3.3. Sovet ideologiyasının yeni ədəbiyyatı formalaşdırması
Təbliğat maşını elə qurulmuşdu ki, ədəbiyyata yeni gələn gənclərlə birlikdə Qasbot Qoçqarov, Appa Canıbekov, Kazim Meçiyev kimi bolşevik inqilabından öncə də məşhur olan şairlər belə, Sovet rejimini keçmiş dövrlə qarşılaşdıraraq tərifləyirdilər. Onlar kasıbların varlı zülmündən qurtardığını sevinclə bildirən, sinfi mübarizəni önə çəkən, hər şeyə sinfi mübarizə baxımından yanaşan əsərlər yazmağa başladılar.
Artıq 1927-ci ildə Islam Xubiyevin rəhbərliyi, Abidat Botaşov və çərkəzlərdən Maqomed Dışekovun, Xalid Astecyevin üzvlüyü ilə Qaraçay-Çərkəz Proletar Yazıçılar Cəmiyyəti fəaliyyətə başladı. Cəmiyyətin şeir bölməsinə Issa Qarakötov ilə Asxat Biciyev, nəsr bölməsinə Abdulkerim Batçayev, teatr və pyes bölməsinə Qemma Qebenova ilə Abidat Botaşov rəhbərlik edirdilər. Bu təşkilat 1934-cü ildə SSRI Yazıçılar Ittifaqının Qaraçay-Çərkəz şöbəsinə çevrildi. Təşkilat ətrafında birləşən ədiblərdən Xasan Appayev, Issa Qarakötov, Asxat Biciyev, Abidat Botaşov, Azret Örtenov, Abdulkerim Batçayev, Xasan Bostanov və Daut Bayqulovun təşəbbüsü ilə 1936-cı ildə Mikoyan (Maykop) şəhərində “Almanax-Karaçay Sovet xudejestvo literaturanı ülgüləri” və 1937-ci ildə qaraçay şairlərinin şeirlərindən ibarət “Nazmula” kitabı çap olundu.
1930-cu illərdə ölkənin hər yerində olduğu kimi, Quzey Qafqazda da aydınların “tərkibi”ndə dəyişikliklər baş verdi. Malkar xalqının poetik imkanlarının fəallaşması, intellektual gücünün artması- onun mədəni yaşamına şairlərin böyük bir dəstəsinin gəlişi ilə müşahidə olundu. Bert Qurtuyev (Qurtulanı), Qaysın Quliyev (Qulilanı), Kerim Otarov (Otarlanı), Salx Qurtuyev (Qurtulanı) və b. buna misal göstərmək olar. Onlar yaradıcılıqlarını sosial sifariş əsasında formalaşdırdılar. Adət-ənənədən, keçmişdən bəhs edəndə ifrata varır, milli dəyərləri alçaldır, dini mədəniyyətin inkişafına əngəl olan vasitə kimi təsvir edirdilər. Onlar kimi düşünməyən ədiblərə qarşı açıq mübarizədə “Bizdən deyilsənsə, bizə qarşısan!” (“Ktо nе s nаmi, tоt prоtiv nаs”) şüarını irəli sürürdülər. Bədii dəyərlərə o qədər də diqqət yetirməyən ədiblər Sovet rejimini xalqa təbliğ etməyə və deyilənlərə inandırmağa çalışırdılar. Azret Budayev, Xamit Temmo, Omar Etezov, Salix Xoçuyev, Xaci-Mussa Quliyev, Ahmadiya Malkarlı (Ulubaş) və b. dövrün öndə gedən yazıçı və şairlərindən idi.
Yaradıcılığa 1930-cu illərdə başlayan Qaysın Quliyev və Kerim Otarov kimi parlaq fərdlər başqa yolla getdilər. Sənətkar borcuna ciddi münasibət, axtarışların intensivliyi ona gətirib çıxardı ki, onların ilkin lirikasında formaların rəngarəngliyinə, şeir texnikasına, obrazlı, estetik təkmilləşməyə meyl artdı.
Onlar keyfiyyətcə yeni yaradıcılıq düşüncəsinə, ətrafın obyektiv təsviri və dərk edilməsinə gəlib çatmışdılar. Malkar şeirinin inkişafı haqqında danışarkən, yada salmalıyıq ki, onun əsas milli xüsusiyyətlərindən biri - qəhrəmanın daxili aləmi ilə dünyanın gedişinin uyğunsuzluğunu doğuran səbəbləri axtarmaq idi. Malkar poetik düşüncəsinin ünsürləri 1940-cı illərdə yeni bədii cizgilər kəsb edirdi.
Qaraçay-Çərkəz bölgəsinin Sovetləşmənində iştirak edənlərin bəziləri yazıçı, şair, jurnalist olsa da Qaraçay Sovet poeziyasının özülünü qoyanlar sırasında Issa Qarakötov (Qarakötlanı) (1900-1942), Daut Bayqulov (Bayqullanı) (1902-1942), Azret Örtenov (Örtenlanı) (1907-1955) və b. adları çəkilir.
Dostları ilə paylaş: |