FriDRİx engels sosiALİZMİn utopiyadan elmə doğru iNKİŞafi I



Yüklə 206,66 Kb.
səhifə3/4
tarix21.10.2017
ölçüsü206,66 Kb.
#7788
1   2   3   4

Lakin əsas istehsal forması, cəmiyyətdə tədriclə, heç bir plan olmadan, kortəbii təşəkkül tapan əmək bölgüsündən ibarət olan yerdə bu əmək bölgüsü labüd olaraq məhsulları əmtəə formasına salır; bunların qarşılıqlı mübadiləsi, alınıb-satılması ayrı-ayrı istehsalçılara öz müxtəlif tələbatını ödəmək imkanı verir. Orta əsrlərdə də belə idi. Məsələn, kəndli əkinçilik məhsullarını sənətkara satır və ondan sənət mə'mulatı alırdı. Ayrı-ayrı istehsalçıların, əmtəə istehsalçılarının bu cəmiyyətinə yeni bir istehsal üsulu daxil oldu. Bu yeni istehsal üsulu bütün cəmiyyətdə kortəbii surətdə təşəkkül tapıb hökm sürən plansız əmək bölgüsü içərisində hər bir ayrıca fabrikdə plan üzrə təşkil olunmuş əmək bölgüsü yaratdı; ayrı-ayrı istehsalçıların istehsalı ilə yanaşı olaraq ictimai istehsal meydana gəldi. Bunların hər ikisinin məhsulları eyni bazarda və deməli, heç olmazsa, təqribən bərabər olan qiymətlərlə satılırdı. Lakin planlı təşkilat kortəbii surətdə təşəkkül tapan əmək bölgüsündən güclü çıxdı; ictimai əmək tətbiq edən fabrikdə məhsullar, dağınıq bir halda olan xırda istehsalçıların hazırladığı məhsullardan ucuz başa gəlirdi. Ayrı-ayrı istehsalçıların istehsalı bir-birinin ardınca bütün sahələrdən sıxışdırılıb çıxarılır, ictimai istehsal bütün köhnə istehsal üsulunu inqilabiləşdirir. Lakin ictimai istehsalın bu inqilabi xarakterini o qədər az başa düşürdülər ki, onu, əksinə olaraq, məhz əmtəə istehsalını gücləndirmək və genişləndirmək məqsədi ilə tətbiq edirdilər. Bu istehsal hələ özündən qabaq mövcud olan müəyyən əmtəə istehsalı və mübadiləsi vasitələri ilə: ticarət kapitalı, sənət və muzdlu əməklə bilavasitə əlaqədar olaraq meydana gəlmişdir. Bu istehsal özü, əmtəə istehsalının yeni forması kimi meydana gəldiyinə görə, əmtəə istehsalına xas olan mənimsəmə formaları həmçinin onun üçün də öz quvvəsini tamamilə mühafizə etmişdi.



Orta əsrlərdə inkişaf edən əmtəə istehsalı forması şəraitində əmək məhsulunun kimə çatmalı olduğu məsələsi hətta ortaya çıxa da bilməzdi. Bu məhsulu ayrıca istehsalçı adətən öz xammalından, çox zaman özünün istehsal etdiyi xammaldan, öz əmək vasitələri ilə, öz əli və ya öz ailə üzvlərinin əli ilə hazırlayırdı. Bu istehsalçının həmin məhsulu mənimsəməyə ehtiyacı yox idi; bu məhsul əslində onun özününkü idi. Deməli, məhsullar üzərində mülkiyyət hüququ istehsalçının öz əməyinə əsaslanırdı. Hətta özgənin köməyindən istifadə edilən yerdə də bu kömək, bir qayda olaraq, yalnız yardımçı rol oynayırdı və çox zaman onun əvəzi əmək haqqından əlavə, başqa yolla da verilirdi: sex şagirdi və usta əlaltısı, dolanmaqdan və ya muzd almaqdan daha çox öyrənmək və müstəqil usta adı almağa hazırlaşmaq məqsədi ilə işləyirdi. İndi isə istehsal vasitələrinin böyük e'malatxanalarda və manufakturalarda təmərküzü başlandı, əslində bunların ictimai istehsal vasitələrinə çevrilməsi başlandı. Lakin bu ictimai istehsal vasitələrinə və məhsullara yenə də elə bir münasibət göstərməkdə davam edirdilər ki, bunlar guya əvvəlki kimi ayrı-ayrı şəxslərin istehsal vasitələri və məhsulları imiş. İndiyə qədər əmək vasitələrinin sahibi məhsulu, bir qayda olaraq, özününkü olduğu üçün mənimsəyirdisə və özgənin yardımçı əməyi istisna hal idisə, indi əmək vasitzlərinin sahibi məhsulu mənimsəməkdə davam edirdi, halbuki bu məhsul daha onun məhsulu deyil, yalnız özgə əməyinin məhsulu idi. Beləliklə, ictimai əmək məhsulları, istehsal vasitələrini doğrudan da hərəkətə gətirənlər və bu məhsulları həqiqətən istehsal edənlər tərəfindən deyil, kapitalist tərəfindən mənimsənilməyə başlandı. İstehsal vasitələri və istehsal mahiyyət e'tibarı ilə ictimai şəkil aldı. Lakin bunlar elə bir mənimsəmə formasına tabe olaraq qalır ki, onun müqəddəm şərtini ayrı-ayrı istehsalçıların xüsusi istehsalı təşkil edir, deməli, burada hər kəs öz məhsulunun sahibidir və bu məhsulu bazara çıxarır. İstehsal üsulu mənimsəmə formasının müqəddəm şərtini məhv etdiyinə baxmayaraq, yenə də bu mənimsəmə formasına tabe olur (Burada izah etməyə ehtiyac yoxdur ki, mənimsəmə forması əvvəlki kimi qalırsa da, onun xarakteri yuxarıda göstərilmiş proses nəticəsində istehsalın xarakterindən heç də az dəyişilmir. Mən öz əməyimin məhsulunu, yoxsa özgə əməyinin məhsulunu mənimsəyirəm,–bu əlbəttə, olduqca müxtəlif olan iki mənimsəmə növüdur. Ötəri qeyd edək ki, özündə, rüşeym halında bütün kapitalist istehsal üsulunu ehtiva edən muzdlu əmək çox zamanlardan bəri mövcuddur, fərdi təsadüfi formada muzdlu əmək yüz illər ərzində köləliklə yanaşı olaraq mövcud olmuşdur. Lakin bu rüşeym, yalnız onun üçün lazım olan tarixi müqəddəm şərtlər yaranmış olduğu zaman inkişaf edib kapitalist isteheal üsuluna çevrilə bilərdi.). Yeni istehsal üsuluna kapitalist xarakteri verən bu ziddiyyətin özündə artıq zəmanəmizdəki bütün toqquşmaların rüşeymi vardır. Bütün həlledici istehsal sahələrində və iqtisadi cəhətdən hakim olan bütün ölkələrdə yeni istehsal üsulunun hökmranlığı daha mükəmməl bir şəkil aldıqca və bununla da fərdi istehsalçıların istehsalını cüzi qalıqlara müncər etdikcə, ictimai istehsal ilə kapitalistcəsinə mənimsəmənin bir araya sığmazlığı daha kəskin bir şəkildə meydana çıxmalı idi.

Gördüyümüz kimi, ilk kapitalistlər muzdlu əmək formasının hazırına gəlib çıxmışdılar. Lakin muzdlu əmək yalnız müstəsna və əlavə bir məşğələ, yardımçı bir peşə kimi, keçid halı kimi mövcud idi. Bə'zən günəmuzd işə girən əkinçinin öz xüsusi torpaq parçası var idi ki, bu da bəd ayaqda onu dolandıra bilirdi. Sex qaydaları, bu günkü usta əlaltılarının sabah usta olmaları qayğısına qalırdı. Lakin istehsal vasitələri ictimai istehsal vasitələrinə çevrildikdə və kapitalistlərin əlində cəmləşdikdə, dərhal hər şey dəyişildi. Xırda fərdi istehsalçının istehsal vasitələri və məhsulları getdikcə qiymətdən düşürdü və onun kapitalist üçün muzdla işləməkdən başqa bir çarəsi qalmırdı. Əvvəllər istisna və yardımçı bir peşə şəklində mövcud olan muzdlu əmək, bütün istehsalda adi bir qayda və əsas forma oldu; əvvəllər yardımçı məşğələ olan muzdlu əmək indi işçinin yeganə fəaliyyətinə çevrildi. Hərdənbir muzdlu işə girən işçi ömürlük muzdlu fəhləyə çevrildi. Eyni zamanda feodalizm quruluşunun dağılması, feodal məiyyətlərinin buraxılması, kəndlilərin öz torpaqlarından qovulması və sairə nəticəsində də ömürlük muzdlu fəhlə kütləsi son dərəcə çoxaldı. Kapitalistlərin əlində cəmləşdirilmiş istehsal vasitələri ilə, öz iş qüvvəsindən başqa hər şeydən məhrum olan istehsalçılar arasında tam bir ayrılıq əmələ gəldi. İctimai istehsal ilə kapitalistcəsinə mənimsəmə arasındakı ziddiyyət proletariatla burjuaziya arasındakı antaqonizm şəklində meydana çıxır.

Biz gördük ki, kapitalist istehsal üsulu, öz məhsullarını mübadilə etmək vasitəsi ilə bir-biri ilə ictimai əlaqə saxlayan əmtəə istehsalçılarından, ayrı-ayrı istehsalcılardan ibarət cəmiyyət içərisinə girmişdir. Lakin əmtəə istehsalına əsaslanan hər bir cəmiyyətin xüsusiyyəti ondan ibarətdir ki, həmin cəmiyyətdə istehsalçılar öz ictimai münasibətləri üzərindəki hökmranlığını itirirlər. Hər kəs, təsadüfən öz əlində olan istehsal vasitələri ilə və öz fərdi mübadilə tələbatı üçün təkbaşına istehsal edir. Heç kəs bilmir ki, onun istehsal etdiyi məhsuldan bazara nə qədər çıxacaqdır və bu məhsul ümumiyyətlə nə qədər istehlakçı tapa biləcəkdir; heç kəs bilmir ki, onun istehsal etdiyi məhsula həqiqətən tələbat vardırmı, onun istehsal xərcləri çıxacaqdırmı və ümumiyyətlə onun məhsulu satılacaqdırmı. İctimai istehsalda hərc-mərclik hökm sürür. Lakin hər bir başqa istehsal forması kimi, əmtəə istehsalının da daxilən ona xas olan və ondan ayrılmaz olan xüsusi qanunları vardır; həm də bu qanunlar, hərc-mərcliyə rəğmən, həmin hərc-mərcliyin özündə və onun vasitəsi ilə özünə yol açır. Bu qanunlar ictimai əlaqənin qalmış olan yeganə formasında, yə'ni mübadilədə təzahür edir və rəqabətin məcburi qanunları olaraq ayrı-ayrı istehsalçılara tə'sir göstərir. Deməli, bu qanunlar əvvəlcə hətta istehsalçıların özlərinədə mə'lum olmur və istehsalçılar onları yalnız tədricən, uzun təcrübə yolu ilə kəşf edə bilirlər. Deməli, bu qanunlar istehsalçıların istehsal formalarının özbaşına tə'sir göstərən təbii qanunları olmaq e'tibarı ilə istehsalçılardan asılı olmayaraq və onların əleyhinə olaraq özlərinə yol açır. Məhsul istehsalçılar üzərində hökmranlıq edir.

Orta əsrlərdəki cəmiyyətdə, xüsusən ilk əsrlərdə istehsal, başlıca olaraq, şəxsi istehlakın tə'min olunmasına doğru yönəldilmişdi. İstehsal başlıca olaraq yalnız istehsalçının özünün və ailəsinin tələbatını ödəyirdi. Kənddə olduğu kimi şəxsi asılılıq münasibətləri mövcud olan yerdə isə istehsal, feodalın tələbatını da ödəyirdi. Deməli, burada heç bir mübadilə yox idi və məhsullar əmtəə xarakteri kəsb etmirdi. Kəndli ailəsi özünə lazım olan şeylərin, demək olar, hamısını: iaşə şeyləri kimi, alət və paltar da istehsal edirdi. Kəndli ailəsi, yalnız öz istehlakından və feodala verdiyi natural mükəlləfiyyətlərdən artıq istehsal etməyə başladığı zamandan e'tibarən satış məqsədi ilə istehsal etməyə başlamışdır; ictimai mübadiləyə buraxılan və satılmaq üçün nəzərdə tutulan bu artıq məhsul əmtəə olurdu. Şəhər sənətkarları, əlbəttə, lap əvvəldən mübadilə üçün istehsal etməli idilər. Lakin onlar da öz istehlakları üçün lazım olan şeylərin çox hissəsini şəxsi əməkləri ilə hazırlayırdılar; onların öz bostanları və kiçik tarlaları var idi, öz malqaralarını icma meşəsində otarırdılar, bu meşədən habelə tikinti üçün ağac və yandırmaq üçün odun aparırdılar; qadınlar kətan, yun və i.a. əyirirdilər. Mübadilə məqsədi ilə olan istehsal, əmtəə istehsalı hələ yenicə meydana gəlirdi. Buna görə də mübadilə məhdud idi, bazar məhdud idi, istehsal üsulu sabit idi, xarici aləmlə əlaqə cəhətdən məhəlli bir məhdudluq var idi, daxildə yerli birləşmə: kəndlərdə marka (Axırdakı əlavəyə bax. [Burada Engels «Marka» adlı öz əsərinə istinad edir. Red.]), şəhərlərdə sexlər var idi.



Əmtəə istehsalı genişləndikdə və xüsusən kapitalist isteheal üsulu meydana gəldikdə, əvvəllər mürgüləyən əmtəə istehsalı qanunları daha açıq və qəti fəaliyyət göstərməyə başladı. Köhnə əlaqələr sarsıdı, keçmiş maneələr dağıldı, istehsalçılar isə getdikcə daha çox dağınıq olan müstəqil əmtəə istehsalçılarına çevrilməyə başladılar. İctimai istehsaldakı hərc-mərclik aşkara çıxıb get-gedə daha kəskin xarakter almağa başladı. Halbuki ictimai istehsaldakı hərc-mərcliyi gücləndirmək üçün kapitalizmin istifadə etdiyi ən başlıca alət, hərc-mərcliyin tam əksi idi: bu alət, hər bir ayrıca istehsal müəssisəsində ictimai istehsal olan istehsalın getdikcə daha çox təşkil edilməsi idi. Kapitalist istehsal üsulu bu vasitənin köməyi ilə, köhnə dinc sabitliyi aradan qaldırdı. O, hər bir sənaye sahəsinə soxulub köhnə istehsal metodlarını buradan qovub çıxarırdı. O, sənət sahəsinə sahib olub köhnə sənəti məhv edirdi. Əmək meydanı dönüb döyüş meydanı oldu. Böyük çoğrafi kəşflər və onların ardınca gələn müstəmləkəçilik satış sahəsini qat-qat artırdı və sənətin manufakturaya çevrilməsini sür'ətləndirdi. Daha mübarizə ayrı-ayrı yerli istehsalçılar arasında getməklə qalmırdı; yerli çarpışmaların özü də böyüyüb millətlər arasında mübarizə miqyası, XVII və XVIII əsrlərdəki ticarət müharibələri miqyası almışdı. Nəhayət, iri sənaye və dünya bazarının əmələ gəlməsi bu mübarizəni ümumi bir mübarizəyə çevirdi və eyni zamanda eşidilməmiş dərəcədə kəskinləşdirdi. Ayrı-ayrı kapitalistlər arasındakı münasibətlərdə, habelə istehsalın bütöv sahələri arasındakı və bütöv ölkələr arasındakı münasibətlərdə ölüm-dirim məsələsi, onların təbii və ya sün'i surətdə yaradılmış əlverişli istehsal şəraitinə malik olmamalarından asılı olaraq həll edilir. Məğlub olanlar amansızlıqla aradan qaldırılır. Bu, Darvinin göstərdiyi ayrılıqda yaşamaq urunda mübarizə idi ki, on qat artıq şiddətlə təbiətdən cəmiyyətə keçirilmişdir. Heyvanların təbii vəziyyəti bəşər inkişafının zirvəsi kimi meydana çıxır. İctimai istehsal ilə kapitalistcəsinə mənimsəmə arasındakı ziddiyyət ayrı-ayrı fabriklərdə istehsalın təşkili ilə bütün cəmiyyətdə istehsalın hərc-mərcliyi arasındakı əkslik kimi təkrar edilir.

Kapitalist istehsal üsulunun öz mənşəyi üzündən həmin üsula xas olan ziddiyyətin bu hər iki təzahür formasında həmin istehsal üsulu dönmədən hərəkət edib hələ Furyenin onda kəşf etdiyi kimi «çıxılmaz bir dairə» yaradır. Lakin bu dairənin tədricən kicildiyini, istehsalın daha çox spiral xətlə hərəkət etdiyini və planetlərin hərəkəti kimi, onun da axırda mərkəzlə toqquşmalı olduğunu Furye öz dövründə, əlbəttə, hələ görə bilməzdi. İctimai istehsal hərc-mərcliyinin hərəkətverici qüvvəsi bəşəriyyətin əksəriyyətini tədriclə proletarlara çevirir, proletar kütlələri isə, istehsal hərc-mərcliyinə nəticə e'tibarı ilə son qoyacaqdır. İstehsalın sosial hərc-mərcliyinin həmin hərəkətverici qüvvəsi iri sənayedə tətbiq edilən maşınları daim təkmilləşdirmək imkanını hər bir ayrıca sənaye kapitalisti üçün məcburi bir qanuna çevirir, kapitalisti məhv olmaq təhlükəsi qarşısına qoyub ona öz maşınlarını arası kəsilmədən təkmilləşdirməyi əmr edən bir qanuna çevnrir. Maşınların təkmilləşdirilməsi nəticəsində isə müəyyən miqdar insan əməyi artıq qalır. Əgər maşınların tətbiq edilməsi və yayılması maşında işləyən az miqdar fəhlənin əllə işləyən milyonlarla işçini sıxışdırıb aradan çıxarması demək idisə, maşınların təkmilləşdiriniəsi maşınlarda işləyən fəhlələrin özlərinin getdikcə daha böyük miqdarının sıxışdırılıb aradan çıxarılması və son nəticədə kapitalın verdiyi orta tələb dərəcəsindən artıq çoxlu işçi qüvvəsi təklif edilməsi deməkdir. İşləməyən fəhlə kütləsi, hələ 1845-ci ildə dediyim kimi, sənaye üçün əsl ehtiyat ordusu («İngiltərədə fəhlə sinfinin vəziyyəti», səh.) yaradır ki, bu ordu da istehsal tam sür'ətlə işlədiyi zaman onun sərəncamına verilir və hər bir canlanmadan sonra labüddən baş verən iflas nəticəsində küçəyə atılır; yaşamaq uğrunda fəhlə sinfi ilə kapital arasında gedən mübarizədə ağır bir daş kimi daim fəhlə sinfinin ayağından asılıb qalan bu ordu, əmək haqqının tənzimcisi vəzifəsini görərək, onu kapitalın tələbatına uyğun olan aşağı səviyyədə saxlayır. Beləliklə, belə çıxır ki, maşın, Marksın sözləri ilə desək, fəhlə sinfinə qarşı kapitalın əlində ən güclü bir döyüş vasitəsi olur, əmək aləti yaşayış vasitələrini daim fəhlənin əlindən alır və fəhlənin özü tərəfindən hazırlanmış məhsul dönüb onu əsarət altında saxlamaq üçün bir alət olur. Bu ona gətirib çıxarır ki, əmək vasitələrinə qənaət edilməsi, eyni zamanda, lap əvvəldən iş qüvvəsini amansızcasına israf etmək və normal əmək şəraitini vəhşicəsinə pozmaq olur; iş vaxtının qısaldılması üçün ən güclü vasitə olan maşın, kapitalın dəyərini artırmaqdan ötəri fəhlənin və onun ailəsinin bütün ömrünü potensial iş vaxtına çevirmək üçün ən e'tibarlı bir vasitə olur. Bax buna görə də fəhlə sinfinin bir hissəsinin həddən artıq əməyi onun digər hissəsinin tamamilə işsiz qalmasına səbəb olur, bütün dünyanı gəzib istehlakçı axtaran iri sənaye isə öz ölkəsində fəhlə kütlələrinin istehlakını ən aşağı aclıq səviyyəsi ilə məhdudlaşdırır, beləliklə də öz daxili bazarını sarsıdır. «Nisbi artıq əhalinin və ya sənaye ehtiyat ordusunun kapital yığımının miqdarı və gücü ilə müvazinətdə saxlayan qanun, fəhləni kapitala elə möhkəm bənd edir ki, heç Gefestin çəkici də Prometeyi qayaya zəncirlə belə möhkəm bənd edə bilməmişdi. Bu qanun kapital yığımına müvafiq surətdə yoxsulluğun artmasına səbəb olur. Deməli, bir qütbdə sərvət yığımı, eyni zamanda müqabil qütbdə, yə'ni öz məhsulunu kapital kimi istehsal edən sinfin olduğu tərəfdə yoxsulluq, əmək iztirabları, köləlik, cəhalət, kobudluq və mə'nəvi pozğunluğun artması deməkdir». (Marks, «Kapital», səh. 671). Kapitalist istehsal üsulundan məhsulların başqa cür bölüşdürülməsini gözləmək, batareya elektrodlarının, batareya ilə birləşdirilmiş olduğu halda, suyu təhlil etməməsini və müsbət qütbə oksigen, mənfi qütbə isə hidrogen toplamamasını tələb etmək kimi bir şey olardı.

Biz gördük ki, müasir maşınların, ən yüksək dərəcəyə çatdırılmış təkmilləşmə qabiliyyəti, cəmiyyətdə istehsal hərc-mərcliyi üzündən məcburi bir qanuna çevrilir və bu qanun ayrı-ayrı sənaye kapitalistlərini öz maşınlarını daim yaxşılaşdırmağa və bunların məhsuldar qüvvəsini daim artırmağa məcbur edir. Öz istehsalının həcmini genişləndirmək üçün onların əlində olan fe'lən sadəcə imkan da belə bir məcburi qanuna çevrilir. İri sənayenin çox böyük genişlənmə qabiliyyəti–bunun yanında qazların genişlənmə qabiliyyəti əsl uşaq oyuncağı kimi görünür–indi bu sənayeni həm keyfiyyət, həm də kəmiyyətcə genişləndirmək tələbi, heç bir əks tə'sirlə hesablaşmayan bir tələb kimi meydana çıxır. Bu əks tə'siri isə istehlak, satış, iri sənaye məhsulları üçün olan bazarlar doğurur. Bazarların istər ekstensiv, istərsə intensiv genişlənmə qabiliyyəti isə daha az bir qüvvə ilə fəaliyyət göstərən bambaşqa qanunlarla müəyyən olunur. Bazarların genişlənməsi istehsalın genişlənməsi ilə ayaqlaşa bilmir. Münaqişə labud olur, həm də o, kapitalist istehsal üsulunun özünü partladıb dağıtmayınca həmin toqquşmanı həll edə bilməyəcəyinə görə, bu münaqişə vaxtaşırı baş verir. Kapitalist istehsalı yeni «çıxılmaz bir dairə» törədir.

Doğrudan da, birinci ümumi böhranın baş verdiyi 1825-ci ildən başlayaraq, bütün sənaye və ticarət aləmi, bütün mədəni xalqların istehsal və mübadiləsi, habelə bunların barbarlıq dövrünə məxsus az-çox əlavələri təqribən hər on ildən bir öz cığırından çıxır. Ticarət dayanır, bazarlar satıla bilməyən çoxlu məhsullarla dolur, nağd pul tədavüldən çıxıb yox olur, kredit kəsilir, fabriklər dayanır, fəhlələr yaşayış vasitələrindən məhrum olurlar, çünki onlar bu vasitələri həddindən artıq istehsal etmişlər; iflas ardınca iflas gəlir, hərrac ardınca hərrac gəlir. Durğunluq illərlə sürür, külli miqdarda məhsuldar qüvvə və məhsul israf və məhv edilir, bu hal yığılıb qalmış əmtəə kütlələri, nəhayət, az-çox aşağı salınmış qiymətə satılıncaya qədər, istehsal və mübadilə hərəkəti tədricən yenidən başlanıncaya qədər davam edir. Bu hərəkət yavaş-yavaş sür'ətlənir, addımlama ardınca yortma başlanır, yortma dalısınca sənaye dördnala çapır, bundan sonra sənayeni, ticarəti, krediti və ehtikarı əhatə edən və maneələr üzərindən atlanmağı tələb edən qızğın bir çapışma başlanır və ən qızğın çapışmalardan sönra sənaye, nəhayət, yenidən iflas uçurumuna yuvarlanır. Həm də bu hal daim təkrar olunur. Biz 1825-ci ildən bəri beş dəfə bu dövranı keçirmişik və indi bunu (1877-ci ildə) altıncı dəfədir ki, keçiririk. Bu böhranların xarakteri o qədər aydın nəzərə çarpır ki, Furye bu böhranların hamısının mahiyyətini qavrayaraq, bunların birincisini «crise plethorique», bolluq böhranı adlandırmışdır.

Böhranlarda ictimai istehsal ilə kapitalistcəsinə mənimsəmə arasındakı ziddiyyət qarşısıalınmaz bir qüvvə ilə aşkara çıxır. Əmtəə tədavülü müvəqqəti olaraq dayanır; tədavül vasitəsi olan pul, tədavül üçün bir maneə olur, əmtəə istehsalı və tədavülünün bütün qanunları tərsinə fəaliyyət göstərir. İqtisadi toqquşma ən yüksək nöqtəsinə çatır: istehsal üsulu mübadilə üsuluna qarşı çıxır.

Fabriklər daxilində istehsalın ictimai qaydada təşkili elə bir inkişaf dərəcəsinə çatmışdır ki, cəmiyyətdə onunla yanaşı və onun üzərində duran istehsal hərc-mərcliyi ilə bir araya sığmır,–bu fakt kapitalların zorla təmərküzləşməsi sayəsində kapitalistlərin özləri üçün aydın olur, bu təmərküzləşmə isə böhranlar zamanı bir çox iri kapitalistlərin və daha çox miqdarda xırda kapitalistlərin var-yoxdan çıxması yolu ilə əmələ gəlir. Kapitalist istehsal üsulunun bütün mexanizmi özünün yaratmış olduğu məhsuldar qüvvələrin təzyiqi altında hərəkətdən qalır. O daha bütün istehsal vasitələri kütləsini kapitala çevirə bilmir; bu istehsal vasitələri işlənilmir, buna görə sənaye ehtiyat ordusu da fəaliyyətsiz qalmağa məcbur olur. İstehsal vasitələri, yaşayış vasitələri, kapitalın sərəncamında olan fəhlələr–bütün istehsal və ümumi rifah ünsürləri bol olur. Lakin bu «bolluq ehtiyac və məhrumiyyətlər mənbəyi olur» (Furye), çünki məhz o, istehsal vasitələrinin və yaşayış vasitələrinin kapitala çevrilməsinə mane olur. Zira kapitalizm cəmiyyətində istehsal vasitələri əvvəlcə kapitala, yə'ni insanın iş qüvvəsini istismar etmək alətinə çevrilmədən fəaliyyətə keçə bilməz. Bu vasitələrin kapitala çevrilməsi zərurəti bir tərəfdən fəhlələrlə, digər tərəfdən istehsal və yaşayış vasitələri arasında bir kabus kimi durur. Yalnız bu zərurət istehsalın maddi vasitələri ilə şəxsi vasitələrinin birləşməsinə mane olur; yalnız bu zərurət istehsal vasitələrinin hərəkət etməsinə, fəhlələrin isə işləyib yaşamasına mane olur. Deməli, bir tərəfdən, kapitalist istehsal üsulunun daha məhsuldar qüvvələri idarə etmək iqtidarında olmadığı aşkara çıxır. Digər tərəfdən, məhsuldar qüvvələr özləri getdikcə artan bir qüdrətlə bu ziddiyyəti məhv etməyə, bir kapital olmaq e'tibarı ilə onlara xas olan nə varsa hamısını özündən kənar etməyə, xarakteri e'tibarı ilə ictimai məhsuldar qüvvə olduqlarının fe'lən qəbul edilməsinə çalışır.

Qüdrətlə artan məhsuldar qüvvələrin öz kapitalist xarakterinə göstərdiyi həmin əks tə'sir, onların ictimai təbiətinin e'tiraf edilməsi zərurətinin belə artması kapitalistlər sinfinin özünü məcbur edir ki, kapitalist şəraitində mümkün olduğu dərəcədə bu qüvvələrlə getdikcə daha tez-tez ictimai məhsuldar qüvvələr kimi rəftar etsin. Həm sənayedəki qızğınlıq dövrləri və bu dövrlərdə hədsiz şişirdilmiş kredit, həm də iri kapitalist müəssisələrini dağıdan iflasların özü, istehsal vasitələrinin böyük kütlələrinin, müxtəlif səhmdar cəmiyyətlərində gördüyümüz formada ictimailəşdirilməsinə səbəb olur. Bu istehsal və rabitə vasitələrindən bə'ziləri, məsələn, dəmir yollar, özlüyündə o qədər böyükdür ki, bunlar hər bir başqa kapitalist istismar formasını istisna edir. Müəyyən inkişaf pilləsində bu forma da kifayət etmir; müəyyən bir ölkənin eyni sənaye sahəsinin bütün iri istehsalçıları istehsalı tənzim etmək üçün birləşib bir «trest», ittifaq düzəldirlər. Onlar istehsal edilməli olan şeyin ümumi miqdarını müəyyən edir, bunu öz aralarında bölür və əvvəlcədən müəyyən etdikləri satış qiymətini qəbul etdirirlər. İşdə ilk çətinlik baş verən kimi həmin trestlərin çox hissəsi dağıldığına görə, bu trestlər özləri daha çox təmərküz etmiş bir ictimailəşməyə səbəb olurlar: sənayenin bütöv bir sahəsi tam nəhəng bir səhmdar cəmiyyətinə çevrilir, ölkə daxilindəki rəqabət öz yerini həmin ölkə daxilində bu cəmiyyətin inhisarına tərk edir. Məsələn, 1890-cı ildə İngiltərənin qələvi istehsalında məhz belə olmuşdur, 48 iri fabrikin hamısı birləşdikdən sonra bu istehsal vahid bir mərkəzdən rəhbərlik edilən və 120 milyon marka kapitalı olan vahid bir cəmiyyətin əlinə keçdi.

Trestlərdə azad rəqabət inhisara çevrilir, kapitalizm cəmiyyətinin plansız istehsalı isə gələcək sosializm cəıiyyətinin planlı istehsalına təslim olur. Doğrudur, bu əvvəlcə kapitalistlər üçün yalnız faydalı və əlverişli olur. Lakin istismar özünün bu formasında o qədər aydın şəkil alır ki, dağılmalı olur. Heç bir xalq, trestlərin rəhbərlik etdiyi istehsala və bu trestlərdə kupon kəsməklə yaşayan kiçik bir dəstənin bütün cəmiyyəti aşkar istismar etməsinə uzun müddət dözməyə razı olmaz.

Necə olursa-olsun, trestlərlə və ya trestlərsiz kapitalizm cəmiyyətinin rəsmi nümayəndəsi olan dövlət, istehsala rəhbərlik etməyi öz öhdəsinə götürməyə məcburdur (Mən «məcburdur» deyirəm, çunki həqiqətən istehsal və ya rabitə vasitələri səhmdarlar cəmiyyətlərinin idarə edə bildiyi həddi aşarsa və bunların dövlətləşdirilməsi iqtisadi cəhətdən labüd olarsa, yalnız bu halda–hətta bunu müasir dövlət edərsə–bu iş iqtisadi tərəqqi olar, bütün məhsuldar qüvvələrə cəmiyyətin özünün sahib olması yolunda atılan yeni bir addım olar. Lakin son zamanlarda, Bismark dövlətləşdirmə yoluna atıldığı vaxtdan bəri xüsusi bir saxta sosializm meydana gəlmişdir ki, bu da bə'zi yerlərdə xüsusi bir könüllü nökərçilik şəkli alaraq, hər bir dövlətləşdirməni, hətta Bismarkın dövlətləşdirməsini də ağına-bozuna baxmadan sosialistcəsinə dövlətləşdirmə adlandırır. Əgər dövlət tütün inhisarı sosializmdirsə, onda Napoleon ilə Metternix də, şübhəsiz, sosializmin baniləri sırasına salınmalıdırlar. Belçika dövləti ən adi siyasi və maliyyə mülahizələri ilə başlıca dəmir yolları özü çəkməyə başladıqda; müharibə baş verəcəyi halda Prussiyanın mühüm dəmir yollarını muharibənin tələblərinə uyğunlaşdırmaq və bunlardan müharibə üçün istifadə etmək işini yalnız asanlaşdırmaq məqsədi ilə, dəmir yol mə'murlarını tərbiyələndirmək və onları hökumətə itaətlə səs verən bir sürüyə çevirmək məqsədi ilə, başlıcası isə parlamentdən asılı olmayan yeni bir gəlir mənbəyi əldə etmək məqsədi ilə Bismark azacıq da iqtisadi zərurət olmadığı halda, bu yolları dövlət mülkiyyətinə çevirdikdə,–butün bunlar heç də sorializmə doğru nə bilavasitə, nə də dolayı yolla, nə şüurlu, nə də şüursuz olaraq atılan bir addım deyildi. Yoxsa kral «Seehandlung»-u15, kral çini qab manufakturası və hətta orduda olan rota dərzixanaları, yaxud otuzuncu illərdə III Fridrix-Vilhelm zamanı hansı bir əllamənin isə hətta ciddi surətdə təklif etdiyi... fahişəxanaların dövlətləşdirilməsi də sosialist müəssisələri hesab olunmalıdır!). Hər şeydən əvvəl iri rabitə vasitələrini: poçt, teleqraf və dəmir yolları dövlət mülkiyyətinə çevirmək zərurəti meydana çıxır.


Yüklə 206,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin