Abduxaliq Uyğur (09.02.1901, Turpan - 13.03.1933, Turpan). Qəribə taleli bir şair olan Abduxaliq Uyğur mətbuatın, nəşriyyatların geniş yayıldığı bir dövrdə yaşasa da, şeirləri sağlığında çap olunmamış, yaddaşlarda yaşayaraq günümüzədək gəlib çatmışdır. Yaddaşlardan toplanmış şeirləri 1988-ci ildə ayrıca kitab kimi çap olunmuşdur. Prof. Dr. Alimcan Inayət tərəfindən hazırlanmış olan Abduxaliq Uyğur “Şeirləri” adlı əsər 2008-ci ildə Türk Dil Kurumu tərəfindən yayınlanmış və şairin indiyə qədər bilinən şeirlərinin tamamı uyğur və Türkiyə türkçəsində verilmişdir.
Tacir ailəsində doğulan, evdə dini təhsil almaqla yanaşı, ərəb və fars dillərini də öyrənən Abdulxaliq sonra Turpan şəhərində Çin dilində təhsil verən məktəbdə oxumuşdur. Çin ədəbiyyatının klassik əsərlərindən “Su Boyida” (Su vadisi boyunda) və “Kizil ravaktiki çüş” (Qızıl çadırdakı yuxu) kimi romanları oxuyur, Sun-Cun-Şen və Lu-Şun kimi çinli yazıçıların əsərləri ilə tanış olur. 8 yaşından etibarən şeir yazmağa başlayan Abdulxaliq 1923-cü ildə bir neçə yaşıdı ilə SSRI-yə gələrək burada üç il təhsil alır. Rus yazıçı və şairlərindən A.S.Puşkinin, L.Tolstoyun, M.Qorkinin, M.Lermontovun və b. əsərlərini oxuyur. Onlardan güclü təsirlənir. Bolşeviklərin sosial ədalət, bərabərlik, sinfi mübarizə şüarları ona olduqca xoş gəlir. Necə deyərlər, bolşevik inqilabını ölkəsinə daşımaq istəyir. 1926-ci ildə vətənə dönərək cahillik, savadsızlıq əleyhinə mübarizəyə başlayır.
1927-ci ildə “Akartiş birləşməsi” (Mədəniyyət birləşməsi) adı altında təlim-tərbiyə dərnəyi quraraq, məktəb açır, oranı bitirənlərin bir çoxunu SSRI-də oxumağa göndərir.
Xalqını maarifləndirməklə yanaşı, hakimiyyətə qarşı mübarizəyə də səfərbər etməyə çalışır. Onun mübarizəsi yalnız işğalçılara qarşı deyildi, həm də öz millətindən olan varlılara qarşı idi. Insanlar arasındakı bərabərsizliyi aradan qaldırmaq istəyi ilə kasıbları varlılara qarşı üsyana səsləyirdi. Onun fəaliyyətində sovetlərdən aldığı təlimin təsiri açıq-aydın görünür.
Turfandakı milli azadlıq mübarizəsi zamanı gənc şair də döyüşçülər sırasında olur. 1933-cü ildə Çin Qomindan Partiyasının rəhbəri Şenq-Şi-Şey Turpan şəhərinə gələrək şairi və dostlarını həbs etdirir. 1933-cü ilin martın 13-də Abduxaliq Uyğur edam edilir. Onu ölümə apararkən şair mübarizəsində haqlı olduğunu bildirmək üçün “Yaşasın azadlıq”, “Yaşasın azadlıq” deyə qışqırmışdır. Şair ölümü ilə də uyğur ədəbiyyatına qəhrəmanlıq mövzusu vermişdir.
Vətəninin və xalqının azad nəfəs ala bilməsi və müasir mədəniyyətlərə yiyələnməsi üçün ömrü boyu mübarizə apararaq “Oyan”, “Zulumga karşi” (Zülümə qarşı), “Körüngən tağ yirak emes” (Görünən dağ uzaq deyil), “Könül xahişi” və b. şeirlərini yazır. Qadağalara, yasaqlara görə şairin şeirləri sağlığında çap olunmasa belə xalqı onun əsərlərini yaddaşında yaşatmışdır.
Xotən üsyanı zamanı döyüşə atılan uyğurlar onun “Sən kimin oğlusan, oylısanğçı” şeirini marş kimi oxuyurmuşlar. Bundan başqa, bir çox şeirləri də 1947-1949-cu illərdə milli hökumət zamanı məktəblərdə nəğmə kimi söylənirmiş.
Dostları ilə paylaş: |