Nuhay Batırmurzayev (1865, Tersk vilayətinin Yaxsay kəndi-1919). Çağdaş qumuq poeziyasının və nəsrinin banilərindən biri sayılır. Mədrəsədə oxuyarkən ərəb dilini, islam tarixini, şəriəti, Doğu ədəbiyyatını öyrənir. Gənc yaşlarından bədii yaradicılığa başlayan şair sosial ədalət uğrunda mübarizəni həyatının mənası sayır. “Yazıq Habibat” (1910), “Davut blan Layla” (Davut ilə Leyla) (1912), “Harun və Zubaydat, yaxud nəsipsiz Canbike” kimi povest və Doğu süjetləri əsasında romantik novellalar, hekayələr yazmaqla yanaşı, ərəbcədən “Min bir gecə”, “Canşah” və “Sindibadın dəniz səyahəti” nağıllarından parçaları qumuq türkcəsinə çevirmişdir. N.Batırmurzayev oğlu Zeynalabidin “Tanq çolpan” (Dan ulduzu) jurnalını nəşr etməsinə yaxından kömək etmişdir. Çox təəssüf ki, bu mübariz insan, eləcə də oğlu Zeynalabid 1919-cu ildə Denikinçilər tərəfindən güllələnmişlər.