ƏDV: Vergitutma bazası Vergi tutulan əməliyyatın və idxalın dəyəri. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla ) əsasında müəyyən edilir.
Misal Tütün məmulatlarının istehsalı ilə məşğul olan "A" müəssisəsi "B" müəssisəsinə 45 000 AZN (ƏDV-siz) dəyərində tütün məhsulları satmışdır. Bu məhsullara hesablanan aksiz vergisi 3 500 AZN təşkil etmişdir.
Belə olduqda, vergi tutulan əməliyyatın dəyəri 48 500 (45 000 + 3 500) təşkil edəcəkdir. Hesablanan ƏDV isə olacaqdır 48 500 * 18% = 8 730 AZN.
Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir
İxracatçının malların idxalına yardımçı xarakter daşıyan işlər görməsi və ya xidmətlər göstərməsi malların idxalının bir hissəsi sayılır. Burada 2 şəxs nəzərdə tutulur, ixracatçı (Azərbaycana ixrac edən) və idxalçı. Yardımçı xarakter daşıyan işlər dedikdə ixracatçının malların daşınması, sığortası və s. ilə bağlı olan xəcrləri nəzərdə tutulur.
Misal "A" müəssisəsi gömrük dəyəri 25 000 AZN olan aksizli mallar idxal etmişdir. Malların aksiz vergisi - 750 AZN, idxal gömrük rüsumu 3 250 AZN, gömrük yığımı 75 AZN təşkil etmişdir. Eyni zamanda, malı göndərən xarici müəssisə, müqavilə əsasında 2 400 AZN dəyərində olan, malların sığortalanması və nəqliyyat xərclərini də öz üzərinə götürübdür.
Beləliklə, vergi tutulan idxalın dəyəri olacaqdır:
25 000 +750 + 3 250 + 75 + 2 400 = 31 475 AZN
Hesablanan ƏDV isə olacaqdır:
31 475 * 18% = 5 665.5 AZN
Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:
əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda;
əməliyyatın xarakteri dəyişdikdə;
qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud
vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda.
Vergi ödəyicisi yuxarıda göstərilən hallardan birinin nəticəsində ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, vergitutulan dövriyyənin dəqiqləşdirilməsi aşağıdakı qaydada aparılmalıdır:
büdcəyə ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ qiymətləndirmə bazasında dəqiqləşdirilmənin aparılmalı olduğu dövr ərzində büdcəyə ödənilməli ƏDV sayılır və həmin dövr ərzində büdcəyə ödənilməli olan verginin məbləğinə əlavə edilir;
vergi ödəyicisinin elektron qaimə-fakturada və bəyannamədə göstərdiyi ƏDV-nin məbləği büdcəyə ödənilməli olan ƏDV-nin məbləğindən artıq olduqda, bu artıq məbləğin qiymətləndirmə bazasında dəqiqləşdirilmənin aparılmalı olduğu dövr ərzində vergi ödəyicisi tərəfindən əvəzləşdirilməsinə icazə verilir;
dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.
Qeyd: Vergi Məcəlləsinin 164-cü və 165-ci maddələrində müvafiq olaraq ƏDV-dən azad edilən və sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatların aparılması da nəzərdə tutulmuşdur.