Folklor instituti


Şifahi xalq ədəbiyyatının tarixlə bağlılığı



Yüklə 4,03 Mb.
səhifə81/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   77   78   79   80   81   82   83   84   ...   211
1.1. Şifahi xalq ədəbiyyatının tarixlə bağlılığı

Noqaylar çox savaşlara qatılsalar da, son yüzillərdə təqib və basqılara uğrasalar da, folkloru-sözlü ədəbiyyatı qoruyub saxlaya bilmişlər. Folklor nümunələrində və yazılı ədəbiyyatda xalqın tarixi öz əksini tapır.

Yazılı qaynaqlar olmasa belə toplanmış folklor nümunələri ilə xalqların tarixini yazmaq olar. Bu baxımdan, noqaylardan toplanmış dastan və yırlar tarixçiyə zəngin material verir. No­qayların ilk qəhrəmanlıq dastanı “Axmet Aysula ulu” sayılır. Dastanın çoxvariantlılığı onun geniş yayılmasından soraq verir. 1343-cü ildə taxta oturmuş Canıbey xan və onun oğlu Ber­di­beyin arasında baş verən qarşıdurma “Axmet Aysula ulu” das­tanının süjetini təşkil edir.

Dastanın əsas ideyası haqsızlığa, zorakılığa, qəddarlığa qar­şı mübarizədir. Axmetin atası Aysula Canıbey xana nə qədər sədaqətlə qulluq etsə də, onun haqsızlıqlarına da dözmür. Xa­nın nöqsanlarını üzünə deyir. Bu da mübahisəyə səbəb olur. Xan tərəfindən sevilmədiyini və təqib edildiyini görən Aysula vətənindən uzaqlara gedir.

Axmet atasının harada olduğundan xəbərsiz və maddi sixıntılar içində böyüyür. Qeyri-adi gücü, fantaziyası, cəsarət və xeyirsevərliyi ilə xalqının sevimlisinə çevrilir. Axmet də, atası Aysula kimi vətənini və xalqını ürəkdən sevir. Aysula uzun zaman evindən, ailəsindən uzaqda olsa da bir gün düşmənlərin onun xalqı üzərinə basqına hazırlaşdığı xəbərini eşidir. Özü də bu xəbəri bir zaman xanın tərəfini tutaraq onu aradan götürmək istəyənlərdən eşidir. Vətəninin darda olduğunu duyan Aysula Çanıbeylə ədavətini unudub evinə gəlir. Xanın çətin vəziyyətdə olduğunu görüb onunla barışır. Oğlunu savaşa yola salır. Düş­mən Canıbeyin qoşunlarını darmadağın edir. Axmet xana yar­dım edib onu ölümdən qurtarır. Özü isə həyatını riskə ataraq döyüşü davam etdirir.

Axmetin bu hərəkəti onun xana şəxsi sədaqəti kimi deyil, yüksək vətənpərvərliyi kimi təsvir olunur. Xanın: “Məgər, sən öz həyatını qiymətləndirmirsən?” sualına Axmet belə cavab verir: “Əgər məni öldürsələr, mənim kimi çoxları doğular. Bundan vətənə zərər gəlməz. Əgər, səni öldürsələr, xan, bunu bütün aləm bilər və vətənim başsız qalıb dağılar” (Kerekov, Ekubovskiy, 1960:57).

Dastanda Canıbey xan çətin vəziyyətdə olanda qızı Şaarbeki Axmetə verəcəyini vəd edir. Xan düşünür ki, Axmet bu ağır döyüşdən sağ çıxmayacaq. Lakin Axmet döyüşü qələbə ilə ba­şa vurur. Xan sonradan fikrini dəyişərək qızını varlı Bukalın oğlu Teymura ərə vermək istəyir. Şaarbek atasının vədinə dönük çıxdığını Axmetə xəbər verir. Axmet qızı alıb qaçır. Xan­dan narazı olan igidlər onun başına toplaşır, Canıbey xana qar­şı birlikdə mübarizə aparırlar. Sonda xan Axmetin öhdə­sindən gələ bilməyəcəyini görüb dostları ilə onun arasını vurur. Dostlarından inamsızlıq görən Axmet atını minib Şaarbeki də qucağına alaraq uca qayadan atılır.



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin