Atqay Akim oğlu Acamatov (Hacıəhmətov) (1910, Xasavyurt yaxınlığındakı Endrey kəndi-1998). Əsil adı Acıakab olsa da ləqəbi Atkayla məşhurlaşmışdır. Buynaksk şəhərində Birinci Pedaqoji Texnikumda oxuyarkən “Yoldaş” qəzetində ilk şeirini çap etdirmişdir. 17 yaşında mətbuatda bir şair kimi görünməsi ona uğur qazandırmışdır. 1932-34-cü illərdə bir neçə əsərini çap etdirsə də onu şöhrətləndirən “Tupav” povesti olmuşdur. Moskvadakı M.Qorki adına Ədəbiyyat Institutunda oxumuşdur. 1934-cü ildə SSRI Yazıçılar Ittifaqı yaradılanda o, ilk üzv qəbul edilənlərdən olmuşdur.
Ağqvardiyaçılar tərəfindən öldürülən Z. və N.Batırmurzayevlər Dağıstan şair və yazıçıları üçün bir mövzuya çevrilmişlər. Atqay da inqilabçı Zeynalabidin anası Umugülsümün dilindən “Men öktemmen” (Mən qürurluyam) adlı povestini 1940-cı ildə çap etdirməklə bolşeviklərin tərənnümçüsü olduğunu isbatlamışdır.
1930-cu illərdə qumuq nəsrinin formalaşmasında və dramçılığının inkişafında onun böyük əməyi olmuşdur. “Ansar”, “Gəlinlər”, „Xalqlar dostluğu“ və s. pyesləri vardır. Qumuq Dövlət Teatrında “Bulat qapqan” (Polad tələ), “Ansar”, “Sotav bulan Paşıyə”, “Ağ göyərçin” əsərləri səhnəyə qoyulmuşdur. 1937-ci ildə o da həbs edilmişdir. Lakin az sonra onu həbsdən azad etmişlər.
15-dən çox kitabı çap olunmuşdur. Onlardan “Yulduzum”, “Kumuk tüzde“ (Qumuq düzlərində), “Qaranlıq dağlardan geniş düzlərə”, “Kobudluğa hücum”,“Sotav bulan Raşıyə”, “Sıralı qollar”, “Üç yüz tav” və b. nümunə göstərmək olar.
Nəsr, dramçılıq və poeziya ilə ardıcıl məşğul olan Atqayın “Aulda toy”, “Maral buynuzu”, “Aydemir”, “Qızılyar”, “Rabiyat” və “Sotav bulan Raşıyə” poemaları daha məşhurdur. Moskvanın müxtəlif nəşriyyatları onun kitablarını rus dilinə çevirərək çap etmişlər.
Folklor toplamaq, uşaq şeirləri və hekayələri yazmaqla yanaşı, bədii tərcümə ilə də ardıcıl məşğul olmuşdur. A.S.Puşkinin şeirlərini, Nikolay Qoqolun “Taras Bulba” povestini, A.Ostrovskinin “Cehizsiz qız” və M.Qorkinin Azərbaycanda “Həyatın dibində” adı ilə çevrilmiş pyesini “Yurdsuz insan” başlığı altında ana dilinə tərcümə etmişdir.
B.Adil onun “Qocanın sözləri”, “Söhbət” (Bizim nart nağılları), “Sevirəm yay fəsli, axşam düşəndə”, “Məhəbbətin nəğməsi”, “Əkizlər” şeirlərini dilimizə çevirmişdir. (Dağıstan ədəbiyyatı antologiyası, 1959: 98-104). Dağıstanın xalq şairi adina və S.Stalski adına Dövlət Mükafatına layiq görülmüşdür.
Dostları ilə paylaş: |