MÜQƏDDİMƏ
Həmd-səna yaranışın ölçülü vücuduna varlıq libası geyindirmiş və əbədi qüdrət təcəllalarını təbiət əsərlərində nümayiş etdirmiş Allaha layiqdir.
Uca pərvazlı xəyal quşu Onun sonsuz qüdrət fəzasında uçmaqda acizdir. İti ağıl və düşüncə köhləni Onun əbədiyyət biyabanında çapmaqda geri qalır. O, səmavi şərit bələdçilərini yaranmışların təkamülü üçün parlaq çıraq qərar verdi, insan cəmiyyətlərinin nizamını onun hökm və qanunlarına itaətdə müəyyənləşdirdi.
Bəşər aləminin tərbiyəçiləri, tövhid və həqiqət yolunun bələdçiləri olmuş peyğəmbərlik və vilayət ailəsi saysız salama layiqdir.
Bu kitabın əziz oxucuların qarşısında açılan səhifələrində elə bir şəxsiyyətin haqqında danışılır ki, heç şübhəsiz, bu vaxtadək bir belə fəzilətə sahib olan insan haqqında bir yerdə yazılmamışdır. Hələ ki yaradıcılıq və ixtira fırçası belə bir əlvan və cazibədar təsvir nəqş etməmişdir.
İmamiyyə şiələrinin birinci imamı həzrət Əmirəl-möminin Əli ibn Əbitalib (ə) haqqında çoxsaylı kitablar yazılıb, yetərli araşdırmalar aparılmışsa da, əlinizdəki kitabda mövzular daha sadə şəkildə tərtib olunmuşdur. Kitab həzrəti tanıtdırmaq məqsədi ilə yazılmış və mətnlərdə aşağıdakı məsələlər nəzərdən keçirilmişdir.
Kitabda sadə, rəvan, eyni zamanda səlis ifadələrdən istifadə olunmuş, çətin anlaşılan terminlərə yer verilməmişdir.
Kitabdakı mövzulara təəssüb və qərəzsiz yanaşılmışdır. Müasir elmdə qəbul olunmayan əsassız bəyanlar və zəif xəbərlərdən pəhriz olunmuşdur.
Həzrət Əlinin (ə) xilafətinin sübutunda təəssüb göstərilməmiş, şiə kitablarına, demək olar ki, müraciət olunmamışdır. İstənilən bir bəhanənin qarşısını almaq üçün sünnə əhlinin mötəbər kitablarına istinad edilmişdir.
Həzrət Əlinin (ə) imaməti ilə bağlı ayə və hədislərin zikrindən əlavə, digər kitablarda bir o qədər də diqqət yetirilməyən əqli və üsuli iki dəlil göstərilmişdir.
Şiə əqidəsinin sübutu üçün zəruri sayılan məsələlər ümumi mötəbər kitablardan götürülmüş, kitabın haşiyələrində mənbələr göstərilmişdir.
Yuxarıdakı nöqtələri nəzərə almaqla, Allahın lütfünə ümid edib, müttəqilər mövlası Əlinin (ə) ruhundan yardım diləməklə kitabdakı mövzuları belə tənzimləmişik:
Peyğəmbər zamanında həzrətin həyatı;
Həzrətin Peyğəmbərdən sonrakı həyatı;
Həzrət Əlinin (ə) xilafət dövrü;
Həzrət Əlinin (ə) şəxsiyyəti və əxlaqi fəzilətləri;
Həzrət Əlinin (ə) Peyğəmbərdən sonra dərhal xilafətə çatma haqqının sübutu;
Həzrət Əlinin (ə) səhabələri və övladları;
Həzrət Əlinin (ə) buyuruqları.
Qeyd etməliyik ki, bu kitab ilk dəfə şəmsi 1337-ci ildə çap olunmuşdur. Günbəgün artan diqqət və oxucular tərəfindən maraqla qarşılanması səbəbindən bu kitab bu günədək doqquz dəfə nəşr olunmuşdur. Təkrar çap səbəbindən bəzi hərflər və sözlər yaxşı oxunmadığından və hərflərin yenidən yığılmasına ehtiyac olduğundan müəllif aradakı vaxtı fürsət sayaraq kitabda bəzi dəyişikliklər etmiş, mötəbər mənbələrə müraciət edərək, bəzi dəyərli məlumatları artırmış və ifadələri daha da sadələşdirmişdir. Belə ki, kitab onuncu dəfə çapa gedərkən onda həm kəmiyyət, həm də keyfiyyət dəyişiklikləri edilmişdir. Nəticədə kitab bir qədər də cazibədar olmuş, vilayət şahının iftixarlı həyatı və ali şəxsiyyəti ilə tanışlıq daha da asanlaşmışdır. Beləcə, əsl mövzular qorunmaqla kitaba əl gəzdirilmiş və o hazırkı şəkildə zövq və bəsirət sahiblərinin ixtiyarına təqdim olunmuşdur. Olsun ki, yaranış aləminin əntiq əsərlərindən olan Həzrətlə tanışlıq istiqamətində irəliyə doğru qədəm götürülə. Əlbəttə ki, həzrət Əlini (ə) onu yaradandan başqa kimsə kamil şəkildə tanıya bilməz. Həzrət Peğyəmbər (s) həzrət Əliyə (ə) buyurur: «Səni Allahdan və məndən başqa kimsə yetərincə tanımadı». Ümid edirik ki, bu kitabın mütaliəsi oxucular üçün faydalı olacaq. Bu ali məqsədin öhdəsindən kamil şəkildə gələ bilməsək də, ümid edirik ki, dəryadan bir damla götürmüş olaq.
Çəkə bilməsən də dənizin suyun,
Azca içsən yatar bil susuzluğun.
Dostları ilə paylaş: |