Redaktordan
İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat elmi də özünəməxsus kateqoriyalara, qanunauyğunluqlara malikdir, bu elm sahəsində də çox müxtəlif nəzəriyyələr mövcuddur. Hətta iqtisadçı olanların belə həmin nəzəriyyələrin hamısını kamil öyrənə bilməsi müşkül məsələdir.
Bununla belə, iqtisadiyyat elm olmaqla bərabər, həm də bizim hər birimizin gündəlik həyatımızın, yaşayışımızın əsasıdır. Ona görə də hər kəsin öz güzəranını daha yaxşı qura bilməsi üçün gündəlik həyatda üzləşdiyi bir sıra sadə iqtisadi qanunauyğunluqları başa düşməsi və dərk etməsi mühüm əhəmiyyət kəsb edir. Buna cəhd göstərən hər kəsə «İqtisadiyyatın əsasları» adlı bu dərs vəsaiti əvəzsiz yardımçı ola bilər.
Əslində bu kitabı «İqtisadiyyatın «əlifbası» da adlandırmaq olardı. Çünki, «Əlifba» müəyyən dildəki sözləri əmələ gətirən hərfləri öyrətdiyi kimi, bu kitabda da iqtisadiyyatın konstruksiyasını əmələ gətirən və bu baxımdan, obrazlı desək, iqtisadiyyatın «hərfləri» adlandırıla biləcək iqtisadi kateqoriyalar, iqtisadi münasibətlərdən yaranan hadisə və proseslər hər kəsin asan başa düşəcəyi sadə şəkildə izah edilir və şərh olunur.
Son illər ölkəmizdə iqtisadiyyatın öyrənilməsinə və tədrisinə marağın müəyyən qədər artması ilə əlaqədar olaraq ali və orta ixtisas məktəblərinin tələbələri üçün, habelə orta məktəbin yuxarı siniflərində tədris edilmək məqsədilə iqtisadiyyata dair bir sıra dərsliklər və dərs vəsaitləri nəşr edilmişdir. Geniş oxucu kütləsinin rəyinə əsaslanaraq deyə bilərik ki, onların əksəriyyətinə xas olan dil mürəkkəbliyi və iqtisadi hadisə və proseslərin son dərəcə «akademik» şərhi materialların dərk edilməsini çətinləşdirir. Sizə təqdim olunan bu dərs vəsaiti isə, hətta əsasən eyni mövzulardan bəhs etməsinə baxmayaraq, onlardan keyfiyyətcə xeyli fərqlənir. Bu kitabda dilin sadəliyi, materialların şərh edilməsi üslubunun orijinallığı, iqtisadi hadisə və proseslərin təqdim edilməsində sistemliliyin, ardıcıllığın və səbəb-nəticə əlaqələrinin gözlənilməsi, adi gündəlik həyatımızdan çoxlu sayda misalların gətirilməsi, əyani vasitələrin (sxemlər, şəkillər, modellər, qrafiklər və s.) zənginliyi xüsusilə diqqəti cəlb edir. Kitabda bütün iqtisadi hadisə və proseslər, iqtisadi kateqoriyalar hər kəsi düşündürəcək sadə suallar və onlara verilən cavablar formasında şərh edilir. Bütün bunlar isə təqdim edilən materialların hamı tərəfindən anlaşılmasını və asan dərk olunmasını təmin edir. Bunu müəlliflərin uğuru hesab etmək olar.
Dərs vəsaiti qeyri-iqtisad ali və orta ixtisas məktəblərinin tələbələri, orta məktəbin yuxarı sinif şagirdləri və orta məktəblərdə iqtisadiyyat fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulsa da, bu, iqtisadiyyatı müstəqil şəkildə öyrənmək istəyənlər üçün də əvəzedilməz bir vəsait olacaq. Tam əminliklə söyləmək olar ki, bu vəsaitdən iqtisad ali məktəblərində «İqtisadi nəzəriyyə» kursunu öyrənən aşağı kurs tələbələri də lazımınca faydalana biləcəklər.
Dərs vəsaitinin özünəməxsus cəhətlərindən biri də onun üslub və məzmun baxımından Avropada və Amerikada tədris edilən «Ekonomiks» dərsliklərinə uyğunluğudur. Lakin, son illər müxtəlif dillərdən dilimizə tərcümə edilən həmin dərsliklərdən fərqli olaraq bu dərs vəsaitində konkret hadisə və proseslərlə bağlı istifadə olunan misal və nümunələr bizim gündəlik üzləşdiyimiz hadisələrdən götürülüb ki, bu da kitabın ruhunu oxuculara daha da yaxınlaşdırır.
Dostları ilə paylaş: |