Qamzat Yusup ulu Acıgeldiyev (21.12.1939, Dağıstan Respublikası Noqay rayonu Orta Töbe kəndi-?.07.1966). Atasını savaşda, anasını savaşın doğurduğu aclıq və xəstəlikdə itirən Qamzat çətin bir ömür yaşamış, uşaq evinin ağır şəraiti onun psixologiyasını pozmuşdur. Savaş başa çatdıqdan sonra yaxın qohumu Badiya Acıgəldiyev onu ailəsinə almışdır. “Səlimət” hekayələr kitabının müəllifi olan, Qaranoqay kəndlərini (Dağıstan) gəzərək folklor nümunələrini çap etdirən, partiya işçisi Badiya Acıgəldiyev Qamzatın ədəbiyyata maraq göstərməsində böyük rol oynamışdır.
Tepekli (Dirəkli) Məktəb kəndindəki internat məktəbdə oxuyan Qamzat Belarusiya Hərbi Dairəsində əsgəri xidmətdə (1958-61) olarkən də ikiillik Marksizm-Leninizm Universitetinin axşam şöbəsində təhsil almışdır. Bədii yaradicılığa da həmin illərdən gəlmişdir. Mahaçqaladakı “Şöllik mayakı” (Çöllük mayakı”) və Çerkesskdəki “Lenin yolu” qəzetləri ilə müntəzəm əlaqə saxlamışdır.
Əsgəri xidməti başa vurduqdan sonra fəal bədii yaradıcılıqla məşğul olmuş, noqay ədiblərindən F.Abdulcəlilov, S.Kapayev, K.Kumratovla görüşmüşdür. Ədəbiyyata gəlişi ilə diqqəti özünə cəlb edə bilmişdir. Moskvadakı M.Qorki adına Ədəbiyyat Institutuna oxumağa göndərilən ilk noqay olmuşdur.
1962-ci ildə Mahaçqalada “Sokpak” (Cığır) adlı ilk şeir kitabı çap edilmişdir. Badiya Acıgəldiyevlə birlikdə Dağıstanda yaşayan noqay ədiblərinin Ikinci Dünya Savaşından sonrakı yaradıcıliğından nümunələri seçərək 1964-cü ildə “Karlıgac” (Qaranquş) adlı topluda çap etdirmişlər. Bu təşəbbüsü araşdirıcılar noqaylarda ədəbi mühitin canlandırılması kimi qiymətləndirirlər.
Qəzetlərdə çoxlu ədəbi tənqidi məqalələr, tərcümələr çap etdirən, ədəbi mühitin canlanması üçün var gücü ilə çalışan gənc şair bədbinliyə qapılmış, vəziyyətdən çıxış yolu tapa bilmədiyindən içkiyə qurşanmışdır. “Kuşlar kaydan kelesiz” (Quşlar haradan gəlirsiniz?), “Mennen başqa bar bolsa...” (Məndən başqa varsa...), “Izleyemen seni” (Səni axtarıram), “Dördlüklər” şeirləri oxucular tərəfindən məhəbbətlə qarşılanan şair 1966-cı ildə, 27 yaşı tamam olmamış intihar etmişdir. Şairi intihara aparan yol onun şeirlərində öz əksini tapmışdır. “Yayapsız soraclar”(Cavapsiz suallar) şeirində yazır:
Yazayıma yatlavlardı yanıdan?
– Yenidən yazmağa davam edimmi?
Tek korkman redaktorlar kapıdan
– Pək qorxuram redaktorlar qapıdan
Ketşi deek, kaqıtlardı körgende
– Getsin deyər, yazılarımı görəndə.
Koyayıma taslap yazqan zatlardı
– Hər şeyi atmaq, unutmaq,
Otı sönip, suvıp kalqan küllerdey
– Yoxsa yandırmaq, külə döndərmək.
Tars yumayım körmes uşin közimdi
– Gözüm görməməsi üçün yumummu
Ya salayım korkaylandan külledi
– Kömək edər mənə güllələr
Söndürmege ürügimnin yallavın
– Söndürməyə ürəyimin alovun
Yazayıma yatlavlardı yanıdan?
– Yenidən yazmağa davam edimmi?
“Kuy, Rosiya”(Araq tök, Rusiya!) və b. şeirləri onun sərxoşluqla keçirdiyi günlərin əhval-ruhiyyəsini özündə yaşadır. Şeir sanki Rusiyaya, rus mühitinə bir ittihamdır. Sərxoş olan, sərxoş yürüyən Rusiya! Araq içməyi mənə də sən öyrətdin. Bloka da sən içki verdin, Yesenini də sərxoş etdin. Sən məyər özün, Yox, sən sərxoşsan!
“Lenin yolu” qəzeti 15 iyul 1966-ci il sayında şairin “Vəsiyyət” şeirini çap etmişdir.
1988-ci ildə Mahaçqalada T.Akmanbetovun ön sözü ilə Qamzat Acıgəldiyevin “Urlanqan suyub” (Oğurlanmış sevgi) adlı şeirlər toplusu çap olunmuşdur (Suyunova N., 2006:237-238).
Dostları ilə paylaş: |