Tursuncan Litıp (1945, Urumçi) 1982-cı ildə Şincanqda Uyğur Ədəbiyyatçılar və Sənətçilər Birliyinə daxil olmuş, “Şincanq sənəti” jurnalında redaktor işləmişdir. 1983-cü ildə birpərdəlik “Izitku”, 1984-cü ildə “Toxtang toxtimat”ı komediyasını, 1986-cı ildə “Bizgə işinəmsiz”, 1990-cı ildə “Qeri yigitnin toyı” pyeslərini yazan ədibin bizə məlum olan son əsərləri ”Tangsikəş tümür xutunlar” və ”Kəçküzdiki qeribliq” adlı bir pərdəlik lirik dramlarıdır. 1990-cı ildə yazdığı “Qeri yigitnin toyı” dramında ənənəvi toy mövzusunu seçmiş, 1988-ci ildə operada fəaliyyətə başlamışdır.
Uyğur teatrının araşdırıcılarından Tigin Bilgə yazır: “Çağdaş Uyğur tiyatrosunun meydana gelişi ve gelişip bugünkü hale gelişmesinde, Kemberhanım, Zikri Elpetta, Hüsencan Cami, Reyhan Abliz, Aytilla Ela, Helçem Sidik, Abdulkərim Baki ve Ablimit Sadık gibi bir çok sanatçıların büyük emeği vardır. Özellikle, Kemberhanım ve Aytilla Elanın Uyğur folklorunu, sanatını dünyaya tanıtmada oynadığı rolu kaydetmeye değer... Uyğur tiyatro nazariyeçisi Tursun Yünüs şunu yazır: «Uyğur tiyatrosu Uyğur halkının destançılık sanatından doğmuştur ki, biz onu geliştirmede yine aynı yolu takib etmeliyiz, sakın bu yoldan çıkır da Avrupanın drama ve operacılık yoluna gitmemeliyiz. Bunun için her şeyden önce Uyğur halk destanlarının ifade kalıplarını, abartma yollarını ve ondaki genel felsefi fikirleri kavrayarak kendimize özgü bağımsız icabiyet üslubunu yaratmamız lazım” (Tigin, 1992:94, sayı 346).
Istər azərbaycanlı, istərsə də türkiyəli oxucu və ədəbiyyatşünasın Doğu Türküstandakı soydaşlarımızın yaratdıqları ədəbi əsərlər haqqında geniş bilgiləri olmadığına görə Sekür Turan “Uyğur türk ədəbiyyatı” məqaləsini bu sözlərlə tamamlayır: «1950-ci ildən sonra ədəbi qaynaqlar kifayət etmədiyi üçün uyğur ədəbiyyatının bu dönəmdəki inkişafından danışmaq çətindir; çünki Doğu Türküstandan çox ağır şərtlərlə gələn kitablarda Çin idarəçiliyinin güclənən siyasi və mədəni basqıları açıq bir şəkildə görsənməkdədir. Bu da geniş bir araşdırma aparmaq üçün əngəl törədir”(Turan, 1992:778).
Sekür Turanın bu fikirlərini, məncə, Azərbaycana şamil etmək olmaz. Çünki Azərbaycanla Doğu Türküstan uzun illər eyni ideoloji cəbhədə, həm də sosialist düşərgəsi ölkələrində olduğundan gediş-gəliş, kitab mübadiləsi o qədər də çətin olmamışdır. Bu gün də çətin deyil. Sintzsyan-Uyğurda bu gün yüzlərlə azərbaycanlı var. Onlar ticarət, iş üçün gediblər. Əlaqələri də çox sıxdır. Kaş onların yüzdə biri qədər də araşdıricımız gedəydi. Hələlik onları əngəlləyən yoxdur.
Çində yaşayan soydaşlarımızın sayları haqqında əlimizdə doğru bilgi yoxdur. Rəsmi qaynaqlar isə yalnız Sincang Uyğur Muxtar Rayonunun ərazisinin 1,6 milyon kvadrat kilometr olduğunu yazır. Bu, Türkiyə Cümhuriyyətindən 2 dəfə, Azərbaycan Respublikasından isə 20 dəfə böyük bir ərazidir. Bəzi qaynaqlarda isə Doğu Türküstanın ərazisi bir milyon 828 min kvadrat kilometr göstərilir. (Kaşqarlı, 1992:18, Türklük, 1991:11). Ilk baxışda diqqəti cəlb etməyən bu fərqdəki rəqəmə nəzər salsaq görərik ki, Azərbaycan, Ermənistan, Gürcüstan respublikalarının ərazisindən xeyli böyükdür.
Sonuc
Tarixçi Eberhardın yazdığına görə, Çinin 1875-ci ildə yenidən Doğu Türküstanı işğal etməsi 10 milyon insanın məhvinə səbəb oldu. Onlar arasında çoxlu istedadlı gənc şairlər, yazıçılar, sənətçilər də vardı. Ümumiyyətlə, Doğu Türküstanda daha çox şair və yazıçının gənc ikən dünyasını dəyişdiyi müşahidə olunur ki, bu da ölkədəki irticanın hökm sürdüyünü göstərir. Türk memarlığına uyğun tikilən binalar sökülüb yerində Çin üslubunda binalar tikildi. Türkcə olan yer adları dəyişdirilib çinliləşdirildi. Əhali çincə oxumağa və çinlilərlə evlənməyə təhrik edildi. Milli əxlaqı pozmaq üçün qumarxanalar, meyxanalar, fahişəxanalar və s. yaradıldı. Doğu Türküstan, türk və Türküstan sözlərini işlətmək, qəzet, jurnal nəşr etmək, Türkiyədən və müsəlman ölkələrindən kitab və s. gətirmək yasaqlandı. Bu da ədəbiyyatın, sənətin, mədəniyyətin inkişafında bir durğunluq yaratsa da, milli şüuru da oyatdı. Çin strateqləri əhalini assimilə etmək üçün müsəlman, türk qızlarını zorla çinli kişilərə verməyi planlaşdırdılar. Bu plana qarşı çıxanlar xalq qəhrəmanına çevrilmiş, həyatları bədii əsərlərin mövzusu olmuşdur.
Beləliklə, ədəbiyyatı ümumbəşəri mövzulardan uzaqlaşdırıb xalqın gündəlik problemlərini əks etdirmək səviyyəsinə gətirmişlər.
1911-1933-cü illəri Doğu Türküstanda “Müstəqil çinli baş valilər dönəmi” adlandırırlar. Valilərin bütün təqib və təzyiqlərə baxmayaraq, həmin illərdə ədəbiyyatda bir dirçəliş, oyanış hiss edilir.
Sovetlər Birliyinin təsiri altında (1933-1944) olduğu dövrdə kommunizm ideologiyasının təbliğinə geniş yer verilmişdi. Aşağı təbəqədən olanların savadsızlığının aradan qaldırılmasına imkan yaradılmışdı. Bundan yararlanan ədiblər milli şüuru oyadan əsərlər yazmağa çalışırdılar.
1944-cü ildə qurulmuş hökumətdə baş nazir olan Dr. Məsut Sabir Bayquzunun “Niyaz qiz” pyesi, hökumət konseyinin üzvü olan Muhammetemin Buğranın “Kutluk Türkan” operası səhnəyə qoyulmuşdu. Bu da siyasi xadimlərin, dövlət adamlarının səhnə əsərlərinə yüksək qiymət verdiklərini göstərir.
Kommunist ideologiyasına xidmət edən, kommunizm quruculuğunu təbliğ edən səhnə əsərlərinin bir çoxunda sətiraltı, eyhamlı, amma milli hiss oyadacaq fikirlərə rast gəlinir.
Çindəki “mədəni inqilab” Uyğur dramçılığına, teatrlarına ağır zərbə vursa da, onun inkişafını tam dayandıra bilmədi.
Son dönəmlərdə belə təqib və təzyiqlər azalmasa da, Çin hökumətinin ədəbiyyat üzərindəki nəzarəti zəifləməyə doğru gedir. Xüsusən səhnə əsərləri tamaşaya qoyulanda aktyorlar nəzarətin zəif olduğunu hiss edən kimi mətndən kənara çıxıb öz fikirlərini bir-iki ifadə ilə də olsa, deyə bilirlər. Bu da milli ruhun yüksəlməsinə kömək edir.
Dostları ilə paylaş: |