1.6. Uyğur folklorunun başqa janrları
Uyğur folklorunda istər Azərbaycan, istərsə də başqa türk xalqlarının folklorundan fərqli janrlara rast gəlinmir. Mövzu baxımından da oxşarlıq çoxdur. Fərqlilik son yüzillərdə yaranan folklor nümunələrinin mövzusundadır. Onlarda da əski dönəmin folklor nümunələrinin izləri görünməkdədir.
Ona görə də uyğur folklorunun janrlarının hamısı haqqında söhbət açmağa ehtiyac duymadıq. 19-20-ci yüzillərdə sosial ədalətsizliyi, haqsızlığı, istismarı, müstəmləkəçiliyi kəskin tənqid edən xalq şairlərinin şeirləri sürətlə yayılırdı. Seyid Noçi, Tümür Xəlpə və başqaları xalq arasında daha populyar olmuşdur. Onlar çox vaxt SSRI-də baş verənlərin əsil mahiyyətini anlamadan orada zülmə, haqsızlığa son qoyulduğunu, hamının bərabər yaşadığını düşünmüşlər. Seyid Noçinin “Dihkannin ahi” (Dehqanın-əkinçini ahı), “Cen kilayli xalayik” (Cəng edəli xalqım), “Lenin hikməti” (Lenin höküməti), “Şura biznin dostumiz” (Sovet bizim dostumuz) kimi şeirləri dediklərimizə nümunə ola bilər.
Çin Milli Partiyası Qomindanın yeritdiyi siyasət əleyhinə xalqın qoşduğu mahnılar da geniş yayılmışdır. Xotənlilər arasında geniş yayılmış “Abdulrehman xan Qoca” dastanında da xalqın etirazı öz əksini tapmışdır. Bütün bunlar da yazılı ədəbiyyatın inkişafına güclü təsir göstərmişdir.
Dostları ilə paylaş: |