Bahautdin Acı oğlu Astemirov (17.10.1898, Tersk vilayətinin Yaxsay kəndi - 03.04.1967). Mədrəsə təhsili almış Bahautdin zülmə, haqsızlığa qarşı olmuş, xalqını xoşbəxt günlərə çıxarmaq arzusu ilə yaşamışdır. Zeynalabidlə dostluq etmiş, onunla birlikdə ailə kitabxanalarındakı kitabları oxumuşdur. 1917-ci ildə Teymurxanşuradakı müəllimlər hazırlayan kursda oxuyan Bahautdin 20 yaşında ikən Zeynalabid Batırmurzayevin başçilıq etdiyi partizan dəstəsinə qoşularaq əldə silah ağqvardıyaçılara qarşı vuruşmuşdur. Onun ilk publisistik məqalələri də həmin illərdə çap olunmuşdur. 1920-ci ildə isə Z.Batırmurzayevin əsasını qoyduğu teatr truppası onun mövzusunu bolşeviklərin qələbəsindən almış “Hücum” pyesini səhnəyə qoymuşdur.
Bolşeviklər Dağıstanı işğal edəndə onlarla sıx əməkdaşlıq etmişdir. Gənclər təşkilatı yaratmış, qumuq dilində çap olunan “Dağıstan gəncləri” qəzetinin redaktoru olmuşdur. 1928-ci ildə SSRI-də Proletar Yazıçılar Cəmiyyəti yaradılanda B.Astemirovu Dağıstan MSSR-in Proletar Yazıcılar Cəmiyyətinə sədr təyin edirlər. “Dəniz yagada” (Dəniz sahilində), “Qartligina, vöre, etme mükürlük” (Qocalığı qəti qəbul etmə), “Qart emen” (Qoca palıd) və b. şeirləri onun lirik duyğularından xəbər verir.
Bədii yaradıcılıqla yanaşı, ardıcıl təşkilati işlər də aparan B.Astemirov 1932-ci ildə “Dağstan şairləri” toplusunu, bir il sonra isə özünün “Mübarizə” adlı şeir kitabını çap etdirir. 1934-cü ildə yazıçılar təşkilatını formalaşdırır və Moskvada keçirilən SSRI Yazıçılar Ittifaqının I qurultayında iştirak edir. Əsərlərində sosializmi təbliğ edən, rus ədəbiyyatının təsiri altında yazıb yaradan şair-publisisti Dağıstan MSSR-in Yazıçılar Ittifaqına sədr təyin edirlər.
Dağıstan MSSR Maarif Komissarı, Sov.IKP Dağıstan Ölkə Komitəsində məsul vəzifədə işləmiş ədib “Qılınc və qələm”, “Tan çolpan”, “Kim bilir”, “Ildırım”, “Yabuşuv” (Savaş) kimi şeir və poemalarını yazmışdır.
Əsərlərində sosializm realizminin, rus ədəbiyyatının və mədəniyyətinin tərənnümçüsü kimi görünən B.Astemirov rəhbər vəzifələrdə işləməsinə baxmayaraq içdən cəmiyyətdəki haqsızlıqdan narazı qalır, idarəetmədəki nöqsanları görür və onu aradan qaldırmağa çalışır. Onun gizli fəaliyyəti Sovet xüsusi xidmət orqanları tərəfindən diqqətlə izlənilir. 1937-ci ildə vətən xainliyində ittiham olunaraq həbs edilir.
Sov.IKP-nin XX qurultayında Stalin şəxsiyyətə pərəstişdə ittiham edilir və 1937-ci il qurbanlarına bəraət verildiyi elan edilir. 18 il həbsdə yatdıqdan sonra B.Astemirov 1957-ci ildə həbsdən azad edilsə də, aldığı mənəvi və fiziki zərbələrdən çox yaşamamış, 1967-ci ildə dünyasını dəyişmişdir.
B.Astemirov (şairin adı Azərbaycan qaynaqlarında Vahab kimi yazılır. Onun “Partiya”, “Dağlarla söhbət” şeirləri B.Adil tərəfindən Azərbaycan türkcəsinə çevrilərək Bakıda nəşr edilmişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959:39-40).
Dostları ilə paylaş: |