SƏQİFƏ QOVĞASI
Həzrət Əli (ə) və bir neçə başqa Haşimi həzrətin dəfni ilə məşğul olduqları vaxt ənsar və mühacirlərdən ibarət bir qrup müsəlman Mədinənin Sayiban məhəllində toplaşdılar. Bu məhəl həmin gündən İslam tarixindəki dönüş məhəlli oldu.
Ənsar xətiblərindən olan Sabit ibn Qeys Səd ibn İbadə, eləcə də, Ovs və Xəzrəc qəbilələrindən bir neçə başçını götürüb bəni-Saidənin səqifəsinə (mənzilinə) üz tutdular. Həmin yerdə iki tayfa arasında xəlifə seçimi ilə bağlı ixtilaf düşdü və bu ixtilaf mühacirlərin xeyirinə tamamlandı.
Digər bir tərəfdən mühacirlərdən biri ənsarın toplantısı haqqında Ömərə xəbər verdi. Ömər özünü dərhal Əbu-Bəkrə çatdırdı və ona həmin məsələ barədə məlumat verdi.
Əbu-Bəkr də öz növbəsində Əbu-Übeydəni xəbərdar etdi. Bir sözlə, bu üç şəxs ətrafdakı adamlarla birlikdə səqifəyə doğru tələsdilər. Ənsardan olanlar Səd ibn İbadə haqqında danışdıqları vaxt onlar məclisə daxil oldular.
Sünni alimlərinin əlində bəhanəyə çevrilmiş səqifə toplantısı haqqında ətraflı danışsaq məsələ daha aydın olar.
Həmin məclisdəki məşhur adamların adlarını sadalayaq: Əbu-Bəkr, Ömər, Əbu-Übeydə, Əbdür-Rəhman ibn Ovf, Səd ibn İbadə, Sabit ibn Qeys, Osman Əfvan, Haris ibn Haşim, Həssan ibn Sabit, Bişr ibn Səd, Hübab ibn Mənzər, Müğeyrə ibn Şöbə, Üseyl ibn Xuzəyr. Bu adamlar bir yerə toplandıqdan sonra Sabit ibn Qeys ayağa qalxdı və mühacirlərə müraciətlə dedi: «Artıq Peyğəmbərlərin üstünü və Allahın rəhməti olan peyğəmbərimiz aramızdan getmişdir. Əlbəttə ki, özümüz üçün xəlifəni biz seçməliyik. Bu xəlifə həm də ənsardan olmalıdır. Çünki ənsar həzrət Peyğəmbərə xidmətdə mühacirlərdən irəli olmuşlar. Həzrət əvvəlcə Məkkədə olmuşdu. Siz mühacirlər onun möcüzə və kəramətlərini gördüyünüz halda onu incitmişdiniz. Beləcə, o hicrət etməyə məcbur olmuşdu. Peyğəmbər Mədinəyə daxil olan kimi biz ənsar onu himayə etdik, əziz tutduq. Şəhərimizi və evlərimizi siz mühacirlərin ixtiyarına verdik. Əgər bu dəlillər qarşısında bir dəliliniz varsa deyin. Ya da bizim fəzilət və fədakarlıqlarımıza baş əyib, vəhdətimizin qırılmasına səbəbkar olmayın».
Bu sözlərdən çox narahat olan Ömər qalxdı və cavab vermək istədi. Amma Əbu-Bəkr Ömərə mane olub ənsarın cavabını özü verdi: «Ey Qeys oğlu, Allah sənə rəhmət etsin, dediklərin həqiqətdir. Sənin dediklərini qəbul edirik. Amma bir qədər də mühacirlərin fəzilətlərinə qulaq asın. Həzrət Peyğəmbərin (s) bizim haqqımızda dediklərini yada salın. Əgər siz bizə sığınacaq vermisinizsə, unutmayın ki, biz də Peyğəmbər və Allah dininə xatir evlərimizi, güzaranımızı qoyub gəlmişik. Allah öz kitabında bizim başımızı ucaldıb və buyurub ki, mühacirlər Allahın razılığını əldə etmək xatirinə hicrət etmişlər. Gəlin siz də bizə tabe olun. Keçmişdə də ərəblər yalnız Qüreyşə tabe olmuşlar. Həzrət Peyğəmbər (s) özü də Qüreyşə itaəti əmr etmişdir. Sizi Qüreyşə itaətə dəvət etməkdə heç bir qərəzim yoxdur. Xilafəti özüm üçün yox, bütün müsəlmanların faydası üçün istəyirəm. İndi Ömər və Əbu-Übeydə buradadırlar. Onlardan birinə beyət edin».
Sabit ibn Qeys bu sözləri dinlədikdən sonra mühacirlərə ikinci dəfə müraciət edib dedi: «Əbu-Bəkrin bu iki nəfərə beyət haqqındakı fikri ilə razısınız, yoxsa onun özünü xilafətə seçirsiniz?» Mühacirlər dedilər: «Əbu-Bəkr Siddiq hər nə deyirsə, biz qəbul edirik».
Sabit ibn Qeys onların bu sözündən istifadə edib dedi: «Siz deyirsiniz ki, Peyğəmbər (s) Əbu-Bəkri müsəlmanlara xəlifə təyin edib, özü xəstələndiyi vaxt onu namaza göndərib. Əgər belədirsə, onda Əbu-Bəkr Peyğəmbərin (s) göstərişindən boyun qaçırır və xilafət kürsüsünü Ömər və ya Əbu-Übeydəyə tapşırır. Yox əgər Peyğəmbər belə bir göstəriş verməyibsə, nə üçün onun adından yalan danışırsınız?» Sabit ibn Qeys bu bir neçə iti sözlə Əbu-Bəkrin cavabını verdi. O, mühacirin sözlərinə uymadı. Ənsar da Sabit ibn Qeysin sözlərindən ruhlanıb, öz əqidələrində daha da möhkəm dayandı. Bu vaxt Hübab ibn Mənzər ayağa qalxıb dedi: «Ənsarın xidmətləri hamıya aydındır və heç bir izahata ehtiyac yoxdur. Əgər mühacirlər bizi qəbul etmirlərsə, biz də onlara tabe olmuruq. Bu halda sizin öz, bizimsə öz əmirimiz olar». Səd ibn İbadə haray çəkdi ki, bir dində və bir hökumətdə iki əmirin olması əqli və məntiqi iş deyil». Bu məqamda ənsarın iki qəbiləsi arasında (Ovs-Xəzrəc) ixtilaf yarandı. Ovs qəbiləsi, xüsusi ilə Bişr ibn Səd, Səd ibn İbadənin xəlifə olmaması üçün mühacirlərlə razılığa gəldi. Amma Xəzrəc tayfası da asanlıqla təslim olmadı. Nəticədə səs-küy ətrafı bürüdü, əllər qılınclara uzandı. Az qala böyük bir fitnə qopacaqdı. Ovs tayfasının başçısı da Xəzrəclə əlaqəsini kəsdi.
Ömər ənsar arasındakı bu ixtilafdan istifadə etdi. O dedi: «Bişr ibn Səd və Üseyd ibn Xuzəyr razılığa gəldikləri üçün xəlifə yalnız Qüreyşdən ola bilər. Müxtəlif ərəb qəbilələrinin birləşməsi üçün Hübab ibn Mənzərin dediyi kimi, iki xəlifə ola bilməz. Bunun nəticəsi yalnız fitnə-fəsad olar. Demək, siz hamınız mühacirlərə itaət etsəniz, yaxşı olar. Belə olsa, fitnə-fəsad yaranmaz, müsəlmanlar da vəhdət yolunu tutarlar».
Ömərin danışığı və Ovsla Xəzrəc arasındakı ixtilaf ənsarın ruhiyyəsini sarsıtsa da, ənsardan bir qrupu ayağa qalxıb o birilərini Ömərin təsiri altına düşməməyə çağırdılar.
Ömər yenidən mühacirlərin fəzilətləri haqqında danışdı. Ənsarı qorxu ilə ümid arasında qoydu. Sonra Əbu-Bəkrin əlindən tutub dedi: «Ey camaat, budur Peyğəmbərin mağara yoldaşı və sirlərinin sahibi. Bu şəxsə beyət üçün tələsin. Allahın və onun rəsulunun razılığını qazanın». Qədire-Xum əhvalatında qeyd olunduğu kimi, Peyğəmbər Allahın razılığını Əlinin canişinliyində görürdü. Qədire-Xum günü ilə səqifə günü arasında cəmi yetmiş günlük bir fasilə vardı. Səqifədəkilər necə də unutqandılar!
Ənsardan bir qrupu Ömərlə razılaşdı və öz qohumlarına dedi: «Ömər insafla danışdı. Ona qarşı çıxmaq yaxşı deyil». Ənsar artıq anladı ki, bəxt quşu mühacirlərin başı üzərinə kölgə salır. Çünki çoxları mühacirlərin xəlifəliyi ilə razılaşmışdı.
Dostları ilə paylaş: |