Şəkil 30. Ev təsərrüfatları və şirkətlər arasında qarşılıqlı əlaqə Sxemdən göründüyü kimi, öncə insanlar şirkətlərə öz əmək qabiliyyətlərini (1) təklif edirlər və öz əmək resurslarının əvəzində isə qazanılan haqqı- məvacibi (2) alırlar. Artıq insanlarda pul olandan sonra, onlar əmtəə və xidmətlər əldə etməyə başlayırlar və bu məqsədlə şirkətlərə pul təklif edirlər (3), əvəzində isə əmtəə və xidmətlər alırlar (4). Lakin iqtisadiyyatda fəaliyyət göstərən qarşılıqlı münasibətlər sisteminin 2 iştirakçışından (insanlar və şirkətlərdən) başqa 3-cü iştirakçı da mövcuddur- bu dövlətdir. Belə olan halda, biz dövlətin həm insanlarla və həm də şirkətlərlə qarşılıqlı münasibətlərini araşdırmalıyıq. Bildiyimiz kimi, insanlar və şirkətlər hər biri öz xidmətlərini fərqli bazarlarda təklif edirlər. Daha doğrusu, insanlar iş qüvvəsini əmək bazarında satır və həmin bazarda da şirkətlər onları əldə edir. Şirkətlər də məhsul və xidmətlərini əmtəə bazarında satışa çıxarır və insanlar da öz növbəsində həmin bazarlardan əmtəə və xidmət alırlar. Lakin şirkətlər istehsallarını qurmaq üçün yalnız əmək bazarına müraciət etmir və əlavə olaraq digər bazarlardan xammal, material və kapital alırlar. İndiki halda bu münasibətləri daha da aydınlaşdırmaq məqsədilə qarşılıqlı münasibətlər sxemini bir az da mürəkkəbləşdirmək mümkündür. Bu sxemi aşağıdakı kimi təqdim etmək olar (bax: şəkil 31).