2.1. Qaqauz ədəbiyyatının yaranmasını formalaşdıran ictimai-siyasi şərait
Günümüzdə ədəbiyyat ideoloji işin bir parçası olduğundan, onu dünyada baş verən siyasi hadisələrdən kənarda öyrənmək mümkün deyildir. Qaqauz ədəbiyyatı 20-ci yüzildə zəngin türk folkloru və SSRI-də yaşayan xalqların yazılı ədəbiyyatı əsasında formalaşmışdır. Oğuz türklərinin yaşadıqları bölgələrdə toplanan folklor nümunələrinin əksəriyyətini qaqauzlar arasından da toplamaq mümkün idi. Təəssüflər olsun ki, kadr çatışmadığından, bu iş peşəkarlar tərəfindən vaxtında və yüksək səviyyədə yerinə yetirilməmişdir.
Qaqauz folklorunu ilk dəfə V.Moşkov toplamışdır. Varşavadakı Rus ordusunun həkimi V.Moşkov kənd-kənd gəzərək folklora və etnoqrafiyaya aid materiallar toplayaraq onu 1904-cü ildə çap etdirmişdir (Moşkov, 1904). Atanas Manov da, V.Moşkov kimi qaqauzları fərqli bir millət kimi öyrənməyə çalışmışdır (Manov 1939:107). Bütün bunların arxasında Rusiya strateqlərinin ayrımçılıq siyasətinin durduğu aydın görünür.
Lyubov Çimpoyeşin dastanlar, Mariya Durbaylonun ballada türküləri (xalq mahnıları), Nikolay Baboğlunun ata sözləri, deyimlər, Vitaliy Sırfın nağıllar və Tudora Arnautun mani - bayatılar üzərində apardıqları araşdırmalar, eləcə də qaqauz araşdırıcılarının toplayıb çap etdirdikləri folklor nümunələri də onu göstərir ki, Türkiyə, Azərbaycan, Iraq, Suriya, Rumıniya, Bolqarıstan, Makedoniya və b. ölkələrdə yaşayan türklərdən toplanmış folklor örnəkləri ilə qaqauz türklərindən toplanmış nümunələr arasında elə bir ciddi fərq yoxdur. Mövcud fərqlər də məhəlli xarakter daşıyır. 19-cu yüzildən sonra yaradılan folklor nümunələrinin mövzusunda, xüsusən ballada və xalq mahnılarında isə siyasi təsirlər nəticəsində fərq artmışdır.
Sovet dövründə hər vasitə ilə qaqauz ədəbiyyatını ümumtürk ədəbiyyatından ayırmağa çalışırdılar. Səbəb yenə də siyasilərin qarşılarına qoyduqları məqsəddən doğurdu. Qaqauzları soyköklərindən ayırmaq üçün hər vəchlə onların türk olmadığı, Osmanlı dövlətinin təsiri ilə dilləri türkləşdirilmiş bolqar olduğu vurğulanırdı. Bu siyasət I Pyotr zamanından başlasa da, 1812-ci ildə Bessarabiyada yaşayan qaqauz türklərinə xüsusi imtiyaz verilməsi ilə daha da sürətləndirildi.
Qaqauzların çoxu bu siyasətlə razılaşmamışlar. 1860-cı ildə qaqauz nümayəndə heyəti Istanbula gedərək Sultan Əbdüləzizə diləkcə (ərizə) verirlər. Onlara Osmanlı dövlətinin tərkibində muxtariyyət verilməsini istəyirlər. Lakin gündən-günə güclənən və yeni torpaqlar işğal edən Rusiyanın qarşısında qocalmış və zəifləmiş Osmanlı dövlətinin qaqauzların arzusunu gerçəkləşdirməsi mümkünsüz idi.
Buna baxmayaraq, qaqauzlar öz haqlarına nail olmaq üçün mübarizəni davam etdirdilər. Dionis Tanas oğlunun yazdığına görə 1906-cı il yanvarın 6-da qaqauz xalqı ayağa qalxaraq Atmaca Pavloğlu və Andrey Qalatanın rəhbərliyində Komrat Cümhuriyyətini qurur. Tarixi şərait yetişmədiyindən, yeni elan edilən qaqauz dövlətinin ömrü cəmi 15 gün olur (Bulgar S, 1999:75).
Komrat Cümhuriyyətinin qurucularından biri kimi Rusiya hökuməti tərəfindən həbs edilmiş Pavel Nikolayev, çar II Nikolayın hakimiyyətdən getməsindən və yaranmış qarışıqlıqdan istifadə edərək, 1917-ci ilin dekabrında Kiyevə gedir. Komrat və ya Qaqauz Cümhuriyyəti qurmaq haqqında siyasi xadim və hökumət rəhbərləri ilə danışıqlar aparır. Bu həmin vaxt idi ki, Bucak bölgəsini də üsyan bürümüşdü. 1918-ci il noyabrın 27-də Bessarabiya Milli Məclisinin Rumıniya ilə birləşmək haqqında qərar verməsi, Ikinci Dünya Savaşı, bu savaşdan SSRI-nin qalib çıxması, Sovetlərin yaratdığı totalitar rejim qaqauzlara arzularını gerçəkləşdirməyə imkan verməmişdir.
Qaqauz yazılı ədəbiyyatının yaranması və formalaşmasından söz açarkən 1931-1944-cü illərdə Türkiyənin Rumıniyada səfiri işləmiş Həmdullah Süphi Tanrıöverin xidmətlərini də unutmaq olmaz. Bir zaman Türk Ocaqları başqanı olmuş bu millətsevər insan diplomatik vəzifəsini yerinə yetirməklə yanaşı, ölkədəki müsəlman və xristian türklərin yaşadıqları kəndləri gəzərək qaqauzlar yaşayan kənd və qəsəbələrdə 26 məktəb açılmasına nail olmuşdur. Məktəblərdə dərslər ana dilində-türkcə keçilirdi. Dobruca türklərindən və Rumıniyanın Məcidiyyə şəhərindəki Müsəlman Seminariyası məzunlarından, Türkiyədən öyrətmənlər və kitablar gətirdərək soydaşları arasında milli şüurun inkişafına təsir göstərməyə çalışırdı. Türkiyədən gələn aydınlar vətənə döndükdən sonra qaqauzlardan topladıqları folklor nümunələrini, orada gördüklərini qəzet-jurnallara, ensiklopediyalara yazmaqla mövzunu gündəmdə saxlamışlar (Türkiye dışındakı…, 1999:191, 12-ci cild).
Həmdullah Süphi Tanrıöver hətta qaqauzları assimilədən qorumaq üçün Türkiyənin Mərmərə bölgəsinə köçürülməsi barədə bir layihə də hazırlayaraq Ismət Inönü hökumətinə təqdim etmişdi.
Onun Rumıniyadan seçib Türkiyəyə oxumağa göndərdiyi qaqauz gənclərin çoxu Ikinci Dünya Savaşından sonra SSRI-nin “qapılarını möhkəm bağladığından” geri dönə bilməsələr də, Türkiyədə qaqauz məsələsinin gündəmdə saxlamağa çalışmışlar. Bu gənclərdən biri – qaqauz Doğan Dan “Akınçılar köyü” romanını o dövrün ən çox oxunan jurnallarından “Varlığ”ın 1938-ci il noyabr – 1939-cu il yanvar aylarında çap etdirmişdi. Təəssüf ki, qaqauzların etnoqrafiyasına və folkloruna dair zəngin məlumatı yaşadan bu roman və onun yazarı uzun illər diqqətdən kənarda qalmışdır (Argunşah Hülya, 2001:142).
Türkiyəyə oxumağa gedən gənclərdən söz açan S.Bulgar yazır ki, Həmdullah Süphi Tanrıöverin yardımı ilə Bucak bölgəsindən də 20-yə yaxın öyrənci göndərilmiş və onların hamısı Türkiyədə qalmış, vətəndaşlığı qəbul etmiş, əsgəri xidmətdə olmuşlar. Amma heç vaxt qaqauzları unutmamışlar. Qaqauzların folklorunu, ədəbiyyatını, adət-ənənələrini öyrənərək Türkiyədə təbliğ etmişlər. Belə aydınlardan birisi Veysel Arsevendir (Vasiliy Öküzcü). Bu şəxs Türkiyədə bacarıqlı pedaqoq, musiqişünas, elm adamı kimi tanınmışdır. Qaqauzların folkloru, nəğmələrinin musiqi düzümü və s. haqqında yazdığı elmi, publisistik məqalələrini Türkiyə mətbuatında çap etdirmişdi (Bulgar S., 2004).
Qaqauzlar milli azadlıq mübarizəsini açıq və gizli şəkildə davam etdirsələr də, istəklərinə yalnız SSRI dağıldıqdan sonra çatmışlar. Onlar 1989-cu il fevralın 11-də Moldova Kommunist Partiyası Mərkəzi Komitəsinin binası qarşısında mitinq keçirərək, Qaqauz Muxtar Sovet Sosialist Respublikasının yaradılmasını tələb etmişlər. Lakin onların bu tələbinə əhəmiyyət verilməmişdi. 1989-cu il mayın 21-də Komratda toplanan Birinci Qaqauz Xalq Qurultayı Qaqauz Muxtar Respublikasını qurmağı qərara alır. Həmin il noyabrın 12-də onlar bu işi gerçəkləşdirərək Qaqauz Muxtar Sovet Sosialist Respublikasını elan edir və hökumət yaradırlar.
Lakin Moldova hökuməti bununla razılaşmasa da, Sovet hökumətinin basqılarını, yaranmış ağır iqtisadi-siyasi durumu, ölkənin bir hissəsində Moskvanın əli ilə rusların Dnestryanı Respublika yaratmalarını nəzərə alaraq qaqauzlarla münaqişəyə girmək istəmir. Qaqauzlar Moskvanın Moldovanın müstəqilliyinə qısqanclıqla yanaşaraq ölkəni iqtisadi böhran və milli münaqişələr burulğanına salmaq istəyini, beynəlxalq aləmdə baş verənləri nəzərə almadan 1990-cı ildə Qaqauz Respublikası yaratdıqlarını elan edirlər. Rusiyanin xüsusi xidmət orqanları Moldovanı münaqişə bölgəsinə çevirmək üçün millətçi gənclərin narazılığından istifadə etmək istəyir. Həmin il noyabr ayının 25-də bir qrup milliyyətçi moldovan gənci könüllü dəstələr təşkil edərək qaqauzların üzərinə yeridilir. Moldovanlarla qaqauzlar arasında baş verə biləcək silahlı toqquşmanın qarşısı vaxtında alınır. Amma müstəqilliyini elan etmiş Qaqauz Yeri Respublikası, bütün cəhdlərə baxmayaraq, heç bir ölkə tərəfindən tanınmır. Hətta Türkiyə və Azərbaycan kimi qaqauzlara hər cür yardım etməyə hazır olan ölkələr də! Bu da səbəbsiz deyildi. Yaranmış qurum özünün iqtisadi, siyasi və coğrafi durumunu, beynəlxalq vəziyyəti nəzərə almırdı.
Moldova hökumətinin susması 23.12.1994-cü ilədək davam etdi. Həmin ilin noyabrında Moldova Məclisi Qaqauz Yeri Muxtar Vilayəti yaradılması haqqında qanun qəbul etdi. Bu qanun qaqauzların Moldova tərkibində milli haqlarını qoruyaraq yaşamalarını tənzimlədi (Bulgar S., 1999:75).
Dostları ilə paylaş: |