15. Kardinal Rişelye. 1624-cü ildə ölkədə kral hakimiyyətinin çox zəiflədiyi, məzhəblərarası ziddiyyətlərin güclü olduğu bir şəraitdə Arman Jan de Plessi hersoq Rişelye kral XIII Lüdovik tərəfindən baş nazir təyin olundu. 18 il ərzində (1642-ci ilədək) kardinal Rişelye Fransanın faktiki hakimi oldu. Rişelyenin proqramının 3 əsas istiqaməti var idi: 1) qugenotlarla, müxalif zadəganlarla mübarizə aparmaq və 2) monarxın hakimiyyətini gücləndirmək, bununla da 3) Fransanı Avropanın birinci dərəcəli dövləti həddinə çatdırmaq. 1628-1629-cu illərdə kardinal Rişelyeni qoşunları Laroşel qalasını mühasirəyə aldı: hugenotların sonuncu dayağı təslim oldu. Bağlanmış sülhə görə, hugenotlar bütün hərbi qalalardan məhrum edildilər, Nant edikti ilə nəzərdə tutulmuş digər maddələr isə saxlandı.
Kardinal Rişelye separatçılıqla mübarizə aparmaq üçün Paris Parlamentinə qarşı da bəzi planlar həyata keçirdi. Belə ki, Baş Ştatların nüfuzu enəndən sonra Fransanın ali məhkəmə palatası – Paris Parlamenti siyasi imtiyazlarını artırmışdı. Kral fərmanlarının təsdiqi onun səlahiyyətinə keçmişdi. Bu məhkəməni tabe etdirmək üçün kardinal Rişelye bu səlahiyyəti onun əlindən aldı, parlamentin üzvləri isə onun tərəfdarları içərisindən seçildi.
İqtisadi siyasətində kardinal Rişelye merkantilizm tərəfdarı kimi fəaliyyət gsötərirdi. Məsələn, o, 20-dək ticarət şirkətinin yaradılmasının təşəbbüskarı olmuşdu.
Rişelyenin dövründə uzaq dəniz ekspedisiyaları da bərpa olunur. 1629-cu ildə fransızların Martinika və Qvadelupa adalarında müstəmləkə fəaliyyəti başlayır. Fransa Cənubi Amerikada və Qvianada müstəmləkələr ələ keçirir. Eyni zamanda kardinal Rişelye Hanza və İngiltərə ilə ticarət müqavilələri imzalayır. Ümumiyyətlə, kardinal Rişelye xarici siyasətdə də milli maraqların müdafiəsi prinsipni həyata keçirirdi. 1635-ci ildən etibarən Fransa Otuzillik müharibəyə birbaşa qatılır və Habsburqları çökdürməyi qarşısına məqsəd qoyur. 1648-ci il Vestfal sülhü ilə Fransa beynəlxalq aləmdə böyük nüfuz qazana bilir.
Kardinal Rişelyenin daxili və xarici siyasət xətti öz əksini onun «Siyasi nəsihətlər» kitabında da tapmışdır: kardinal hesab edir ki, dövlət elə bir dəyərdir ki, onun uğrunda hər vasitədən istifadə etmək olar. Bütün bunlarla yanaşı, kardinal Rişelyenin hakimiyyəti dövrü Fransa böyük problemlər də yaşamışdır. Belə ki, 1624-cü ildən 1642-ci ilədək olan müddətdə ölkədə 3 dəfə böyük kəndli hərəkatları və şəhərlilərin dəfələrlə üsyanları baş vermişdir. Bu hərəkatların əsas səbəbi – vergilərin həddən ziyadə qaldırılması, mükəlləfiyyətlərin artırılması, Otuzillik müharibəyə böyük sayda insan və maddi ehtiyatların cəlb olunması idi. Dövlət islahatlarının və fəal xarici siyasətin təşəbbüskarı olan kardinal Rişelye 1642-ci ildə vəfat edir, ondan bir il sonra kral XIII Lüdovik də vəfat etdiyindən, hakimiyyətə kralın azyaşlı oğlu XIV Lüdovik gəlir. Gənc kralın qəyyumu isə anası Avstriyalı Anna təyin edilir və Fransa yenidən böyük iğtişaşlar dövrünə qədəm qoyur.