Kamal Ibrahim oğlu Abukov (02.03.1938, Xasavyurt rayonunun Çağar Otar kəndi). Yaxsay kəndindəki orta məktəbi bitirdikdən sonra Dağıstan Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur. 1963-cü ildə ilk hekayələri “Kıvılcımlar” adı ilə Mahaçqalada kitab şəklində çıxmışdır. Qəzetdə müxbir, nəşriyyatda redaktor, Xasavyurt rayon qəzeti “Dostluq”da redaktor, televiziyanın bədii verilişlər redaksiyasında baş redaktor, Sov.IKP Dağıstan Vilayət Komitəsində müxtəlif vəzifələrdə işləmiş Kamal Abukovu Sov.IKP yanında Ictimai Elmlər Akademiyasına oxumağa göndərmişlər. Sonrakı illərdə o ardıcıl elmi yaradıcılıqla yanaşı, bədii yaradıcılığını da davam etdirmiş, ictimai siyasi işlərdə fəallıq göstərmişdir. SSRI EA Dağıstan filialının Tarix, Dilçilik və Ədəbiyyat Institutunda çalışmışdır. Hazırda filologiya elmləri doktoru olan və Dağıstan Dövlət Pedaqoji Universitetinin professoru olan Kamal Abukovun müxtəlif dillərdə 20-ə yaxın kitabı çap olunmuşdur. Dağıstan xalqlarının ədəbiyyatının rus dili vasitəsilə dünyada tanıdılmasına çalışan alim yazıçının “Üz- üze” (1965), “Xalqdan gizləyərək” (1973), “Ocaqda od sönmədən” (1974), “Balyurtun işıqları” (1980), “Köhnə dəyirmana gedən yolda” (1983), “Hələ savaşda kimi” (1989) nəsr əsərləri çap olunmuşdur. 1967-ci ildə Dağıstanda çap olunan “Mən suçluyam, Məryəm” adlı hekayəsi rus dilinə çevrilərək 1980-ci ildə Moskvada da nəşr edilmişdir.
Onun “Məryəm”, “Ssora”, “Qəza”, “Küçədə çamadan” pyesləri Alimpaşa Salavatov adına Qumuq Musiqili Dram Teatrında və Həmzət Sadasa adına Avar Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur.
2001-ci ilin iyulun 11-də Dağıstan Respublikası prezidentinin imzaladığı sərəncamla Kamal Abukova Rəsul Həmzətov adına Dövlət Mükafatı verilmişdir.
Dostları ilə paylaş: |