Bəs büdcə necə hazırlanır?
Azərbaycan Respublikasının büdcə sisteminin tarixini xronoloji olaraq 3 dövrə bölmək olar. İlk büdcə quruculuğu prosesi 1918-20-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətin dövrünə təsadüf edir. Sonradan keçmiş SSRİ-nin tərkibinə qatılan "müttəfiq respublikamız" suverenliyi ilə yanaşı, büdcə müstəqilliyini də itirmişdi. Nəhayət, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra yenidən büdcə proqnozlaşdırılması və icrası məsələləri dövlətin iqtisadi siyasətinin başlıca alətlərindən birinə çevrilmiş və onun parlament müzakirəsi təşkil olunmuşdur.
Azərbaycan Respublikasında büdcə sisteminin təşkilinin, büdcələrin (dövlət və yerli) tərtibinin, təsdiqinin, icrasının və icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsasları "Büdcə sistemi haqqında" Qanunla müəyyənləşdirilir. Bu qanunla büdcə ili də müəyyənləşdirilib.
Büdcə ili - büdcənin icrasının həyata keçirildiyi bir illik zaman müddətidir. Büdcə ilinin zaman çərçivələri ayrı-ayrı ölkələrdə fərqlidir. Məsələn, ABŞ-da maliyyə ili oktyabrın 1-dən başlayıb növbəti ilin sentyabrın 30-da, Böyük Britaniyada isə mayın 1-dən başlayıb növbəti il aprelin 30-da başa çatır. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda, büdcə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.
Dostları ilə paylaş: |