"Fransız"ların qazandığı, Fİfa-nın sərt qaydaları ilə keçən DÇ -azərbaycanlı jurnalistin gözü ilə-reportaj



Yüklə 24,88 Kb.
tarix25.07.2018
ölçüsü24,88 Kb.
#57680
növüQaydalar

"Fransız"ların qazandığı, FİFA-nın sərt qaydaları ilə keçən DÇ -azərbaycanlı jurnalistin gözü ilə-REPORTAJ

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı bir sözlə möhtəşəm keçdi. Göz qamaşdıran yeni stadionlar, gülərüz xarici azarkeşlər və heç kəsin gözləmədiyi qonaqpərvər rusiyalılar...

İyunun 14-də Moskvanın "Lujniki" stadionunda start verilən turnir iyulun 15-də elə həmin idman arenasında başa çatdı. Moskva daxil olmaqla Rusiyanın 11 şəhərində ümumilikdə 64 matç keçirildi.

Dünya çempionatına akkreditə olunan media arasında Azərbaycanı APA İnformasiya Agentliyi təmsil edirdi. APA-nın Rusiya üzrə təmsilçisi mən, bəndəniz Fərid Əkbərov DÇ-nin qrup oyunlarını, 1/8, 1/4, yarım final və final matçını izlədim, Rusiyanın digər şəhərlərində baş tutan oyunlara gedərək həmin şəhərlərdə təşkil olunan futbol bayramlarını müşahidə etdim.



FİFA-nın sərt qanunları...

DÇ-yə akkreditə olmaq heç də oyunları stadiondan izləmək anlamına gəlmir. Bəli, DÇ-2018-ə çoxlu sayda media akkreditə olunmuşdu. Xarici medianı FİFA, yerli medianı isə Rusiyada keçirilən Dünya Çempionatının yerli Təşkilat Komitəsi akkreditə edirdi. Akkreditasiya vaxtı bu ilin yanvarın 31-də bitmişdi. Xarici media olduğumuzdan bizi FİFA akkreditə etmişdi, təbii ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) göndərişi ilə... Fürsətdən istifadə edib APA-nın çempionata akkreditə olunmasına yardım edən AFFA əməkdaşlarına təşəkkürümü bildirirəm.

Qayıdaq akkreditasiya kartının oyunları stadiondan izləmək anlamına gəlib-gəlməməsi məsələsinə. Qeyd edim ki, akkreditə kartı ilə ancaq oyunlara jurnalistlər üçün nəzərdə tutulmuş, böyük ekranlar quraşdırılmış mətbuat mərkəzində baxmaq olardı. Matçları stadiondan izləmək üçün isə qabaqcadan müəyyən edilmiş vaxtda akkreditə olunmuş jurnalist FİFA-ya hər oyun üçün müraciət etməli idi. Ümid qalmışdı FİFA-nın sənin müraciətinə "hə-qəbul olundu" (approved) deməsinə... Nəzərə alaq ki, dünya çempionatının matçlarına maraq həddindən artıq böyük idi, FİFA-nın jurnalistlərin oyunları stadiondan canlı izləməsi haqda müraciətlərinə çox seçiciliklə baxırdı. Yəni, heç də hər zaman jurnalistin müraciəti qəbul olunmurdu.

Bir də, müraciəti qəbul olunmayan və ya müraciət etməyə gecikmiş media nümayəndələri üçün "veytinq list"(gözləmə siyahısı) deyilən prosedur yaratmışdılar. Matçın başlamasına bir gün qalmış stadiona gəlib həmin siyahıya öz adını və təmsil etdiyin media qurumunun adını qeyd etməliydin. Oyunun başlamasına iki saat qalmış FİFA rəsmiləri həmin siyahını bağlayırdılar və bir saat qalmış isə həmin siyahıdan öz seçdikləri media nümayəndəsinə stadiona bilet verirdilər. Biletlə yanaşı jurnalistlər "miks zona" (yəni oyun bitəndən sonra futbolçular və məşqçi ilə yaxından təmasda olmaq imkanı) və mətbuat konfransında iştirak etmək üçün müraciət edə bilərdilər. Jurnalistlər yalnız ya miks zonanı ya da mətbuat konfransını seçməliydilər.

Dəfələrlə prezidentlərin görüşündə iştirak edən, protokol görüşlərini, böyük siyasi sammitləri işıqlandıran jurnalist kimi qətiyyətlə deyə bilərəm ki, FİFA-nın media üçün qoyduğu qaydalar prezidentlərin mühafizə xidmətinin qoyduğu qaydalardan daha sərt idi. Yazılı media kimi akkreditə olunan jurnalistin fotoaparatdan və ya kameradan istifadə etmək haqqı yox idi. Yuxarıda qeyd etdiyim miks zona və mətbuat konfranslarında da bu qayda keçərli idi. Telefon ilə belə görüntü, foto çəkməyə icazə vermirdilər. Stadionda media tribunada olduğun zaman da matç vaxtı foto çəkmək qadağan idi. Çəksən bir-iki dəfə xəbərdarlıq olunurdu. Üçüncü dəfə isə akkreditasiya kartını itirməklə hədələnə bilərdin. Ona görə də fotoya və ya video görüntüyə görə risk etməyə dəyməzdi. Lakin yenə də risk edirdik.

FİFA rəsmiləri foto və videogörüntü çəkməklə bağlı qoyduğu qadağanı onunla izah edirdilər ki, qurum yayım hüququnu pulla satıb.



Futbol ölkəsi olmayan Rusiyada futbol bayramı...

Futbol ölkəsi olmayan Rusiya bir aylıq futbol ölkəsinə çevrilmişdi. Bütün ölkə, xüsusi ilə də matçların keçirildiyi şəhərlərdə futbol bayramları təşkil olunmuşu. Stadiondan canlı izləmək imkanı olmayanlar üçün isə paytaxtın görkəmli yerlərində "Fan Festival"lar təşkil olunmuşdu. Şəhərlərin müxtəlif yerlərində böyük monitorlar quraşdırılmışdı. Hətta metro vaqonlarında belə...matçlara canlı baxmaq mümkün idi.

Bundan əlavə, azarkeşlərin və media nümayəndələrinin regionlarda keçirilən matçları izləməsi üçün Rusiya Dəmir Yolları xüsusi qatarlar ayırmışdı. Bu qatarlar pulsuz olaraq media nümayəndələrini və azarkeşləri gedişli-dönüşlü matça aparıb gətirirdilər.

Yüksək səviyyədə təhlükəsizlik tədbirləri...

Qeyd etməliyəm ki, Dünya Çempionatı ərəfəsində ölkə ərazisində təhlükəsizlik yüksək səviyyədə təmin olunurdu. Matçların keçirildiyi şəhərlərdə xüsusi ilə...Stadionların giriş çıxışında, stadionlara yaxın metro stansiyalarında azarkeşlər qədər təhlükəsizlik xidmətlərinin əməkdaşlarına rast gəlmək olardı. Oyunlara getmək üçün təkcə bilet almaq kifayət etmirdi. Təhlükəsizlik tədbirləri səbəbindən bilet alan hər bir azarkeş həm də "fan passport"-azarkeş pasportu almalı idi. Bu pasportu alan zaman azarkeş haqqında bütün məlumatlar ümumi bazaya daxil edilirdi. "Fan pasport"suz əlində bilet olsa belə oyunları izləmək mümkün deyildi.

Final matçına iki gün qalmış FİFA prezidenti Canni İnfantino turnirin yekunları ilə bağlı mətbuat konfransı keçirdi. O, bu çempionatın turnirin tarixində ən yaxşı çempionat olduğunu söylədi. Qurum rəhbəri dediklərini faktlarla əsaslandırmışdı. Onun dediyinə görə, Rusiyada keçirilən çempionat ərzində stadionlar 98 faiz dolub. DÇ-ni izləmək üçün ölkəyə 1 milyondan çox turist gəlib. DÇ-nin matçlarını 3 milyarddan çox adam televiziyadan izləyib. Rusiyanın şəhərlərindəki azarkeş festivallarına 1 milyondan çox adam qatılıb. Bütün bunlar yüksək göstəricidir. Ona görə də Rusiyada keçirilən DÇ turnirin tarixinə ən yaxşı kimi düşüb.

Dünyanın dörd bir yanından gələn azarkeşlər

Moskvadan sonra matç izlədiyim şəhərlərdən biri Tatarıstanın paytaxtı Kazan şəhəri idi. İspaniya və İran milli komandalarının oyunu izləməyə getmişdim. Əminliklə demək olar ki, Kazan Rusiyanın ən inkişaf etmiş şəhərlərindən biridir, bəlkə də birincisidir. Bu şəhəri Rusiyanın üçüncü paytaxtı da adlandırırlar. Şəhər ispan və iranlı azarkeşlərlə dolu idi. Rəsmi verilən məlumata görə, İspaniya-İran qarşılaşmasını izləmək üçün Kazana 30 mindən çox iranlı azarkeş gəlmişdi. Çempionatın maraqlı məqamlarından biri də azarkeşlərin davranışları idi. Bu çempionatda mənim xatirəmdə ən yadda qalan azərkeşlər iranlı və ispanlar oldular. İranlı azarkeşlər Kazan Kremlində yerləşən məşhur "Qol-Şərif" məscidində top oynaması ilə, ispanlar isə həmin məscidə böyük ehtiramla yanaşması ilə yaddaşıma həkk olundular.

Rəngarəng meksikalı, argentinalı, braziliyalı, daim gülərüz yaponiyalı azarkeşlər komandası mundialda olmayan çinlilər və Rusiya milli komandasına azarkeşlik edən uzaq şərq ölkələrinin vətəndaşları... mundialın yaraşığı idilər.

Çempionat nə ilə yadda qaldı? Qısa icmal:

Gözlənildiyi kimi Rusiya milli komandası qrupda qalmadı, əksinə azarkeşlərinin ümidini doğruldub, Avropa və Dünya Çempionu İspaniyanı məğlub edərək 1/4 finala qədər irəlilədi. 1/4 finalda Xorvatlara yenildi. Lakin Rusiya yenilən zaman çempionatın favoritləri olan İspaniya, Argentina, Braziliya, Almaniya çoxdan öz vətənlərinə qayıtmışdılar. Son dünya çempionu Almaniya qrupunda sonuncu yeri tutmuşdu. Futbolun yaradıcıları olan ingilislər isə yarımfinala qədər irəliləmişdilər. Lakin onlara DÇ-nin sürprizi, FİFA prezidenti Canni İnfantino demişkən, Avropa futbolunun lokomotivi Xorvatiya qənim olmuşu. Xorvatiya haqda bir qədər sonra...

Çempionatın gizli qalibi Belçika milli komandası sayılırdı. Bütün oyunları udub, ən vacib oyunda, yarımfinalda uduzan belçikalılar...İngilisləri udub üçüncü yerin sahibi olmuşdular.

Afrika komandalarından heç biri qrupdan çıxa bilməmişdilər. Nə Nigeriya, nə Seneqal, nə də Mərakeş... baxmayaraq ki, çox maraqlı oyun nümayiş etdirmişdilər. Yarım finala qədər ancaq Avropa komandaları irəliləmişdilər.



"Böyük arzuları olan balaca ölkə"

Xorvatiya... Böyük arzuları olan balaca ölkə... bu ifadə Xorvatiya milli komandasını daşıyan avtobusun üzərində yazılmışdı. Xorvatların baş məşqçisi Zlatko Daliç bu ifadənin ölkəsinin şüarı olduğunu açıqlamışdı. Həqiqətən də xorvatlar dünya çempionatının ən sevimli və haqqında ən çox danışılan komandası idi. Onu da deyim ki, təkcə komandanın futbolçuları, baş məşqçisi deyil, ölkə prezidenti və azarkeşləri də Dünya Çempionatının gözü idilər. Təkcə Azərbaycanda deyil, elə Rusiyada da Xorvatiya prezidenti xanım Kolinda Qrabardan danışırdılar.

Final oyunundan sonra mətbuat konfransında xorvatların baş məşqçisi Zlatko Daliçin dedikləri həqiqətən də bu ölkənin dünyanın qəlbini fəth etməyə dəydiyini söyləmək olar. Daliç: "Xorvatiya böyük arzuları olan balaca ölkədir. Bəli, biz balaca ölkəyik, lakin arzularımız böyükdür. Arzulamaq lazımdır və sonra da bu arzunun dalınca getmək lazımdır. Finalda uduzanda özümü qalib kimi hiss edirdim. Bütün balaca ölkələrə bu hissləri yaşmağı arzulayıram" demişdi.

Mundialın ilkləri, yenilikləri... Xorvatları "zibilə salan" "VAR"-yox sistemi...

2018-ci ilin dünya çempionatı mundial tarixində ilk dəfə idi ki, bütün turnir boyu qolsuz bərabərə hesablı bir oyun olmuşdu. Yeniliklərdən biri isə "VAR" sistemi idi. Nə idi bu sistem? Matç zamanı qayda pozuntularına yenidən monitorda baxmaq imkanı. Hakimin şübhəli qərar verməməsi üçün yaradılan bu sistem ilk dəfə bu mundialda tətbiq olundu. Məhz bu sistemin sayəsində çempionatda daha çox penaltilər verildi. Final matçında xorvatların qapısına ikinci qolun səbəbi məhz bu "VAR" sistemi idi. Digər yenilik isə matça əlavə vaxta ehtiyat dördüncü oyunçunun daxil olmasına icazə verilməsi idi. Yəni, bu vaxta qədər üç oyunçu dəyişikliyi etməyə icazə verilirdisə, mundialda bu rəqəm dördə qaldırılmışdı.



Final...

Fransa milli komandası 20 il aradan sonra yenidən Dünya Çempionu oldu. 1998-ci ildə ev sahibliyi etdikləri turnirdə Braziliyaya 3:0 hesabı ilə qalib gələn Üçüncü Respublika bu dəfə Balkanların döyünən ürəyi Xorvatiyanı məğlub etdi. 20 il bundan qabaq da mundialın ilk üçlüyündə Fransa və Xorvatiya vardı, bu gün də. O zaman xorvatlar üçüncü yeri tutmuşdular, bu dəfə isə ikinci yeri. Dəyişməyən, bir, Fransanın qalib olması idi, həm 1998-də, 2018-də... Çoxları deyir ki, Fransa milli komandasının üzvləri arasında çoxluğu qara dərililər, afrikalılar təşkil edirdilər, çempion "fransız"lar deyil, afrikalılar olub. Qeyd edim ki, həmin afrikalıların hamısı Fransa doğumlu afrikalılardır, Fransa futbol məktəbinin yetirmələrdirlər. Ona görə də, onlara əminliklə "fransız" demək olar.



Reportaja Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliçin ifadəsi ilə yekun vurmaq istəyirəm. "Balaca ölkələrə böyük arzuların dalınca getməsini məsləhət görürəm. Mütləq böyük arzulara çatmaq olur". Futbol üzrə Azərbaycan milli komandasını mundialda görmək arzusu ilə... Böyük arzudur, elə deyilmi?
Yüklə 24,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin