Açar sözlər: Qumuq və Azərbaycan türklərinin ədəbiyyatı, Minkullunun yırı, “Bozoğlan” nağılı, ümumtürk ədəbiyyatı.
Giriş
“Qumuq” sözünə rast gəlinən ilk qaynaq Mahmud Kaşğarinin “Divan-i Luğat it-Türk” əsəridir. Lüğət müəllifi bu sözü “Bir zaman yanında olduğum bəylərdən birinin adı” kimi izah edir. Qumuqların yayılma arealı noqaylar, tatarlar, qazaxlar kimi geniş deyil. Toplu halda Azərbaycanın quzeyində, yəni Rusiya Federasiyasının Dağıstan Respublikasında, az qismi isə qonşu Içkeriya (Çeçen), Inquş, Quzey Osetiya Respublikalarında və Türkiyənin Üçqozen, Kuşoturağı, Yavu, Ataköy, Doqan, Azize, Keyikqırı kəndlərində (Xalipaeva I., 1993:82) yaşayırlar. 2002-ci ilin siyahıyaalmasında Rusiya Federasiyasında qumuqların sayının 425 min nəfərə, onlardan 365,8 min nəfərinin Dağıstanda, 12 min nəfərinin Içkeriyada (Çeçenistan), 15 min nəfərinin Quzey Osetiyanın Mazdok rayonunda toplu halda, qalanının Rusiya Federasiyasının müxtəlif bölgələrində dağınıq halda yaşadığı göstərilir. Türkiyədə də 10 min nəfərdən çox qumuğun yaşadığını yazırlar.
Internet saytlarında isə qumuqların sayı yarım milyondan çox göstərilir. Qumuqların əksəriyyəti rus dilini ana dili kimi bilsə də, bu dildən ictimai yerlərdə, hökumət idarələrində ünsiyyət vasitəsi kimi istifadə etsə də, öz aralarında ana dilində danışmağa üstünlük verirlər.
Qumuqların yaşadığı Dağıstan Respublikası sanki bir xalqlar, dillər muzeyidir. Orta yüzilliyin ərəb səyyah və coğrafiyaçıları da buranı “cebel-ül elsan”, yəni dillərin dağı, çox ellər yaşayan dağ adlandırmışlar. Burada radiolar hər səhər 33 dildə yerli xalqları salamlamaqla verilişlərinə başlayır. Bu isə orada yaşayan xalqların və etnik qrupların hamısı demək deyil. Rəsmi qəzet-jurnallar, kitablar isə əsasən 14 dildə-qumuqların, noqayların, avarların, darginlərin, ləzgilərin, lakların, Azərbaycan türklərinin, tabasaranlıların, saxurların, rutulların, aqulların, tatların, çeçenlərin, rusların dilində nəşr olunur. Ümumtəhsil məktəblərində 14 dildə dərs keçilir. Bu dildən biri də qumuq dilidir. Bölgənin ən qədim xalqlarından biri olmasına baxmayaraq müasir qumuq ədəbiyyatı XIX yüzildən formalaşmağa başlamışdır. Çünki qədim dövrlərdən ta XX yüzilədək nəinki türksoylu qumuqlar, hətta bölgədəki türk olmayan, fərqli dil ailələrinə daxil olan xalqlar belə türk dilindən ümumi ünsiyyət vasitəsi kimi istifadə etmişlər. 1937-ci ilədək qumuq dili Dağıstanda rəsmi dövlət dili sayılırdı.
Qumuq şairlərinin yazdıqları şeirlər Azərbaycanda da, Kırımda da, Kazanda da, Türkmənistanda da, Özbəkistanda da tərcüməsiz başa düşülmüşdü.
Rusiya işğal etdiyi ərazilərdə hakimiyyətini uzunömürlü etmək üçün “Parçala, hökm sür!” siyasəti yeritmiş, türk xalqlarını bir-birindən ayırmaq üçün az qala hər tayfadan bir xalq yaratmağa çalışmışdı. Yüzillər boyu yazılı ədəbiyyatı bir olan türklərin də hər bölgəsi, hər tayfası üçün yeni ədəbi dil, ədəbiyyat tarixi, tarix yaradılmışdı. Əslində bu türk xalqlarını bir-birindən ayırmaq siyasəti olsa da onlarda milli şüurun inkişafına da təkan vermişdi.
1917-ci ildə çar Rusiyasında son həddə çatan daxili qovğalar 300 illik Romanovlar sülaləsinin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnmişdi. Fevralda Kerenskinin başçılığı ilə yeni yaradılmış Müvəqqəti Hökumətin 1917-ci il oktyabrın 25-də (yeni təqvimlə noyabrın 7-də) bolşeviklərin silah gücünə hakimiyyətdən uzaqlaşdırması vəziyyəti daha da gərginləşdirmişdir. Bu qarışıqlıqdan istifadə edən əsarət altına alınmış xalqlar azadlıqlarına nail olmaq istəmişlər. Osmanlı dövlətindən dəstək alan Quzey Qafqaz xalqları da 1918-ci il mayın 11-də müstəqilliklərini elan edib, yeni bir dövlət qurur. Bu çoxdilli xalqlardan qurulmuş dövlətin rəsmi dili qumuq dili olduğu elan edilir. Mondros anlaşmasına görə Antantaya məğlub olmuş Osmanlı dövləti əsgəri birliklərini Qafqazdan çəkmək məcburiyyətində qalır. Dəstəksiz qalan gənc dövləti yenidən Rusiya işğal edir.
Bolşeviklər bölgədə öz dayaqlarını möhkəmlətmək üçün çar Rusiyasından fərqli olaraq yerli xalqlara bir sıra güzəştlər edir. Onlara ana dillərində məktəblər, qəzet-jurnallar açmaqla yanaşı, sözdə müstəqil görünən dövlət qurumlarını yaratmağa imkan verir. Beləcə Quzey Qafqazda Dağıstan, Çeçen-Inquş, Qaraçay-Çərkəz, Kabarda-Balkar muxtar qurumları yaranır.
Lakin bu qurumlar da ədalətli, elmi, siyasi bir prinsip əsasında yaradılmır. Belə ki, sayca heç də başqa Qüzey Qafqaz xalqlarından az olmayan avarlar, ləzgilər, qumuqlar və b. üçün öz arları ilə muxtar respublika, muxtar vilayət və ya muxtar mahal belə yaradılmır. Qumuqlar daını çəkdiyimiz xalqlar və çoxlu etnik qruplarla Dağıstan MSSR-in tərkibinə daxil edilir.
Türk dilinin qıpçaq qrupuna daxil olan qumuq dili üç ağza (şivəyə) - buynak, xasavyurt və qaytaq ağızlarına bölünür. Araşdırıcıların fikrincə, ədəbi əsərlər buynak-xasavyurt ağızı (şivəsi) əsasında yazılır (Dünya xalqları, 1998:106, Isayev M., 1970:91). Yüzillər boyu ərəb qrafikalı əlifbadan istifadə edən qumuqlar Sovetlər Birliyində yaşayan əksər türk xalqları kimi 1929-cu ildən latın qrafikalı əlifbaya keçdilər. Lakin bu, uzun sürmədi. Onlar üçün də 1938-ci ildə kiril qrafikası ilə əlifba yaratdılar. Bu əlifbada 38 hərf var. Türk xalqlarının əksəriyyətinin danışarkən eyni cür səsləndirdikləri səslər fərqli işarələrlə göstərildiyindən onlar bir-birlərinin yazılarını rahat oxuya bilmirlər.
Dostları ilə paylaş: |