Ömər Caşuv ulu Əliyev (Aliylanı) (25.08.1895, Kuban quberniyasının Kart Curt kəndi - 1938). Elə şəxsiyyətlər var ki, onlar ədəbi-bədii yaradıcılıqla ardıcıl məşğul olmasalar da ədəbi mühitin formalaşmasında rolları böyük olmuşdur. Belə insanlardan biri də Ömər Əliyev olmuşdur.
Ilk təhsilini kəndlərində almış, sonra Malkardakı Köndələn kəndinə gedərək orada oxumuş və yaşamışdır. Təhsilini Qahirədə davam etdirmək arzusunda olan gənc Bakıya gələrək burada işləyib pul qazandıqdan sonra istəyini reallaşdırmağa çalışmış, burada dəmiryolunda və neft mədənlərində fəhlə işləmişdir.
Qahirəyə gedə bilməsə də Dağıstanda, qumuqların yaşadığı məşhur Yaxsay mədrəsəsində oxumuşdur. Ərəb, fars, türk dillərini, islam elmlərini dərindən öyrənsə də din xadimi olmaq, bu sahədə çalışmaq istəməmişdir. Dağıstanın inzibati və mədəni mərkəzi olan Teymurxanşurada imtahan verərək rəsmi dövlət məktəblərində müəllim işləmək hüququ verən diplom almışdır.
1915-ci ildə qumuqların yaşadığı Qumtorqala kəndində müəllimliyə başlamış, 1916-cı ildə Tiflisə gedərkən Azərbaycan türkcəsində cap olunan qəzet və jurnallara dağlı xalqlar haqqında məqalələr yazmışdır. Oradan Ufa şəhərinə gedən Ömər Əliyev Osmaniyə mədrəsəsində ərəb və türk dillərindən dərs deməyə başlamışdır. Ufadakı Müsəlman Müəllimləri Birliyinin, sonra Rusiya Müsəlman Müəllimləri Birliyinin sədri, Kazanda tatar türkcəsində çap olunan “Ukutuvcu”(oxuducu-müəllim) jurnalının baş redaktoru vəzifələrində işləmişdir.
Bolşeviklərin ölkədə yaratdıqları qarışıqlıq, onların xalqlara azadlıq, xoşbəxtlik gətirəcəkləri haqqındakı şüarları gənc Öməri də inandırmış, o, 1917-ci ilin dekabrında Kommunist Partiyasına üzv yazılmışdır. Ağqvardiyaçılara qarşı savaşda fəal iştirak edən, bolşeviklərin yeritdiyi siyasəti canı-dildən müdafiə edən Ö.Əliyev Qafqaz çəbhəsinin hərbi şurasının üzvü olan I.V. Stalinlə tanış olur. I.V.Satlin onun işgüzarlığını nəzərə alib 1918-ci ildə rəhbərlik etdiyi Millətlər Komissarlığında işə götürür. Komissarlığın işçisi kimi onu ağqvardiyaçılara qarşı mübarizə üçün dəfələrlə Quzey Qafqaza, Kırıma göndərir. Dəfələrlə ölümlə üzləşə də mübarizəsindən çəkinmir. 1919-cu ilin avqustunda bolşeviklərin xüsusi tapşırığı ilə gizlicə vaxtı ilə müəllim işlədiyi Gürcüstana, oradan da Azərbaycana gəlir. Azərbaycanda həbs edilir. Lakin Bakının hərbi general qubernatoru olan Murad Geray Texlasın yardımıyla həbsdən qurtulub geri dönə bilir.
Rusiyanın güney bölgələrinin, Quzey Qafqazın sovetləşməsi üçün çalışan, Qaraçay Respublikasının yaradılmasında böyük əməyi olan, 1921-1923-cü illərdə bu respublikanın inqilab komitəsinin sədri işləyən Ömər Əliyevin ictimai-siyasi işlərə başı qarışdığından bədii yaradıcılığa vaxt ayıra bilməsə də bu sahədə çalışanları istiqamətləndirmiş, milli kadrlar hazırlanmasına böyük qayğı göstərmişdir.
Müxtəlif rəhbər vəzifələrdə işləyən Ömər Əliyev, həmyerliləri Kerim Mametbekov, Nana Tokov, Abdulkerim Xubuyevlə birlikdə 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayda iştirak etmişdir. Bu qurultay sanki onlara fəaliyyət proqramı vermiş, o, harada yaşamasından və hansı vəzifədə işləməsindən asılı olmayaraq həmişə xalqının sabahını düşünmüşdür.
SSRI-də yaşayan türk xalqları üçün latın qrafikalı vahid əlifbanın yaradılmasında Ö. Əliyevin böyük xidmətləri olmuşdur. “Birlikdə-tirilik” dərslik-müntəxəbatını, “Qaraçay-balkar dilinin qrammatikası”, “Rusca-qaraçay-balkarca sözlük”, “Qara-çay-balkarca-rusca sözlük”, “Rusca-qaraçay-balkarca terminoloji sözlük” kitablarını nəşr etdirmiş, dövri mətbuatda da onlarla elmi-publisistik məqaləsi çap olunmuşdur.
Azərbaycanla və Azərbaycan aydınları ilə sıx əlaqədə olan Ömər Əliyev qaraçay-malkar ədəbiyyatının inkişafına, dilinin zənginləşməsinə güclü təsiri olan şəxsiyyətlərdəndir.
O, 1937-ci ilin iyunun 24-də Moskvada vəzifə başında həbs edilmiş və bir il sonra güllələnmişdir.
Ömər Əliyevin adına yalnız qəzet və jurnallarımızda deyil, həm də 1937-ci ildə həbs edilmiş, güllələnmış aydınlarımızın istintaq materiallarında rast gəlmək olur. Həmin sənədlərdən aydın olur ki, yüksək vəzifələrdə işləməsinə, kommunist partiyasının üzvü olmasına baxmayaraq o da bir çox məsləkdaşları ilə birlikdə SSRI-dən ayrılmaqla Vahid Türk Tatar Dövlətinin yaradılması uğrunda çalışmışdır.
Dostları ilə paylaş: |