(“Ədəbiyyat və incəsənət”, 1965, 4 sentyabr)
Yeddi il keçdikdən sonra “Ədəbiyyat və incəsənət” qəzeti yenə də Dionis (Dəniz) Tanasoğlunun bir şeirini çap edir. “Sənsizəm” adlı bu şeir də sadəliyi ilə seçilir. Şair deyir:
...Sənsizəm sanki
Bülbül nəğməsiz
Yetim vətənsiz.
...Sənsizəm sanki
Gündüz günəşsiz
Anam vətənsiz.
Kalmışam sənsiz.
(“Ədəbiyyat və incəsənət”, 1972, 8 iyul)
Bundan sonra Azərbaycan mətbuatında qaqauz mövzusu getdikcə aktuallaşır. Qaqauz şairlərinin şeirləri, ədəbiyyatları, tarixləri, yaşam tərzləri haqqında yazıların sayı artmaqla yanaşı elmi və bədii səviyyəsi də yüksəlir. Onların içərisində Allahverdi Məmmədovun S.Kuroğlu ilə müsahibə əsasında hazırladığı “Neredesen, Göy Oğuz?” (məqalənin sonunda jurnal şairin “Acı sevda duası” və “Əllərin alovu” şeirlərini də vermişdir) (“Ulduz”, 1982, dekabr), Əhməd Nehmətovun “Uzun karvan. Bizim karvan” (“Ədəbiyyat və incəsənət”, 1985, 27 dekabr) məqalələri elmi və bədii dəyərinə, insanlara təsir etmək, qaqauz xalqına maraq oyatmaq baxımından seçilir.
Azərbaycanda qaqauzların tanıdılmasında Güllü Yoloğlunun xidməti böyükdür. 1980-ci ilin sonlarında “Azərbaycan-Moldova ədəbi əlaqələri” mövzusunda namizədlik dissertasiyası yazmağa başlayan gənc araşdırıcı qaqauzlar haqqında ardıcıl məqalələr yazmaqla yanaşı, radio-televiziyada, toplantilarda bu mövzuda olduqca diqqətçəkən çıxışlar da etmişdir. Tədiqatçı 1992-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi aldıqdan sonra da qaqauzlar mövzusundan uzaqlaşmamışdır.
Güllü Yoloğlunun təmənnasız şəkildə, özünə mənəvi borc bilərək girişdiyi mövzusu az zamanda onu yalnız Azərbaycanda deyil, bütün türk dünyasında qaqauzşünas kimi tanıtmışdır. O, Azərbaycanda, eləcə də keçmiş sovet respublikalarında, Türkiyədə, Rumıniyada, Moldovada, Quzey Kıbrısda keçirilən elmi simpoziumlarda qaqauzlarla bağlı dəyərli məruzələri ilə yadda qalmışdır. Güllü xanımın elm aləminə gəlişi ilə respublikamızda qaqauz ədəbiyyatının və mədəniyyətinin ardıcıl öyrənilməsinin yeni mərhələsi başlanır. Mövzu ilə bağlı Azərbaycanda çap etdirdiyi məqalə və tərcümələrinin sayı 30-u keçmişdir. Radio-televiziyada, toplantılardakı çıxışları, verdiyi konfransların mətnləri toplansaydı, yəqin ki, bir neçə cildlik kitab alınardı. Qaqauz mətbuatında çap olunan məqalələrinin də sayı Azərbaycandakından az deyildir.
O, Azərbaycan televiziyasında “Ana sözü” qəzetinin redaktoru Todur Zanetlə, Bakıda tələbə olan Tudora Arnautla apardığı müsahibələrdə qəzetə abunə yazılmağı da təbliğ etmiş, həmvətənlərimizi bu qəzetə yazılmağa çağırmış, bunun da sayəsində qəzetin tirajı yüksəlmişdir.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan Dövlət Nəşriyyatı türk xalqlarını və toplumlarını tanıtmaq üçün dünya türkləri haqqında silsilə kitablar çap etdirməyi planlaşdırdı. Amma “Axısqa Türkləri”, “Uyğurlar”, “Qaqauzlar” adında broşürlar işıq üzü gördükdən sonra nəşriyyatın iqtisadi sıxıntısından bu iş dayandı. Həmin seriyadan olan “Qaqauzlar” kitabını Güllü Yoloğlu hazırlamışdı (Yoloğlu G., 1996). Elə həmin il “Yazıçı” nəşriyyatının çap etdiyi “Qaqauz folkloru” kitabının da tərtibçisi və ön sözün yazarı Güllü Yoloğludur.
Güllü Yoloğlu 1999-cu ildə Türkiyədə Atatürk Kültür Mərkəzi tərəfindən çap olunan “Türklərin ailə mərasimləri” kitabında ailə mərasimləri müqayisəli araşdırılan dörd türk boyundan biri də qaqauzlardır.
Onun qaqauz sözünün mənşəyindən bəhs edən «Qaqauz», yoxsa “qaqouz?” (“Novruz”, 1991, 16 iyul), “Çağdaş qaqauz ədəbiyyatı” (“Ədəbiyyat və incəsənət”, 1989, 21 aprel), “Bucaqdan səslər” (“Ulduz”, 1989, 57-60, sayı 1), “Qaqauz yaziçılarının hekayələri”(“Xəzər”, 1991, 124-129, sayı 4) “M. Kösə-60” (“Ədəbiyyat qəzeti”,1993, 5 mart), “Qardaş qaqauzlar” (“Ədəbiyyat qəzeti”, 1996, 4 oktyabr) və “Istər Azərbaycan, istərsə də qaqauz ziyalıları arasında qısqanclıq var” (T.Zanetlə müsahibə) (“Dövran”, 1999, 30 noyabr-6 dekabr) və başqa yazıları mövzu ilə maraqlananlara geniş bilgi verir. Özəlliklə Kişinyovda çıxan “Ana sözü” qəzetində çap olunan 10-a qədər məqaləsi aktuallığı ilə seçilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da qaqauzları tanısın, onların tarixindən, ədəbiyyatından xəbərdar olsun deyə G.Yoloğlu “Xudafərin” (Polşa) (“Xudafərin”, 1996, 75-79, sayı 1 (2)), “Araz” (Isveç) (“Araz”, 1996, 49-53, sayı 2) və başqa jurnallarda da maraqlı məqalələrlə çıxış etməklə yanaşı, internet saytlarında, eləcə də internetdə yaradılmış diskussiya otaqlarında da mövzu ilə maraqlananların suallarını cavablandırır.
Bakı Slavyan Universitetinin professoru Nizami Tağısoyun (Məmmədov) elmi konfranslarda oxuduğu məruzələri, universitetdəki mühazirələri, qəzet-jurnallarda çap etdirdiyi “Qaqauzlar: keçmişdən bu günə”, “Qaqauzların tarixindən səhifələr”, “Qaqauzların toy-düyün mərasimləri”, “Qaqauz ədəbiyyatı” məqalələri elmi səviyyəsini, yüksəkliyi ilə seçilir. O həmin məqalə və məruzələrini 2010-cu ildə Bakıdakı “Mütərcim” nəşriyyatında çap etdirdiyi “Etnos və epos: keçmişdən bu günə” kitabına daxil etmişdir.
Azərbaycanlı araşdırıcılardan Cəlil Nağıyevin (Qəriboğlu), Tamella Əliyevanın, Əli Şamilin, Qalibə Hacıyevanın və b. da uluslararası simpoziumlardakı çıxışlarında və məqalələrində qaqauz ədəbiyyatı və mədəniyyət ilə bağlı maraqlı fikirlər vardır.
Azərbaycanda qaqauzların tanıdılmasında Ağası Hunun (Məmmədovun) da əməyi az olmamışdır. Istər qaqauzlar haqqında Azərbaycan mətbuatında yazdıqları, istərsə də televiziya və radioda hazırladığı verilişlər, “Ana sözü” qəzetinin Azərbaycanda tanınması, yayılması və qəzetə abunə kampaniyasinın təşkilindəki xidmətləri Azərbaycan-qaqauz əlaqələrinin inkişafına təkan vermişdir. 1980-ci illərin sonlarında Azərbaycanda fəaliyyət göstərən “Ana dili” cəmiyyəti (Bu cəmiyyətin fəallarından biri də Ağası Hundur. Onun qaqauzlara böyük məhəbbəti şəxsi həyatına da təsir etdi. Qaqauzla ailə qurdu. Dörd övlad atasıdır. Xanımı filologiya üzrə fəlsəfə doktoru, şair Güllü Qərənfil də Azərbaycan-qaqauz əlaqələrinin möhkəmlənməsində yorulmadan çalışır) qaqauz ziyalılarının Azərbaycana səfərlərinə xüsusi diqqət yetirir, onların görüşlərini təşkil edir, rəssamların sərgilərini açır və folklor ansambllarının Azərbaycanda konsert vermələrinə nail olurdu.
Araşdırıcı Səid Sədiyevin filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün 2005-ci ildə AMEA Nizami adına Ədəbiyyat Institutuna təqdim etdiyi “Balkan türklərinin ədəbiyyatı” dissertasiyasının bir fəsli də qaqauz ədəbiyyatına həsr edilmişdir.
Azərbaycanda qaqauzlara yalnız mətbuatda geniş yer ayrılmamışdır. Milli kadrlar hazırlanmasında da onlara daha çox yardım göstərilmişdir. Belə ki, Dionis (Dəniz) Tanasoğlu 1965-ci ildə Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat Institutunda akademik Məmmədağa Şirəliyevin rəhbərliyi ilə “Çağdaş qaqauz türkcəsində tabeli mürəkkəb cümlə” (Şamil Ə., 2006: 177), Fedora (Tudora) Arnaut 1999-cu ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Institutunda professor Qara Namazovun rəhbərliyi ilə “Qaqauz folklorunda mani nevi (Türkiyə və Azərbaycan mani-bayatı örnəkləriylə qarşılaşdırma) (Arnaut T., 1999) və Valentina (Güllü) Qərənfil 2005-ci ildə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik Institutunda professor Həsən Quliyev və professor Dionis Tanasoğlunun rəhbərliyi ilə “Qaqauz dilinin məişət leksikası” (Qərənfil G., 2004) mövzularında elmi iş yazaraq filologiya üzrə fəlsəfə doktoru almışlar. 60-a yaxın qaqauz gənci isə ali məktəblərimizdə oxumuşlar. Onların böyük əksəriyyəti 1988-1996-cı illərdə Bakı Dövlət Universitetini bitirmişdir.
Bir sözlə, Azərbaycanda türk xalqları haqqında yazılanları qarşılaşdırsaq sayca az olan qaqauzlara daha çox yer ayrıldığını görərik.
Dostları ilə paylaş: |