KİMYA ELMİ
Cabir ibni Həyyan İmam Sadiq (ə)-ın şagirdi və böyük elmi şəxsiyyətlərdən biri olmuşdur. O, kimya elmində fövqəladə məharət qazanmışdı. Maks Hof onun barəsində belə deyir: «Cabir bütün dünyada ərəb kimyasının atası sayılır. Onun yüz cildə yaxın kimya elminə dair kitabı hələ də əllərdədir və həmin kitabların müasir kimyaya nüfuzu çox güclüdür».
Mərhum Əllamə Seyyid Şəhristani yazırdı: «Mən Cabirin qədim xəttlə yazılmış 50 cild kitabını görmüşəm. O, bu kitablarda hər hansı bir elmi mövzu barədə fikir söyləməzdən əvvəl, onları İmam Sadiqə (ə) nisbət verir. Cabirin kitablarından 500 cildi çap edilib. Bundan daha çox sayda Berlin və Paris kitabxanalarında yəqin ki, hələ də qalmaqdadır».
Avropa alimləri ona «hikmət ustadı» ləqəbini veriblər və adını daim əzəmətlə yad edirlər. Onlar e᾽tiraf edirlər ki, indiyədək kəşf olunan elementlərdən on doqquzunu vaxtilə Cabir kəşf etmişdir. Cabir özü belə deyirdi: «Bütün bu elementlər öz mənşəyini maddənin tərkibindəki güclü elektrik sahəsinə malik olan çox xırda, müşahidə olunmayan zərrəcikdən alırlar.»
Cabir qəribə bir şəkildə atomun ətrafında fırlanan elektron haqqında mə᾽lumat verir!
Doktor Qustav Loben yazır: «Müsəlmanlar bu gün də lazımlı olan bir çox maddələri kəşf etmişdilər. Təəssüflər olsun ki, müsəlman alimlərinin çoxlu qiymətli əsərləri məhv olub aradan getmişdir. Mövcud olan kitablarda onların əldə etdiyi kimyəvi tərkibləri nəzərdən keçirdikdə, bu sahədə hansı böyük müvəffəqiyyətlər qazandıqlarını aydın dərk etmək olur.
Rənglərin düzəlməsi, filizlərin çıxarılması, polad istehsalı və dabbağçılıqdakı məharətləri sübut edir ki, onlar sənətkarlıq sahəsində də kimya elmindən istifadə edirmişlər.
İndiki kimya kitablarında Lavuazye bu elmin banisi adlandırılır. Bu tamamilə yanlış bir fikirdir. Halbuki min illik tarixə malik olan İslam kimyaşünaslığı mövcud olmuş və müəyyən inkişaf səviyyəsinə yüksələ bilmişdi».
Corc Zeydan yazır: Şübhə etmək olmaz ki, müsəlmanlar öz təcrübə və tədqiqatları ilə yeni kimya elminin əsasını qoymuşlar. Onlar bir çox kimyəvi tərkibləri kəşf etmişlər. Yeni kəşflər də məhz həmin kəşflərdən faydalanmaqla müasir vəziyyətə gəlib çıxa bilmişdir. Bundan əlavə, müsəlman kimyaçıları elə şeylər kəşf ediblər ki, onlar bizə yalnız ümumiləşdirilmiş formada gəlib çatıb. Amma, onların necəliyi barəsində hələ də dəqiq mə᾽lumatımız yoxdur».
Doktor Hof, Razi haqqında belə yazır: Onun «Kimya sənəti» kitabı son zamanlarda bir hind şahzadəsinin kitabxanasından tapılmışdı. Razi bu kitabda müxtəlif maddələrin təsnifatını vermiş və onların hər birinin xassələrini dəqiqliklə göstərmişdir».
Vill Dorant yazır: «Kimyanın elm kimi formalaşması müsəlmanların təşəbbüslərinə bağlıdır. Çünki onlar dəqiq elmi müşahidələr və təcrübələr apararaq, bu elmin təşəkkül tapmasında müstəsna rol oynamışlar. Müsəlmanlar bir çox maddələri tərkib hissələrə bölə bilmiş, daşların təsnifatını tərtib etmişlər. Turşu və qələvilərin xassələrini aydınlaşdırmış, onların rolunu dəqiq müəyyənləşdirə bilmiş və yüzlərlə yeni tibbi dərmanlar aşkar etmişlər. Dəmirin qızıla çevrilməsi ideyasından əl çəkib, həqiqi kimyanın məsələlərilə dərindən məşğul olmuşlar. İslam alimlərinin, müəllifləri bəlli olmayan kimyaya dair çoxlu kitabları latıncaya tərcümə edilib və həmin əsərlər Avropada bu elmin inkişafında vəsfolunmaz tə᾿sir göstərmişdir».
SƏNAYE
Abbasi xəlifəsi Harunun dövründə icad olunan ilk saat böyük sənət nümunəsi sayılırdı. Müsəlmanlar tərəfindən ixtira edilən bu saatı Harun hədiyyə kimi Fransa kralına göndərmişdi. Doktor Qustav Loben bu barədə belə deyir: «Harun Ər-Rəşid Fransa kralı üçün çoxlu hədiyyələr göndərmişdi. Onlardan ən mühümü vaxtı göstərən bir saat idi. Hər saat tamam olduqda o, zəng vururdu. Fransa kralı və onun ə᾽yanları bundan mat-məəttəl olmuşdular. Sarayda heç kim bu saatın «sirrini» başa düşə bilmirdi».
Doktor Loben sözünə davam edir: «Ərəblər Əndəlosdan (indiki İspaniya) çıxarıldıqdan sonra bu diyar tənəzzülə uğradı. Tarixdə belə bir qısa müddətdə bu cür şiddətli tənəzzülə düçar olan ikinci ölkə görünməyib. Elm, sənət, əkinçilik xülasə bütün sahələrdə mövcud olan tərəqqi az bir zamanda məhv olub getdi. 400 min əhalisi olan Madriddə 200 mindən də az adam qalmışdı. Şəhərlərdəki e᾽malatxanalar yavaş-yavaş dağılmağa başladı».
Həmin fransız alimi qeyd edir ki, ilk dəfə pambıqdan kağız istehsal etməyi öyrənənlər müsəlmanlardır. O, deyir: «Orta əsrlərdə uzun müddət avropalılar dəri üzərində yazı yazırdılar. Bu da çox baha başa gəldiyindən kitabların böyük həcmlə nəşr olunmasında maneçilik törədirdi. Dəri o qədər az tapılırdı ki, yunan və rum rəhbərləri qədim kitabları yığıb, onlardakı yazıları pozaraq, əvəzinə xristian məzhəbi mətnlərini yazmağı əmr etmişdilər. Əgər müsəlmanlar kağızı icad etməsəydilər, rahiblər əllərində olan bütün qədim kitabları məhv edəcəkdilər. Müsəlmanların kağızı ixtira etməsi, doğrudan da elmə böyük töhfə idi.
Kasiri «Eskorial» kitabxanasında 1009-cu ildə kağız üzərində yazılmış bir kitab aşkara çıxarmışdı. Bu kitabdan mə᾽lum olurdu ki, ilk dəfə dəri əvəzinə kağızdan istifadə edənlər məhz müsəlmanlar olmuşlar. İpəkdən kağız ixtira edilməsini çinlilərə nisbət verənlər belə e᾽tiraf ediblər: «İpəkdən olan kağız Avropaya çatmamışdı. Çünki Avropada ipək yox idi. Müsəlmanlar birinci olaraq pambıqdan kağız istehsal edib, onu avropalılara tanıtdırdılar. Kağız üzərində yazılmış müsəlmanların çoxlu qədim kitabları mövcuddur. Onlar elə yüksək keyfiyyətli kağız əldə etmişdilər ki, hətta indinin özündə də belələrinə rast gəlmək olmur!»
RİYAZİYYAT
Baron Karra De Vu yazırdı:
«Müsəlmanlar müxtəlif elmlərdə böyük müvəffəqiyyətlər əldə etmişdilər. Onlar ədədlərin işlədilməsini xalqa öyrətmişdilər...
Onlar cəbri dəqiq elm səviyyəsinə qaldırdılar və onu inkişaf etdirdilər. Təhlili həndəsənin əsasını qoydular. Şübhə yoxdur ki, səthi üçbucaqlar və dairələri (triqonometriya) onlar kəşf etdilər. Xristian Qərbinin başı müharibə və çəkişmələrə qarışdığı vaxt, müsəlmanlar elmləri tədqiq edir və öz mə᾽nəviyyatlarının qorunmasına çalışırdılar».
Müsəlmanlar riyaziyyat, həndəsə və triqonometriya sahələrində çoxlu kəşflər etmişlər. Avropalılar onlardan bu elmlər barəsində çox şey öyrənmiş və hal-hazırda da həmin mə᾽lumatlardan istifadə edirlər. Avropalıların bu gün işlətdikləri riyazi terminlərin çoxunun ərəb mənşəli olması buna ən yaxşı sübutdur. Alqebra ərəbcə əl-cəbr deməkdir. Fransız dilində hesab rəqəmlərinə «ərəb rəqəmləri» deyilir.
Müsəlman riyaziyyatçılarının keçmişdə etdiyi mühüm kəşflər hələ də diqqət mərkəzindədir. Onlar səma cisimlərinin hərəkətlərini öyrənmək və hesablamaq üçün nəzərdə tutulan «üstürlab» rəsəd alətini kəşf etmişlər. Triqonometriya və onun terminləri də müsəlman riyaziyyatçılarının kəşfləri nəticəsində meydana çıxıb. Bir ingilis tarixçisi yazırdı ki, biz avropalılar riyaziyyat elmlərinin hamısını məhz müsəlmanlardan öyrənmişik.
Dostları ilə paylaş: |