Əli Şamil
UYĞUR TÜRKLƏRINDƏ FOLKLOR
VƏ ƏDƏBIYYATIN INKIŞAFI
Özət: Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunu (Şincan Uyğur Avtonom Rayonluk) Azərbaycandan təxminən dörd min kilometrlik bir məsafə ayırır. Eyni soydan olduğumuza görəmi, yoxsa tarixin gedişindənmi oxşar taleyi yaşayırıq. Əlaqələrimiz zamanın sürətiylə ayaqlaşmasa da, qan yaddaşı sayəsində hələ də ədəbi əsərlərimizin adlarında, mövzularında bir oxşarlıq var. Toponim və şəxs adlarımızın da böyük bir hissəsi eynidir.
Bu gün Çində yaşayan soydaşlarımız Uyğur, biz isə Azərbaycanlı adlanırıq. Hər birimizin də ayrıca (az qala bir-birindən tədric olunmuş) tarixi, ədəbiyyat tarixi, dil tarixi və s. yaradılıb. Əslində, 20-ci yüzilədək Azərbaycan türklərinin ədəbiyyatı Osmanlı türklərinin ədəbiyyatından nə qədər fərqlənirdisə, uyğurların yaratdığı ədəbi əsərlər də özbəklərinkindən bir o qədər fərqlənirdi. Ona görə də bunlar daha çox oğuz və cığatay adıyla adlandırılırdılar. Bu iki qrup arasında elə ciddi fərq də yox idi. Hətta 19-cu yüzildə yaşamış şairlərimizin əsərləri arasında cığatay türkcəsində yazılmış nümunələrə rast gəlindiyi kimi, Özbəkistanda yaşamış şairlər də 20-ci yüzilədək oğuz türkcəsində də qələmlərini sınamışlar.
Dünyada baş verən siyasi hadisələr, bizləri təsir altına alan dövlətlərin strateqlərinin hazırladığı çoxsaylı planlar isə bu fərqi artırmağa xidmət edirdi. Beləliklə, uyğur folkloru, ədəbiyyatı, uyğur nəsri, uyğur poeziyası, uyğur dramçılığı və s. terminlər meydana gəldi. Uyğur ədibləri rus təsiri altında qalan qardaşları aracılığı ilə və ya bizzat Rusiya vasitəsilə dünyanın inkişafını izləyərək Avropa ədəbiyyatından gəlmə janrları da mənimsədilər. Çağdaş uyğur dramçılığı, uyğur teatrı beləcə formalaşdı və şöhrət qazandı. Hazırda uyğur dili və ədəbiyyatı Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda, Qazaxıstanda və Özbəkistanda inkişaf edir. Çinin quzeyində bizimlə eyni dil ailəsinə mənsub olan xalqlardan uyğur, qazax, qırğız, tatar, özbək, salur və sarı uyğur türkləri yaşayırlar.
Məqalədə uyğur folklorundan və yazılı ədəbiyyatından danişılacaq. Bu ədəbiyyatın Abdurehim Nizari (1776-1849), Sadır Pəlvanı (1798-1871), Turduş Axun Qəribi (19-cu yüzil), Noruz Axun Ziyai (19-cu yüzil), Bilal Nazım (1824-99), Abduxaliq Uyğur (1901-33), Molla Şakir (1825-98), Armiya Nimşehit (1906-72), Zunun Qədiri (1911-89), Ahmed Ziyati (1913-89), Lutpulla Mutəllip (1922-45), Xevir Tömür (1922-91), Abdurihim Ötkür (1923), Turqun Almas (1924), Abdulkərim Xoca (1928-88), Teyupcan Əliyop (1930-89), Muhəmmətcan Sadiq (1934), Abduşükür Muhəmmətimin (1934-95), Qəyyum Turdi (1937-97), Zordun Sabir (1937-98), Qurban Barat (1939), Muhammətəli Zunun (1939), Muhəmmətcan Raşidin (1940), Əxət Turdi (1940), Boğda Abdulla (1941), Calalidin Bəhram (1942), Tursun Yünüs (1942), Ruzi Sayit (1943-2001), Imin Əxmədi (1944), Məmtimin Hoşur (1944), Tursuncan Litıp (1945), Toxti Ayup (1945), Muhəmmət Osmancan Savut (1946), Nurmuhəmmət Toxti (1949), Abdulla Savut (1950), Əxmət Imin (1950) Ibaydulla Ibrahim (1951), Muhəmmət Bağraş (1952), Xalidə Israil (1952), Əxtəm Ömər (1963) və b. nümayəndələri uyğur dilinin zənginləşməsi və ictimai fikrin formalaşması üçün az iş görməmişlər.
Dostları ilə paylaş: |