İSLAMIN QƏRB MƏDƏNİYYƏTİNDƏKİ İZLƏRİ
Qərb ölkələrinin müasir sənaye inkişafına məftun olanlar, İslam alimlərinin müxtəlif elmi kəşflərini və həmin elmi baxışların Qərb mədəniyyətinə vaxtı ilə göstərdiyi böyük tə᾽sirləri unutmuşlar.
İslamın bəşəriyyətə bəxş etdiyi hərəkət elə güclü və yaradıcı olub ki, onun nəticəsində ən geri qalmış millətlər çox yüksək inkişaf və tərəqqi səviyyəsinə qalxmışlar. Bu dinin ən böyük mö᾽cüzəsi, onun cəhalət və nadanlığın hakim olduğu bir mühitdə baş qaldırması və burada qələbə çalaraq xariqələr yaratmasıdır. İslam dini xalqın bütün həyatını dəyişdirdi və yarımvəhşi insanları yüksək mədəniyyət və əxlaq sahibi etdi.
İslam qısa bir müddətdə Adriatik dənizi sahillərindən Afrika səhralarına, Atlantik okeanından Çin səddinə qədər əraziləri fəth etdi.
Bu fəth və qələbələr insani dəyərlərə dəqiq riayət olunması ilə birgə baş verirdi. İslam təfəkkür tərzi təkcə Ərəbistan yarımadasıyla kifayətlənmir, bütün dünyaya yayılırdı. Müsəlmanlar qədəm qoyduqları hər bir yerdə İslamın ədalətli və bərabərlik prinsipini əks etdirən qayda-qanunlarını tətbiq edirdilər. İslam həmin dövrün insanlığa zidd, zalım qüdrətlərini məğlub etdikdən sonra, nüfuz etdiyi ölkələrdə nurlu ideyalarını yaymağa başlayırdı. Müxtəlif millətlər bu dinin üstünlüklərini görüb, tezliklə onu qəbul edirdilər. Ərəbistanda bütpərəstlər, İranda zərdüştlər, Misir və Şamda məsihilər İslamın yeganə düzgün din olduğunu başa düşüb müsəlman olurdular.
Həmin dövrlərdə müsəlman aləmində müxtəlif elmlər sür᾽ətlə inkişaf etməyə başladı. İslam mədəniyyəti başqa mədəniyyətlərdən müqayisəolunmaz dərəcədə yüksəlişə çatdı. Hətta, İslam düşmənləri bu dövrlərdə dinimizin mədəniyyət, sənət, elm və sair sahələrdəki müvəffəqiyyətlərini inkar edə bilməzlər. Müsəlman alimlərinin müxtəlif elmlərdə qazandıqları nailiyyətlərdən bütün dünyada, o cümlədən Avropada istifadə edirlər. Qərblilər müsəlman alimlərinin fizika, kimya, həndəsə, riyaziyyat və astronomiya elmlərindəki kəşflərini və tədqiqatlarını öyrənməyə çalışır, bunlardan öz elmi tədqiqatlarında geniş surətdə faydalanırdılar.
Orta əsrlərin cəhalət dövrü Avropada kilsənin vəhşilikləri və zülmləri ilə yadda qalıb. İslam isə hələ renosans dövründən əvvəl hərtərəfli və işıqlı bir mədəniyyəti dünyaya tanıtmışdı.
Həmin dövrlərdə Kopernikin nəzəriyyəsini müdafiə etdiyi və Yerin fırlanmasını dediyi üçün Qalileyi kilsə mühakimə edirdi. Onu məcbur etdilər ki, öz əqidəsindən əl çəksin və bu şəkildə «tövbə» etsin:
«Mən Qaliley həyatımın 70-ci ilində siz həzrətlərin (Papa və keşişlər nəzərdə tutulur) qarşısında diz çökürəm və müqəddəs İncil kitabı gözümün qabağında olduğu halda ona əl basıram və tövbə edirəm. Yerin hərəkət etdiyi haqqındakı puç iddiamı inkar edirəm və onu mənfur və rədd olunmuş bir fikir sayıram».
Məşhur filosof Bekona İngilis kralı Edvard tərəfindən verilən əmrə görə kimya elmi ilə məşğul olmaq qadağan edildi. Bekon Fransaya sürgün edildi və kilsənin nəzarəti altında yaşamağa məcbur oldu. Kilsə kimya elminin şeytanla bağlı olduğunu iddia edir, kimyaçıları isə cadugər sayırdı.
Tarixi baxımdan İslam mədəniyyətinin Avropada elmi hərəkat yaranmasında etdiyi tə᾽sir inkarolunmaz bir həqiqətdir. Qərb tarixçiləri və alimləri bunu aydın şəkildə təsdiq edirlər. Burada müsəlmanların elmi inkişafı barəsində qərb alimlərinin söylədiklərinə bir nəzər salaq.
MƏDƏNİ-MAARİF SAHƏSİNDƏKİ İNQİLAB
İslam meydana gəldiyi ilk vaxtlardan elm və biliyi himayə etmiş, təhsil almağı hər bir fərd üçün vacib saymışdır. Maarif və tə᾽lim-tərbiyənin tarazlığını əldə etmək elmi gizlətməyi və başqalarına öyrətməməyi qadağan edir. İslamın böyük peyğəmbəri Məhəmməd (s.ə.v.v) əxlaqi və fərdi xüsusiyyətlərinə görə bəşəriyyətin ən görkəmli şəxsiyyəti olmaqla yanaşı, elm və maarifin insanlar arasında yayılmasının ən kəskin tərəfdarı idi. Elm öyrənməyin savabı və fəzilətləri haqqında o Həzrətdən (s.ə.v.v) çoxlu hədis və rəvayətlər nəql olunmuşdur. Aşağıda nəql olunan tarixi hadisə bir daha Peyğəmbərimizin (s.ə.v.v) elm və savad öyrənməyə nə qədər qiymət verdiyini sübut edir:
Bədr döyüşündə müsəlmanlar qələbə çalmışdılar və müşriklərdən bir hissəsi əsir alınmışdı. Əsirlərdən bə᾽ziləri özlərini azad etdirmək üçün pul və mal-dövlətə malik deyildilər. Amma onlar yazıb-oxumağı bacarırdılar. Peyğəmbər (s.ə.v.v) göstəriş verdi ki, əsirlərdən kim on nəfər müsəlmana yazıb-oxumağı öyrətsə, onu azad edəcəklər. Peyğəmbərin (s.ə.v.v) göstərişinə əməl olundu və bu yolla bir çox müsəlman yazıb-oxumağı öyrəndi.
Həzrət Əli (ə) öz xütbələrinin birində elm və maarifin yayılmasını İslam hökumətinin vəzifələrindən biri hesab edərək belə buyururdu: Ey camaat! Mənim sizin boynunuzda haqqım və sizin də mənim boynumda haqqınız vardır. Sizin haqqınız budur ki, gərək mən həmişə sizə öyüd-nəsihət verəm və sizə xeyirxahlıq göstərəm. Sizin sərmayələrinizin və mal-dövlətinizin artırılması üçün çalışam. Cəhl və nadanlıq vəziyyətində qalmamaq üçün sizə xoşrəftarlıq və ədəb, elm və tə᾽lim-tərbiyə öyrətmək mənim vəzifəmdir».
Hicri qəməri tarixilə 215 -ci ildə Bağdad şəhərində Abbasi xəlifəsi Mə᾽mun tərəfindən bir rəsədxana və böyük kitabxanaya malik olan «Beytul-hikmət» adlı elmi mərkəz tə᾽sis edilmişdi. Mə᾽mun bunun üçün 200 min dinar pul sərf etmiş və orada müsəlmanların elmi əsərlərini başqa dillərə tərcümə etmək üçün bir çox alimləri toplamışdı.
Mə᾽mun ibni Təriq və Həccac ibni Mətər kimi xarici dillərə bələd olan alimləri əcnəbi ölkələrə göndərib, oradakı yunan, fars, latın, suryani, hind dillərində olan həndəsə, riyaziyyat, tibb və fəlsəfəyə aid kitabları əldə edərək Bağdada gətirməyi əmr etmişdi. Onlar da hər yerdən qiymətli kitabları tapıb Mə᾽muna göndərirdilər. Bu kitablar yüz dəvə yükü qədər idi.
Bütün Avropada bircə dənə də olsun elmi-maarif mərkəzi tapılmayan dövrdə, İslam ölkələrində çoxlu belə mərkəzlər mövcud idi. Həmin elmi mərkəzlərdə bütün sahələr üzrə tədqiqatlar aparılır və mütəxəssislər yetişdirilirdi. Səlib yürüşlərinin başlanması ilə İslam mədəniyyəti və elmi nümunələri sür᾽ətlə Avropada da yayıldı.
Doktor Qustav Loben belə yazır:
«Kitab və kitabxanaların Avropa xalqları nəzərində heç bir dəyəri olmadığı və bütün kilsə və monastırlarda cəmi 500 cild dini kitab mövcud olduğu dövrdə, İslam ölkələrində kifayət qədər zəngin kitabxanalar var idi. Bağdaddakı «Beytul-Hikmət» kitabxanasında 4 milyon kitab, Qahirədəki «Səltənət» kitabxanasında bir milyon, Şamdakı «Trablos» kitabxanasında 3 milyon kitab mövcud idi. O dövrdə müsəlmanların əlində olan İspaniyada təkcə bir ildə 80 minə yaxın cild kitab hazırlanırdı».
Qərb tarixçilərindən biri belə yazır:
«Mustənsiriyyə şəhərində çox böyük və əzəmətli binası olan, İslam dünyasında görünməmiş bir universitet var idi. Burada ayrı-ayrı fəaliyyət göstərən dörd mədrəsə yerləşirdi. Hər mədrəsədə 75 tələbə və dörd ustad olurdu ki, bunların hamısı aylıq məvaciblə tə᾽min edilirdi. 300 tələbənin hər birinə ayda bir qızıl dinar verilirdi. Universitetin yeməkxanasında onlar pulsuz yeməklə tə᾽min olunurdular. Bundan əlavə, burada xəstəxana və böyük bir kitabxana mövcud idi. Universitetin özünün hamamı və qida məhsulları ilə dolu olan anbarları da var idi. Nəzərə almaq lazımdır ki, bütün bunlar 13-cü əsrin əvvəllərində mövcud olmuşdur!»
Doktor Maks Meyerhof isə belə yazırdı:
«İstanbulda 80-dan artıq kitabxana var ki, burada on minlərlə kitab toplanıb. Qahirədə, Dəməşqdə, Mosulda, Bağdadda və İranda bir-birindən böyük çoxlu kitabxanalar mövcuddur. Təəssüf ki, bu kitabxanalarda yığılmış kitablardakı mə᾽lumatlar müasir dünya tərəfindən çox az araşdırılıb. Nəzərimcə, gələcəkdə dünya alimləri İslami elmlərə daha artıq əhəmiyyət verərək, bu qiymətli xəzinələri öyrənməyə çalışacaq».
Doktor Qustav Loben belə yazır: «Müsəlmanların müxtəlif elmləri öyrənməyə yüksək əhəmiyyət göstərməsi doğrudan da çox heyrətamizdir. İslam fəthləri zamanı onlar tutduqları hər bir şəhərdə birinci olaraq məscid və mədrəsələr inşa edirdilər. 12-ci əsrin alimlərindən olan Bencamen Tuvel yazırdı ki, mən təkcə İskəndəriyyə şəhərində 20 elmi labaratoriya görmüşdüm. Bağdad, Qahirə və başqa müsəlman şəhərlərində çoxlu elmi mərkəzlər, labaratoriyalar, kitabxanalar və rəsədxanalar mövcud idi. Halbuki, Avropada ilk kitabxana bundan 400 il sonra Parisdə tə᾽sis edilmişdi».
Müsəlmanların dünya mədəniyyəti qarşısındakı xidmətləri təkcə elmi tədqiqat və kəşflərlə bitmir. Kitabların yazılması, qorunması və elmlərin yayılmasını da buna əlavə etmək olar.
Müsəlmanlar bütün dünyada elm və maarifin yayılmasından ötrü çox böyük işlər görmüşlər. Onların avropalılara bəxş etdikləri elmi mə᾽lumatları nəzərə alsaq, müsəlmanların həqiqətən qərblilərə bir neçə əsr müddətində həqiqi mə᾿nada müəllimlik etdiyini başa düşərik. Maraqlısı da budur ki, avropalılar müsəlmanlar vasitəsilə qədim Yunan və Roma mənbələrini öyrənməyə başlamışdılar.
Orta əsrlərdə Avropa cəhalət və nadanlıq içərisində boğulurdu. Xalq qəribə bədbəxtlik şəraitində yaşayırdı. Onların hökmdarları müalicə üçün, elm axtaran adamları isə bilik qazanmaqdan ötrü İslam universitetlərinə üz tuturdular. Qahirə, Bağdad, İstanbul və İsgəndəriyyə universitetləri dövrün müasir təcrübə və tədqiqat labaratoriyaları ilə fəxr edə bilərdilər.
Jozef Mak-Kap orta əsrlərdə müsəlmanların elm və maarif sahəsindəki tərəqqisini belə göstərirdi:
«Hətta ən aşağı ictimai təbəqə kitab oxumaq üçün təşnə idi. Kasıblar ən az yeməklə və köhnə geyimlə kifayətlənib, axırıncı pulları ilə kitab alırdılar. Yüksək elm sahiblərinin arasında çoxlu qadınlar da var idi!»
Nehru müsəlmanların Əndəlusdakı əzəmət və qüdrəti haqqında belə deyirdi:
«Burada əhalisi bir milyondan artıq olan müsəlman şəhəri var idi. Həmin şəhərdə 20 km. uzunluğunda olan bir bağ salınmışdı. Şəhərdə 60 min saray və qəsr, 200 min kiçik ev, 80 min dükan, 3800 məscid, 800 ümumi hamam mövcud idi.
Bu şəhərdə çoxlu kitabxanalar, o cümlədən 400 min kitabı olan böyük «Əmir kitabxanası» var idi.
Tarixçilərdən biri deyir ki, müsəlman İspaniyasında hamı yazıb-oxumağı bilirdi. Halbuki xristian Avropasında ruhanilərdən başqa hətta ən yuxarı təbəqənin böyük bir hissəsi savadsız idi».
Dostları ilə paylaş: |