Abdulzagir Batirov (1918, Mahaçqala şəhəri-1960). Azərbaycan ədiblərinin əsərlərinin qumuq türkcəsinə çevrilməsində əməyi az olmamışdır. Əsasən mahnı yazarı kimi tanınmışdır. Onun “Oktyabr və sülh”, “Oxu, ey gözəlim!”, “Gözəlim” şeirlərini B.Adil dilimizə çevirərək “Dağıstan ədəbiyyati almanaxı”nda çap etdirmişdir. (Dağıstan ədəbiyyatı antologiyası, 1959:209-210).
Anvar Hajiyev (1914, Dağıstan, Kostek kəndi -1992). Beşillik məktəbi bitirdikdən sonra Xasavyurtdakı kəndli gənclər məktəbində oxumuşdur. 1932-ci ildə oranı bitirdikdən sonra “Sosialist quruluşu”, “Lenin yolu” qəzetlərində işləmiş, “Yaş dağıstanlı” qəzetinin redaktoru olmuşdur. 1932-ci ildən yaradıcılığa başlayan şairin “Yanhırv” (Yeniləşmə) adlı ilk kitabı 1934-cü ildə çap olunmuşdur. Şeirləri daha çox yayılmış, savaş illərində “Çapqın”, “Qılıclar”, “Anadol aytdı” kitabları çap olunmuşdur. “Murtaza” poeması 1944-cü ildə keçirilən müsabiqədə mükafata layiq görülmüşdür.
Savaşdan sonrakı illərdə Mahaçqaladakı partiya məktəbində oxumuş və vilayət partiya komitəsində şöbə müdirinin müavini işləmişdir. Sonra onu Moskvaya-Ali Partiya Məktəbinə göndərmişlər. 1956-cı ildə oranı bitirib Mahaçqalaya qayıdaraq Dağıstan MSSR Televizya və Radio Komitəsinə sədrlik etmişdir.
Satirik əsərləri ilə də məşhurlaşan, əsərləri bir neçə dilə çevrilən Anvar Hajiyevin sağlığında 15 şeir kitabı buraxdırmışdır. “Yeniləşmə”, “Hücum”, “Don ilə söhbət”, “Qumuq dərələrinin mahnıları”, “Bəxtiyar dağlar”, uşaqlar üçün “Boşboğaz ağ ördək”, “Iki bacı”, “It və Canavar”, “Camaşğa cavap”, “Dost uşaqlar” adlı əsərlərini yazmaqla yanaşı, Puşkinin, Lermontovun, Xetaqurovun, Stalskinin, Sadasanın, Qafurovun, Həmzətovun əsərlərini ana dilinə tərcümə etmişdir.
Z.Cabbarzadə şairin “Doğma aulum”, “Oraq və Qılınc”, “Bəhs” şeirlərini dilimizə çevirmişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959:136-139).
Sovet dövründə doğulub boya başa çatan Ibrahim Kerimov (1922), Mahammatsultan Yahyayev (1922), Bammat Atayev (1925), Şarip Aliberiyev (1926), Izamit Asekov (1928), Mikayıl Abukov (1929), Abdulmejid Mejidov (1936), Akay Akayev (1933), Mustafa Huseyn (1935) və b. qumuq ədəbiyyatının inkişafında xidməti olan ədiblərdəndirlər.
Dostları ilə paylaş: |