Araşdırıcılar noqay folklorunun toplanmasının başlanğıcını XIX yüzildən hesab edirlər. Xalq şeiri üslubunda yazan Sıbra noqayların klassik yazılı ədəbiyyatının özülünü qoyanlardan sayılır. Sıbradan sonra XV-XVI yüzillərdə Parızdak Şaban ulu, Şal Kiyiz Tileniş ulu, Asan Kaygulu, Domambet Azaylı, Jirenşe Şeşen, Kazı Tuan Suyunişin Şaban və b. şairlər yazıb yaratmışlar. Məcburi köçlərə, savaşlara, həbs və sürgünlərə baxmayaraq Faxreddin Abuşaxman ulu (1808-83), Sadıkbay Alkaydar (1811-76), Abdulxalıq Abdulraşid ulu (1858-1913), Aslan Şaban ulu (1858-1912), Baymırza Manap ulu (1888-1918), Ajı Molla Noğman ulu (1884-1930), Taram Qumuq ulu, Menkilişeyh Ismail ulu, Abdulkadır Bekbay ulu kimi ənənəvi poeziyanı davam etdirib yırlau (şeir), destan (poema), tolkau (monoloq, öygü), maktau (oda, mədhiyyə), munklau (ağı) və başqa janrlarda yaradicılıqlarını davam etdirən sənətkarlar yeni noqay ədəbiyyatının formalaşması üçün zəngin bir baza yaratmışlar.
Sovetlər dönəmində isə noqay ədəbiyyatı yeni bir yön almış, Avropa metodlarını mənimsəmək, yeniləşmək adı altında rus ədəbiyyatının təsiri altına düşmüşdür. Bu, bir tərəfdən ədəbiyyatın siyasiləşməsinə, noqayların yazı dilinin qonşu türk xalqlarının dilindən uzaqlaşmasına xidmət etmişdirsə, o biri tərəfdən də ədəbi dilin inkişafına yardımçı olmuşdur. Ədəbiyyata yeni gələn Basir Abdullin (1892-1937), Musa Kurmanaliyev (1894-1972) və Zeit Kaybaliyev (1898-1979) kimi gənclər sinfi mübarizəni aparıcı mövzuya çevirməyə, ənənəvi poeziyanı yeniləşdirməyə çalışmışlar. Absulxamit Canıbekov (1879-1955) da onlarla ayaqlaşmağa çalışmışddır. Asan (Xasan) Bulatıkov (1907-37) 1936-cı ildə yazdığı “Fatimat” pyesləri ilə noqay ədəbiyyatında dramçılığın əsasını qoymuşdur. Bununla yanaşı, Basir Abdullin 1932-ci ildə yazdığı “Düşmən yenildi”, “Batrak”, 1934-cü ildə yazdığı “Əməyin yendiyi zaman” əsərləri ilə noqay nəsrini formalaşdırmışdır. Abdulrehman Ömərov (Umarov) (1867-1933) ədəbi mühiti yönləndirməkdə böyük rol oynamışdır.
Noqayların yeni ədəbi və elmi mərkəzləri Karaçay-Çərkəz Muxtar Vilayətində və Dağıstan Muxtar Respublikasında formalaşmağa başlamışdır. Karaçay-Çərkəzdə Fazil Abdulcəlilov (1913-74), Salexjan Zalyand (1924-73), Söyün Kapayev (1927-2001), Maqomet Kirimov (1927), Canbolad Türkmenov (1935), Askerbiy Kireyev (1938), Qamzat Acıgeldiyev (1939-66), Gülcamal Mirzayeva (1940), Keldixan Kumratova (1944-2003), Dağıstanda isə Musa Kurmanaliyev (1894-1972), Zeit Kaybalıyev (1898-1979), Kuruptursun Orazbayev (1924-90), Anvarbek Kultayev (1941), Kadriya Temurbulatova (1948-78) və b. yazıçı və şairlər yetişmişlər.
1970-90-cı illərin poeziyasının nümayəndələri olan Karaçay-Çərkəz xalq şairi Keldixan Kumratova, Nəsimi mükafatı laureatı Murat Avezov (1951), Kadriya Temirbulatova, Askarbiy Kireyev, Muharbiy Aubekigyev, Yelena Bulatıkova (1937), Ajdat Naymanov (1942), Farida Sidahmetova (1966), Salimat Maylibayeva, Maqamatali Asanov, Maqamat Kosayev, Arqrntin Ayıbov, Srajdin Batırov (1951-92) və b. əsərlərində tarixi mövzulara daha duyarlı yanaşmış, epik və lirik dastan janrını təkmilləşdirmiş, ədəbiyyatı şüarçılıqdan və ideologiyanın əsarətindən çıxarmağa çalışmışlar. Noqay poeziyasında ənənəvi janrların və klassik poeziyadan gələn bədii ifadə vasitələrinin yenidən canlandırılmasını davam etdirmişlər.
Bekbiyke Kuluncaxova (1946), Valeri Kazakov (1948), Isa Kapayev (1949) və b. ədəbiyyata Kommunist partiyasının təbliğat vasitəsin kimi deyil, insanın daxili aləmini zənginləşdirən sənət nümunəsi kimi baxmışlar.
Dostları ilə paylaş: |