COĞRAFİYA
Məşhur fransız tarixçisi Doktor Qustav Loben yazır:
«Müsəlmanlar gəmiçilikdə həmişə mahir olmuşlar və çox uzaq məsafələrə səfərlər etmişlər. Onlar Çin və Afrikanın ucqar bölgələri ilə ticarət əlaqələri saxlayırdılar. Həmin dövrlərdə bu məntəqələr avropalılar üçün əlçatmaz yerlər sayılırdı. Süleyman adlı səyyah öz «Səfərnaməsini» çap etdirmiş və bu kitab Avropada da nəşr olunmuşdur.
İbni Hoqəl böyük müsəlman coğrafiyaşünasıdır. O, öz kitabında belə yazırdı: «Mən bu kitabda Yerin eni və uzunluğunu göstərmişəm. Bütün İslam ölkələri və onların sərhədləri barəsində mə᾽lumat vermişəm. Hər ölkənin şəhərləri, qəsəbələri, çayları, gölləri, məhsulları, əkinçiliyi və yolları haqqında olan mə᾽lumatları gətirmişəm. Ölkələrin arasındakı məsafələr, oradakı ticarət məhsulları, xülasə coğrafiya elmi üçün lazım olan bütün mə᾽lumatlar haqqında şərhləri bu kitabda tapmaq olar».
Fransız tarixçisi daha sonra Əbu Reyhan Biruni, Əbul Həsən və başqa müsəlman coğrafiyaşünaslarının adını çəkərək belə qeyd edir: «Müsəlmanlar coğrafiya elmində çox inkişaf etmişdilər. Bunun da səbəbi onların səyyahlıqda bacarıqlı olmaları, astronomiya elmilə yaxından tanış olmaları idi».
SƏNƏTKARLIQ
Doktor Loben yazır: «Müsəlmanların keçmişdən qalan məscidlərinə, mədrəsələrinə, mehmanxanalarına və digər tikililərinə baxanda başa düşürük ki, İslamda din və mədəniyyət bir-biri ilə elə qaynayıb-qarışıbdır ki, onların birini digərindən ayırmaq heç vaxt mümkün olmaz. Hər millətin zövq və bacarığını onun yaratdığı sənətkarlıq nümunələrindən anlamaq olar.
Müsəlmanların hal-hazırkı əsrə qədər qorunub saxlanılmış sənət nümunələri sübut edir ki, heç bir millət bu sahədə onlardan irəli gedə bilməmişdir. Qədim binaları və tikintiləri müşahidə etməklə müsəlmanların sənət aləmində necə böyük nailiyyətlər qazanmasını yaxşı dərk edə bilirik. Buna ən yaxşı nümunə olaraq, Kordova məscidini göstərmək olar. Gözəl me᾿marlıq incisi olan bu məscidin inşasında o dövrün yeni və mütərəqqi tikinti üsullarından istifadə edilib.
Ağac, fil sümüyü və sədəf üzərində nəqqaşlıq sənətində müsəlmanlar fövqəladə ustalıq qazanmışdılar. Qədim məscidlərdə, yaraşıqlı darvazalarda, minbərlərdə, pəncərə və tavanlarda həmin gözəl nəqqaşlıq nümünələrini görmək olar. Hansı ki, bu gün müasir imkanlardan istifadə etməklə, bu kimi sənət əsərlərini düzəltmək çox çətindir.
Səlib yürüşləri zamanı İslam ölkələrindən gətirilmiş gözəl naxışlı sandıqlar və mücrülər indi də Avropadakı muzeylərdə sənət inciləri kimi qorunmaqdadır. Təəccüblüsü də budur ki, müsəlmanlar belə incə və nəfis işləri ən sadə və adi alətlərlə yaradırdılar. Bu da onların ustalığının çox yüksək səviyyədə olmasına ən yaxşı dəlildir. Hələ indiyədək Avropada belə nəqqaşlıq nümunələrinə rast gəlinməyib.
Saxsı qablar düzəltməkdə və dulusçuluqda da me᾽marlıqda olduğu kimi müsəlmanlara çatan yox idi. 10-cu əsrin əvvəllərindən Əndəlosda müsəlmanlar kaşı istehsalına başladılar. Onlar orada e᾽malatxanalar tə᾽sis edir və öz məhsullarını dünyanın hər yerinə ixrac edirdilər.
«Qırmızı sarayda» kaşı nümunələrinin misilsiz incilərini görmək olardı. İtalyanlar bu sənəti məhz müsəlmanlardan öyrənib, Avropada məşhurlaşmışdılar. Kaşı düzəltmək sənətinin ən böyük yadigarlarından biri «Qırmızı sarayda»kı məşhur güldan hesab edilir. Onun hündürlüyü 1,5 metrdir və naxışlarının gözəlliyi doğrudan da heyrətamizdir».
Doktor Maks Meyerhof deyir: «Müsəlmanların elmi potensialı get-gedə aşkar olur. Son illərin kəşfləri İslam elmləri tarixinə işıq salmışdır. Lakin bunlar hələ kifayət qədər həmin mədəniyyəti dünyaya tanıtdıra bilmir. Ümidvaram ki, gələcəkdə dünya xalqları İslamın dərin elm və mədəniyyətinin misilsiz nümunələrini öyrənib, onlardan daha çox faydalanacaq. Müsəlmanların elmləri orta əsrlər Avropasını qaranlıq gecədə parlayan Ay kimi işıqlandırmışdı və həmin elmlərin nurunu biz hələ də hiss etməkdəyik».
Avropa və Amerika tarixçilərinin bir çoxu Qərbdə elmin inkişafına müsəlmanların elmi mə᾽lumatlarının necə böyük tə᾽sir etdiyini e᾽tiraf edirlər.
Kembric universitetinin professorlarından olan Con Brend Trend belə deyirdi: «Avropanın böyük bir hissəsi maddi və mə᾽nəvi bədbəxtçiliklərə düçar olduğu zaman, İspaniya müsəlmanları mədəniyyət və iqtisadiyyatda çox böyük nailiyyətlər qazanmışdılar.
İspaniyalı müsəlmanlar sənaye, elm, ədəbiyyat və digər sahələrdə elə böyük tərəqqiyə çatmışdılar ki, istər-istəməz bu mədəniyyət başqa Avropa ölkələrinə nüfuz etməyə başlamışdı. Avropanın tanınmış alim və mütəfəkkirlərinin çoxu həmin mədəniyyətin tə᾽siri altına düşmüşdülər. Buna görə də müsəlman İspaniyasını Avropa mədəniyyətinin bayraqdarı saymaq lazımdır».
İngilis alimi Çember yazır: «E᾽tiraf etməliyik ki, müsəlmanlar öz insanlıq və səadət bəxş edən adət-ən᾽ənələri ilə bizim torpaqlara işıqlı bir mədəniyyət daxil etmişdilər. Avropanın tərəqqi və inkişafında bu böyük mədəniyətin oynadığı rolu təsəvvür etmək çox çətindir.
Əgər 711-ci ildə Tariq ibni Ziyadın başçılığı altında müsəlmanlar Cəbəlüt-Tariq boğazından Avropaya keçməsəydilər, biz indiki vəziyyətimizə heç vaxt nail ola bilməzdik».
İngilis alimi Buqold isə belə yazır:
«Bağdad və Əndəlosdakı İslam universitetlərində yəhudi və xristian tələbələrə xarici olduqlarına baxmayaraq, «xoş gəldin» deyirdilər və onları maddi cəhətdən dövlət xəzinəsindən tə᾽min edirdilər. Onlara hörmətlə yanaşırdılar. Yüzlərlə avropalı cavan müsəlmanların bu alicənablığından istifadə edərək, həmin mərkəzlərdə təhsil alırdılar».
Məşhur Amerika tarixçisi Draber yazır:
«Müsəlman alimləri bir çox qədim və yeni elmlərdə mühüm mə᾽lumatlar əldə etmişdilər. Mexanika, hidravlika, dinamika, kimya və ümumi fizika sahələriində misilsiz göstəricilərə nail olmuşdular.
İslam universitetlərində fizika, kimya, astronomiyadan tutmuş əxlaq və fəlsəfəyə qədər bütün elmlər tədris edilirdi. Bə᾽zi böyük universitetlərdə 6 minə qədər tələbə təhsil alırdı!»
Kordovada neçə kilometrlərlə uzanan daş döşəməli yollar var idi. Halbuki, Londan və Paris bundan 7 əsr sonra belə vəziyyətə nail ola bilmişdilər. Bütün müsəlman şəhərlərində saysız-hesabsız gözəl me᾽marlıq əsərləri olan hamamlar mövcud olduğu halda, avropalılar hamamın nə olduğunu bilmirdilər!
Biz müsəlmanlar belə işıqlı və əzəmətli mədəniyyətin varisi olduğumuz halda, nə üçün bu gün hazırkı vəziyyətdə yaşayırıq? Dünya mədəniyyətində aparıcı məqamı hansı səbəblər üzündən əldən vermişik? Niyə bizim mədəniyyətimiz, elmlərimiz və siyasi qüdrətimiz zəifləyib? Nə üçün tərəqqimiz dayanıb? Niyə biz yerimizi qərblilərlə dəyişmişik? Nə üçün elm və sənayedə biz onlardan asılı olmuşuq, onların isə bizə ehtiyacı yoxdur?
Tarix göstərir ki, müsəlmanlar öz səmavi tə᾽limlərinin ruhundan uzaq düşən kimi, zəlillik və bədbəxtliklərə düçar olurlar. Keçmişdə əzəmətli dövrünü yaşayan müsəlmanlar öz dinlərinə və mədəniyyətlərinə bizdən daha artıq bağlı idilər. Dini dəyərlərin əvvəlki zamanlardakı kimi qiymətləndirilməməsi elm və fikir, maddi və mə᾽nəvi həyat arasındakı tarazlığı pozub, İslam ölkələrində çəkişmələr və müharibələrə səbəb oldu. Nəticədə iqtisadi gerilik, elm və mədəniyyətin tənəzzülü müsəlmanların başının üstünü aldı. Bundan istifadə edən Qərb millətləri öz mədəniyyətlərini və həyat tərzlərini dünyada sür᾽ətlə yaymağa başladılar. Müsəlman ölkələrinin bir çoxu qərblilərin tə᾽siri altına düşüb, hətta bə᾽ziləri öz siyasi və iqtisadi müstəqilliklərini də itirdilər.
Müsəlmanların əxlaqi səciyyələri də dəyişdi. Səmimiyyət, düzgün əməl, səadət və iman kimi keyfiyyətlər başqa şeylərlə əvəz olundu. Bu sərhədlər pozulduqdan sonra müsəlmanlar öz dinləri ilə vidalaşdılar. İslamın müqəddəs prinsiplərini tərk edənlər isə hökmən bədbəxtlik və cəhalətə düçar olurlar. Əgər müsəlmanlar həqiqi İslamdan uzaq düşməsəydilər, onların əzəmətli vəhdəti heç vaxt pozulmazdı və bu din bütün dünyanı fəth edərdi.
«Müqəddəs Yelena» adasında Napoleon ilə birgə sürgündə olmuş onun yaxın adamlarından sayılan Lakas deyirdi: «Napoleon Misirdə olduğu vaxt öz təəccübünü ifadə edərək deyirdi: İslam peyğəmbəri və başqa müsəlmanlar necə olub ki, asanlıqla bu qədər ölkələri fəth edə biliblər? Lakas belə davam edir: «Həmin amil Napoleonun İslama meylini gücləndirmişdi. O vaxtlar imperator izhar edirdi: «Mən İslam dinini seçəcəyəm». Hal-hazırda İslam qanunları ictimai və siyasi səhnədən, hətta müsəlmanların həyat tərzindən kənarda qalıb. Qeyri-islami qanunlarla yaşayan cəmiyyət isə əslində İslam cəmiyyəti deyildir. Müsəlmanlar yaşadığı bir çox ölkələrdə İslami əxlaq və təfəkkür tərzi demək olar ki, tamamilə aradan getmək üzrədir. Ona görə də mədəniyyətimizin tənəzzülü bə᾽zi müsəlmanların günahı ucbatındandır və bu işdə İslam dininin heç bir günahı yoxdur.
Müsəlmanlar bu günkü dünyada layiqli yer tutmaqdan ötrü vəziyyəti düzgün qiymətləndirib, öz imkanlarından əlverişli şəkildə istifadə etməlidirlər. Geriliyi aradan qaldırmaq üçün öz dini köklərinə qayıdıb, maddiyyatla mə᾽nəviyyatı tarazlaşdırmağa çalışmalıdırlar. Başqa sözlə desək, müsəlmanlar qiymətli İslam tə᾽limlərinə müraciət etməyincə, əvvəlki əzəmət və qüdrətlərini heç vaxt əldə edə bilməzlər. Müsəlmanlar dünya və axirətə şamil olan həqiqi İslama qayıtmayınca, dini əqidələrini möhkəmləndirməyincə və Allahla sarsılmaz rabitəni bərpa etməyincə, səadət və xoşbəxtliyə yetişməyəcəklər.
Dostları ilə paylaş: |