3.7. Dramçılığın yaranması və inkişafı
Dramçılıq sahəsində də diqqəti çəkən cəhətlər olmuşdur. Qaraçay-malkar ədibləri 1930-cu illərdən səhnə əsərləri yaratmağa başlamışlar. Abidat Botaşov (1902-82) “Bay caş bla carlı kız” (Varlı oğlan ilə kasıb qız) (1923), A.Qorxmazov “Qırmızı komandir kadetlər əsirliyində” (1929), Abdulkerim Batçayev “Axmat Batır” (1933) pyeslərini yazmışlar. Şaxarbiy Ebzayevin “Oğurlu“ (Uğurlu) komediyası isə 1931-ci ildə Rostov-Don şəhərində keçirilən Qafqaz Xalqlarının Birinci Incəsənət Festivalında ən yüksək mükafata layiq görülmüşdür (Antaloqiya literaturı..., 2003:160-170). Pyes 1937-ci ildə üzərində yenidən işlənərək çap edilmişdir.
Ramazan Qelayevin yazdığı “Kanlı kalım” pyesi malkarların ilk səhnə əsəri sayılsa da, bu janrın inkişafı Issa Botaşovun adı ilə bağlıdır. O, sürgündən geri dönəndən sonra “Tavlada tan jarıydı“ (Dağlarda dan qızarır), “Quşla biyikni süedile” (Quşlar yüksəklikləri sevər), “Abrek”, “Soltanın jazısı”, “Tavlı kızın yigidliği” (Dağlı qızın igidliyi) və başqa pyesləri yazaraq səhnələşdirdi. (Türkiye dışındakı..., 2002:405, 22-ci cild). Teatr sahəsində ardıcıl çalışan yazarlardan biri də Ibraqim Maqammatovdur (1919). 1961-ci ildən başlayaraq “Toydan sonra”, “Jaralı juğutur” (Yaralı dağ keçisi), “Şamay qala”, “Süymeklikin poeması” (Sevgi poeması), “Aylıq turmala” (Turpluq), “Elibizin adamları” (Elimizin adamları) və b. pyesləri səhnəyə qoyulmuşdur (Türkiye dışındakı..., 2002:393, 22-ci cild). Jağafar Tokumayevin “Avanala” (Kölgələr), “Jalğan daraja” (Yalan ünvan), “Örten” (Yanğın), “Emina” (Vəba) və b. pyesləri malkar teatrında maraqla qarşılanmışdır.
Son illər ədəbiyyata gələn gənclərdən Burxan Berberovun “Ağaç çana” (Ağac paz) pyesi diqqəti cəlb edir.
Bədii və elmi yaradıcılığı parallel aparan, pedaqoji sahədə çalışan, Kabarda-Malkar Dövlət universitetində rporektor işləyən Burhan Berberov Azərbaycanla bağıl olan malkar ədiblərindəndir. Azərbaycanın alimləri və elm ocaqları ilə daha sıx bağlı olan ədib Bakıda AMEA Folklor Institutunun keçirdiyi “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” simpoziumularına qatıldığı kimi, Azərbaycan alimlərinin də Nalçikdə keçirilən toplantılara getməsinə vasitəçi olur.
Dostları ilə paylaş: |