Xidməti nitq etiketi. Nitq etiketi normalarına əməl edilməsi istənilən işgüzar söhbətin aparılmasının zəruri şərtidir. Nitq etiketinin əsasını nəzakətlilik təşkil edir ki, o da hər şeydən əvvəl, salamlamanı nəzərdə tutur. Qədim dövrlərdən bəri insanlar bir-birinə hörmətlərini salamlamalar vasitəsilə bildirirlər. Hamı tərəfindən qəbul olunmuş etiketə əsasən kişinin qadınla, yaşca kiçik olanın böyük olanla, vəzifə pilləsində aşağıda duranın yuxarıda duranla birinci salamlaşması nəzərdə tutulsa da, biznesmen yaşca kiçik olanın, yaxud mövqecə ondan aşağıda duranın birinci salamlaşmasını gözləməməlidir. Həmsöhbətinizi birinci salamlamalısınız. Əgər qadın kişini birinci salamlayırsa, kişi bunu xüsusi hörmət əlaməti kimi qəbul etməlidir. Qadını küçədə salamlayan kişi şlyapa və əlcəklərini çıxarmalıdır. Əgər kişi kimi isə müəyyən məsafədən salamlayırsa, yüngülcə təzim etməli, əli ilə şlyapasına toxunmalı, yaxud onu azca qaldırmalıdır. Bu qayda digər baş geyimlərinə - qış papaqları, xizək papağı, kepka, yaxud beretə şamil edilmir. İstənilən halda bu qayda qadına şamil edilmir. Əgər qadın hər halda əlcəyini çıxarırsa, bu, xüsusi hörmət əlamətidir. Yaşlı qadın və kişilərə münasibətdə bu, norma olmalıdır. İstənilən halda, salamlama anında ağızda siqaret olmamalıdır, həmçinin əli cibdə saxlamaq olmaz. Qadınlar başlarını azca əyərək, salamlamaya gülümsəməklə cavab verməlidirlər. Onlar əllərini jaketin, plaşın, yaxud paltonun ciblərindən çıxarmaya bilərlər. Kişilərin görüşərkən bir-birinin əlini sıxması həmişə tövsiyə olunur, qadınlarla bu, qarşılıqlı razılaşmaya əsasən ola bilər. Təsadüfi deyil ki, hələ qədim zamanlarda əlsıxma dostluq və sülh bildirirdi. Kişini qadına təqdim edərkən qadın birinci əlini uzadır. Eyni üstünlük həm bir qədər yaşlı adamlara, həm də yaş pilləsi üzrə böyüklərə aiddir: yaşca böyük qadın əlini birinci olaraq özündən kiçiyə uzadır, qadın - kişiyə, rəhbər işçi - tabeliyində olana. Küçədə salamlama əlaməti olaraq qadının əlini öpmək olmaz, bunu yalnız müəyyən qapalı məkanda etmək məqbuldur. Bizdə yalnız ərli qadının əlini öpmək qəbul edilmişdir. Qadının əlini öpərkən onu çox yüksəyə qaldırmaq lazım deyil, özünüz bir qədər əyilməyə çalışın. Kişilər bir-biri ilə salamlaşarkən əlcəklərini çıxarmaya bilərlər. Lakin əgər salamlaşanlardan biri artıq əlcəyini çıxarıbsa, digəri də bunu etməlidir. Küçədə yolla keçən dayananı salamlamalıdır. Əlsıxma zamanı salamlanan şəxsin əlini çox bərk sıxmaq lazım deyil. Bu qaydanı kişilər, xüsusilə qadının əlini sıxarkən yadda saxlamalıdır. Tanışlar küçədə, yaxud həmkarlar müəssisədə rastlaşarkən əlsıxmalar vacib deyil. Qəbula gələn idarə rəhbərinin otağına daxil olduqda, «Sabahınız xeyir», «Salam» və s. tipli salamlamalarla kifayətlənmək olar. Bu zaman başınızı yüngülcə əyib, gülümsəmək yetərlidir. Əlsıxmanın təşəbbüskarı, demək olar ki, həmişə qadın olmalıdır. Lakin bəzi hallarda qadın, həmçinin kişi özlərindən yaşca çox böyük və xidməti mövqecə yüksək şəxsə birinci olaraq əl uzatmamalıdır. Ümumi müddəalar mövcuddur: əlsıxma təşəbbüsünü yaşca böyük göstərməlidir, qadın əlini kişiyə, evli qadın- subay qadına uzatmalıdır; cavan oğlan yaşca özündən böyük olanın, yaxud ərli qadının əlini birinci sıxmağa tələsməməlidir. Kiminsə əlini sıxarkən, adətən, kişilər qısa salamlama sözləri söyləyirlər: «Salamlar . », «Sizi görməyimə (sizinlə görüşməkdən) çox şadam», ”Xoş gördük”, «Hər vaxtınız xeyir». Kişini salamlayarkən, nəzakətlilik qaydalarına əsasən soruşmaq lazımdır: «Xanımınız necədir?» «Uşaqlarınız necədirlər?», «Ananız özünü necə hiss edir?» və s. Əgər bir neçə adamın olduğu otağa daxil olarkən oradakılardan birinin əlini sıxmaq istəyirsinizsə, etiketə əsasən mütləq digərlərinə də əlinizi uzatmalısınız. Həmsöhbətə müraciətlə bağlı nitq etiketinin müəyyən qaydaları mövcuddur. «Siz» müraciəti müraciət edənin mədəniyyətinin göstəricisi olub, tərəf-müqabilinə, yaxud həmkarına (həm də özünə) hörməti ifadə edir. Yaxşı tərbiyə almış və mərifətli işgüzar insan istər bilavasitə rəisi, istər tabeçiliyində çalışan, istər yaşca ondan böyük, istərsə kiçiklə söhbət etməyindən asılı olmayaraq, həmişə bu nəzakətli müraciət formasından istifadə edir. İşgüzar şəraitdə «Sən» müraciəti arzuolunmazdır. Bu müraciətə yalnız qarşılıqlı ola bildikdə, yaxud qeyri-formal münasibətlərə əsaslandıqda yol verilə bilər. Bir-biri ilə yaxşı tanış olan işgüzar tərəfdaşlar, həmçinin öz iş yoldaşlarına adı və “müəllim” sözü, yaxud soyadına «cənab» sözünü əlavə etməklə müraciət edilə bilər. Yalnız adı ilə, hələ Amerika tərzi ilə qısaldılmış(məs. Abdullaya-Abış, Məzahirə-Məzi və s.) şəkildə müraciətdən çox istifadə etmək lazım deyil. Bizim ölkəmizdə əsrlərdən bəri insana hörmət əlaməti olaraq adının yanına «müəllim, bəy, üsta» və s. artırmaqla müraciət edirlər. Bu, bizim ənənəmizdir. Yalnız yaxın iş yoldaşlarına adı ilə müraciət etmək olar, bu şərtlə ki, onlar çox cavandır və belə müraciətə etiraz etmirlər. Yad adama «vətəndaş», «cənab», «xanım», «xanım qız», «cavan oğlan» - deyə müraciət etmək olar. Bugünkü cəmiyyətdə sabit müraciət forması yoxdur. (Qeyd etmək lazımdır ki, son dövrlərdə geniş yayılmış “müəllim” müraciəti, xüsusən, dükan-bazarda, ictimai nəqliyyatda və s. heç də təqdir olunmalı deyil.) Razılaşmaq lazımdır ki, yuxarıda sadalanan müraciətlərin çoxu müxtəlif şəraitlərdə yerinə düşmür. Bu şəbədən biz çox zaman yad adama şəxssiz müraciət etməli oluruq: «Bağışlayın...», «İcazə verin», «Zəhmət olmasa..» və s. İşgüzar söhbət zamanı həmsöhbətlər arasındakı məsafəni və ünsiyyət sahəsinin həcmini nəzərə almaq lazımdır. Burada yazılmamış bir qanun mövcuddur: bir metrdən az məsafə intim hesab edilir (bu məsafədə ünsiyyət, adətən, yaxın adamlar və dostlar arasında baş verir), Bir metrdən iki metr yarıma qədər məsafə rəsmi hesab edilir. İnsanlar bu «instiktiv» sərhədləri pozduqda, biz özümüzü narahat hiss edirik və belə görüşdən sonra bizdə xoşagəlməz bir duyğu qalır (yad adamların adətən liftdə necə gərgin şəkildə susduğunu xatırlayın). Üç metr və daha çox məsafə laqeydlik məsafəsidir. Bu məsafədən öz tabeliyində olanları danlamağa hazırlaşan rəislər bacarıqla istifadə edirlər. Səkkiz metrlik məsafədən yalnız əmr vermək mümkündür. Buna görə, əgər siz həmsöhbətinizlə əlaqə yaratmaq və konstruktiv dialoqa girmək istəyirsinizsə, təxminən 1,5 metrlik məsafə saxlayın və çalışın ki, sizinlə həmsöhbətiniz arasında nəhəng yazı masası kimi maneə dayanmasın. İşgüzar həyatda nəzakətliliyin mühüm elementi təqdimatdır. Onun köməyi ilə lazımlı və xeyirli əlaqələr yaratmaq mümkündür. Etiket nə zaman və necə təqdim etmək və təqdim olunmaq lazım olduğunu göstərən müəyyən normaları nəzərdə tutur və onu nəzərə almamaq olmaz. Əvvəlcə yaşca kiçik olanı böyüyə, subayı evliyə, vəzifəcə kiçiyi böyüyə, kişini qadına, daha cavan qadını yaşlıya və s. təqdim etmək qəbul edilmişdir.