Asan Şaxim ulu Bulatıkov (16.08.1907, Xabez rayonunun Qızılyurd kəndi - 1937). Noqayların birinci peşəkar yazıçısı sayılır. Onun “Iki həyat” (1936), “Çoxları üçün iki” (1936) povestləri və “Fatimat” pyesi, eləcə də “Azret, Erinşek, Mazan və kolxozçular” şeir toplusu sosializm quruculuğunun ilk illərində müsəlman respublikalarında sifarişlə yazılan qadın azadlığına, çadranın atılmasına, qadınların kişilərlə bərabər işləməsinə, kasıbların varlılara qarşı mübarizəsinə həsr olunmuş əsərlərdəndir. Sosializmin tərənnümçüsü kimi tanınmasına baxmayaraq 1937-ci ilin irticasından o da qurtula bilməmişdir.
Yalnız B.M.Abdullin və A.Ş.Bulatıkov deyil, onlarla aydın, yazıçı həbs edilib güllələnmişdir. Sağ qalanlar qorxu içərisində yaşadıqlarından cəsarətlə ədəbi axtarışlara girişmir, Kommunist Partiyasının qərar və göstərişlərini, rəhbər partiya işçilərinin məruzə və çıxışlarını bədii şəkildə xalqa çatdırmaqla yetərlənirlər.
Sosializm quruculuğunun ilk illərində ədəbiyyatla məşğul olanların yazdıqlarından çox, onların tərcümeyi-hallarına diqqət yetirilirdi. Kasıb ailədən olan gənclərə daha geniş imkanlar açır, onları yazıb-yaratmağa həvəsləndirir, əsərlərini nəşr edir, pyeslərini səhnələşdirirdilər. Kasıb ailədə doğulub ədəbiyyata gələn gənclərdən biri də Fazil Apas ulu Abdulcəlilovdur.
Dostları ilə paylaş: |