Folklor instituti


“Yedigey” dastanı noqay tarixinin qaynağı kimi



Yüklə 4,03 Mb.
səhifə82/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   78   79   80   81   82   83   84   85   ...   211
1.2. “Yedigey” dastanı noqay tarixinin qaynağı kimi
Irtışdan Dneprədək böyük bir ərazini nəzarətdə saxlayan, Quzey Qafqaza, Kırıma hakim olan Altınorda (Qızıl Orda) döv­ləti getdikcə gücdən düşdü və sıxışdırılaraq siyasi səhnədən uzaqlaşdırılmağa başlandı. Belə qarışıq və gərgin bir dövrdə noqayların böyük bir qrupu Volqanın sol sahilinə Ural və Emba çayları hövzəsinə, Xəzər sahillərinə yerləşir və burada mankit­lərlə birləşərək yeni bir güc kimi tarix səhnəsində görünürlər.

Noqayların yenidən bir güc kimi tarix səhnəsində görünmə­sində Yedigey bəyin rolu böyük olsa da, Noqay Ordası döv­lətinin qurucusu kimi onun oğlu Nurəddin Mirzə (1420-1430) tanındı. 1420-ci ildə Yedigey bəy öldürüldükdən sonra dövlətin mərkəzdən idarə edilməsi zəiflədi. Ölkə dağılıb-parçalandığı zaman Yedigey bəyin noqay ulusuna hakim təyin etdiyi oğlu Nurəddin Mirzə yeni bir dövlət yaratdı.

Dövrün hadisələrini bədii təsvir vasitələri ilə özündə ya­şa­dan “Yedigey” dastanı noqaylar arasında geniş yayılmışdır. V.M.Jirmunskinin yazdığına görə, dastanın otuzdan çox varian­tı mövcuddur (Jirmunskiй V. 1974:349). Əski türk dastan­la­­rının bədii ifadə vasitələrindən istifadə edilərək və Altınor­da­nın (Qızıl Orda) çöküş dövründə meydana çıxan qüdrətli sər­kər­də, bacarıqlı dövlət adamı Yedigeyin həyatından götürülmüş faktlarla zənginləşdirilərək, yeni dastan yaradılmışdır.

Yedigey də Noqay kimi Çingiz xan nəslindən deyildi. Buna baxmayaraq ağlı, gücü və diplomatik bacarığı sayəsində çök­məkdə olan Altınordanı (Qızıl Orda) qoruyub saxlamağa çalışır və dövlətdə aparıcı şəxsə çevrilir. Volqa (Itil) ilə Yayıq arasın­dakı çöllərdə yaşayan mankitlər mərkəzi hökumətin zəifləmə­sindən istifadə edərək müstəqil siyasət yeritməyə çalışırdılar. Yedigey 1391-ci ildə onların üzərinə yürüş edərək mərkəzi ha­kimiyyəti möhkəmləndirir. Yedigey Temir Qutluq xanın (1396-1399), Sadıbey xanın (1399-1407) və b. hakimiyyətə gəlmə­sində aparıcı rol oynamışdı. Buna görə də övladlarını bölgələrə hakim təyin etdirə bilmişdi.

Hökumətin başında Çıngizxan soyundan olanlar dursa da, əs­lində ölkə Yedigey və oğlanları tərəfindən idarə olunurdu. Onun ölü­mü ilə (1420) dövlətin mərkəzi idarəsi laxladı və az sonra dağıldı. Yedigey bəyin oğlu Nurəddin Mirzə yeni bir dövlətin – Noqay Ordası dövlətinin qurucusu oldu. “Yedigey” dastanı da həmin vaxtdan formalaşmağa başladı. Dastan no­qaylar arasında “Yedigey və Kubugil” adı ilə məşhurdur. Elmi ədəbiyyatlarda no­qay dastanı kimi tanıdılan “Yedigey” tatar­ların, başqırdların, qa­zax­ların, qırğızların, qaraqalpaqların ara­sında heç də noqaylardan az sevilmir. Əslində bu dastan qıp­çaqların ortaq abidəsidir. Ye­di­geyin 1391-ci ildə mankitlər üzə­rindəki qələbəsini əldə əsas tuta­raq, 1991-ci ildə “Yedigey” dastanının 600 illiyi təntənə ilə qeyd edilmiş və dastanla bağlı çoxlu araşdırmalar nəşr olunmuşdur.

132 illik ömrü olan Noqay Ordası dövləti (1426-1558) yeni siyasi güc kimi tarix səhnəsinə atılan Rusiyanın və Doğudan gələn Kalmık basqınçılarının təzyiqi altında darmadağın oldu.

Rusiyanın güclənməsində və ordu quruculuğunda başqa qon­şu türk xalqları kimi, noqayların da rolu olmuşdur. Noqay Ordasında daxili ziddiyyətlər gücləndikcə soydaşları olan xalqlarla münasibətləri də kəskinləşirdi. Əvəzində onları məhv edəcək Rusiya ilə siyasi və iqtisadi əlaqələri yaxşılaşdırırdılar. Yalnız bir faktı qeyd etmək yetərlidir ki, noqaylar Moskvaya 1534-cü ildə 50.000, 1548-ci ildə 16.000, 1552-ci ildə 25.200, 1555-ci ildə 46.000, XVII yüzildə isə ildə 70.000 təmizqanlı at satmışlar (Kеrейtоv R., 1997:24). Bu da Rus dövlətinə qüdrətli atlı ordu yaratmağa yetirdi.

Xarici güclərin, daxili ziddiyyətlərin və təbiətin yaratdığı qıt­lığın nəticəsində Noqay Ordası üç yerə – Böyük Noqay ulu­suna, Kiçik Noqay ulusuna və Altı Oğul ulusuna parçalandı. Böyük Noqay ulusunun başçısı Ismayıl Mirzə 1558-ci ildə müəyyən şərtlərlə Rusiyaya tabeçiliyi qəbul etsə də, xalq bu­nunla razılaşmadı. 1563, 1564 və 1567-ci illərdə Rusiya çarına qarşı üsyanlar baş qaldırdı. Xalqın böyük bir hissəsi köçərək Kırım xanlığına sığındı.

Lakin bununla da iş bitmədi. Kazanı, Həştərxanı, Kırımı iş­ğal etməklə yetərlənməyən (kifayətlənməyən) Rusiya çarları bu yerlərin əhali­sini də kölə vəziyyətinə – Rusiyanın təhkimli kəndlisinin gününə salmaq istəyirdi. Avropalıların quldarlıq quruluşu adlandır­dıq­ları idarə sistemini yaşamamış, islamı qəbul etmiş türk xalqları isə heç bir vəchlə Rusiyanın təhkimçilik qanunlarını qəbul etmirdi. Buna görə də, üsyanlar ara vermirdi. Bu üsyanlar isə minlərlə dinc insanın ölümünə səbəb olurdu. Yalnız onu qeyd etmək yetər ki, Osmanlı dövləti noqayları ölümdən xilas etmək üçün XIX yüzilin ikinci yarısından başlayaraq 700 min noqayın ölkəsinə gəlməsinə icazə vermişdi (Sikаliеv А., 1994:4).

Araşdırıcı M.K.Safarkalıyev ingilis Cenkinsona istinadən 1557-ci ilin sərt qışında Həştərxan bölgəsində 100 min noqayın aclıqdan və soyuqdan öldüyünü yazır… “On minlərcə noqay ço­cuğu ruslara kölə olaraq satılmış, ya da atılmışdır” (Si­kаliеv А., 1993:164-165). Bu qıtlığın bir səbəbi sərt qış idisə, başqa səbəbi də Kazan xanlığını işğal edib, Volqa boyu ilə Həş­tərxanadək irəliləyən Rusiya orduları idi. Ruslar yeni ərazi­ləri işğal etməklə noqayların yaylaq və qışlaqlarını məhdud­laş­dırırdılar. Bütün bunlar, sözsüz ki, xalqın yazılı və şifahi ədə­biyyatında əksini tapırdı.

Qonşu dövlətləri zəiflədərək təsir dairəsinə salmaq və yeni torpaqlar işğal etmək üçün Rusiya öncə həmin bölgələri yax­şıca öyrənirdi. Bu baxımdan Rusiyanın XVI yüzildə hazır­lat­dığı bir xəritə olduqca önəmlidir. “Bоlьşой çеrtеj qоsudаr­stvа Rоssiйskоqо, kоnец XVI vеkа” adlanan bu xəritə günü­müzədək gəlib çatmamışsa da xəritənin hazırlanmasında isti­fadə edilən bölgələrin, çayların, dağların, şəhər və kəndlərin sözlə təsviri olan yazı arxivlərdə qorunub saxlanmışdır. Burada noqayların yaşadıqları bölgənin təsvirindən söhbət gedərkən məscidlər “tatar məscidləri” adlandırılır. Bu da onu göstərir ki, Noqay xanın zamanında da, Noqay Ordası dövləti zamanında da xalq noqaylı adı ilə çağırılmaqla yanaşı, tatar, qıpçaq, hun və s. adlarla da adlandırılırmış.

Çoxadlılıq bu günün özündə də davam etməkdədir. Rusiya Federasiyasının rəsmi statistikasında noqayların sayının 90 min olduğu göstərilir. Internet saytlarında isə dünyada 4 milyon noqayın yaşadığı göstərilir. Rəqəmlər arasındakı fərq, əsasən, xalqın adlandırılmasından doğur. Internet saytlarında bu gün “Kırım tatarı”, “türk” adlandırılanlar da soykökünə görə noqay adlandırılır. Başqa xalqlar arasında assimilə olunmuşlar da no­qay­lar kimi siyahıya daxil edilir. Belə ki, Dobrucada, Kirımda yaşayanlar rəsmi statistikada tatar kimi qeyd edilsələr də, in­ternet saytlarını hazırlayanlar onları və kazak kimi tanıdığımız rusdilli xalqın bir qismini mənşələrinə görə noqay kimi qeyd edirlər. Bunun səbəbi isə bu günün özündə də Kırım tatar­larının və Dobrucalıların özlərini həm tatar, həm noqay, Buxara və Xivə ətrafında yaşayanların isə özlərini mankit (Alparku, 1996). və noqay adlandırmalarıdır.





Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin