Uzun karvan” romanı bir uşağın qocadan öz xalqının tarixi, dədə-babalarının keçib gəldikləri yol barədə soruşması ilə başlayır və sual-cavab şəklində davam etdirilir. Yazar bəzən roman üslubundan uzaqlaşaraq tarixi faktları bir araşdırıcı kimi versə də, oxucusunu yormur. Əksinə, oxucuya türk xalqlarının tarixi, oğuzların keçdiyi yol, tarixin müxtəlif dönəmlərində oğuzların bir qolu olan qaqauzların oynadıqları rol haqqında maraqlı bilgiləri bədii şəkildə təqdim edir.
SSRI Yazarlar Ittifaqının üzvü olan Tanasoğlu kiril əlifbası əsasında yaradılmış yeni qaqauz əlifbası ilə çap olunan ilk kitabın-“Bucaktan sesler” toplusunun tərtibçisidir.
Dostları ilə paylaş: |