1. Dastanlarda qəhrəmanlıq mövzusu
Noqaylardan toplanan folklor nümunələri arasında dastanlar həcminə və mövzu əlvanlığına, bədii dəyərinin yüksəkliyinə görə seçilir. Bu dastanların böyük bir qismi xalqın keçdiyi tarixi yola uyğun olaraq qəhrəmanlıq dastanlarıdır. Onlardan “Axmet Aysula ulu”, “Koplanlı betir”, “Yedigey”, “Musa biy”, “Mamay”, “Karasaykazi”, “Manaşı”, “Manaşı ulu Tuyakbiy”, “Er Tarkil”, “Şora betir”, “Adil Soltan”, “Kırk Noqay betiri”, “Er Kusep”, “Er Kosay”, “Er Şoban”, “Er Kökçe”, “Kambar betir”, “Kurman biy”, “Elkildek betir” və b. dastanları ümumi qıpçaq dastanları adlandırsaq, daha doğru olar. Dastanları diqqətlə araşdıranda burada nəinki miladın ilk minilliyinə, hətta miladdan öncəki türk folkloruna aid izləri də görə bilərik.
Noqaylar son yüzillərdə savaşlara, daxili çəkişmələrə daha çox vaxt sərf etdiklərindən dastanlarının çoxunun mövzusu qəhrəmanlıqdır. Xalq arasında “Boz yigit”, “Kozı-Korpeş və Bayan slu”, “Tolekın və Kız yibek”, “Ariz və Kanber”, “Şah Ismayıl”, “Güntükan və Kölbikə”, “Taxir və Zöhrə” və b. lirik dastanlar da geniş yayılmışdır (Sikаliеv А., 1994:5-6).
Yalnız “Yedigey” deyil, bir çox başqa dastanlar, eləcə də qəhrəmanlıq və vətənpərvərlik nəğmələri noqayların Rusiya işğalı altında olduqları zamanda yazıya alındığından, söyləyici və dastanı toplayanlar hakim dövlətin təsiri ilə mətnlərdə dəyişikliklər etmişlər. Bu cəhət “Adil Sultan” dastanında və qəhrəmanlıq yırlarında özünü qabarıq göstərir. Xüsusən də Rusiyadakı vətəndaş savaşına, Fin savaşına, Ikinci Dünya savaşına həsr olunmuş yırlarda, eləcə də kazak mahnılarında, ümumiyyətlə, əksər mahnılarda ifa noqay türkcəsində olsa da, ayrı-ayrı noqay igidlərinin adı çəkilsə də, əsas diqqət bolşeviklərin, Sovet ordusunun, sosializmin, bir sözlə, Rusiyanın qüdrətinin öyülməsinə yönəldilmişdir.
Dostları ilə paylaş: |